İctimai nəqliyyatda sizə yer verməyənə irad bildirməyin… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan sosial çağırış
Metro və avtobuslarda hər gün rastlaşdığımız mənzərə göstərir ki, ictimai nəqliyyatda davranış qaydaları ilə bağlı hələ də kifayət qədər problem var.
Versus.Az yazır ki, mövzu ilə bağlı hafta.az-a ictimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov müsahibə verib.
– İctimai nəqliyyatda davranış mədəniyyətini necə xarakterizə edərdiniz?
– Son illər ictimai nəqliyyatda, xüsusən də avtobus, metro, elektrik qatarı, eləcə də şəhərlərarası nəqliyyat vasitələrində müəyyən problemlərin həlli ilə bağlı maraqlı layihələrin şahidi oluruq. Kondisionerli avtobuslar, elektrobuslar, elektrik qatarları, yeni metro qatarları və digər müasir nəqliyyat vasitələri istifadəyə verilir. Bu, ilk baxışdan sərnişin və sürücü münasibətlərinin, eyni zamanda ictimai nəqliyyatda davranış mədəniyyətinin yenilənməsinə, daha sivil və dünyada qəbul olunmuş etik normaların tətbiqinə şərait yaratmalıdır. Təəssüf ki, ictimai nəqliyyatda insanların bir-birinə kobud davranışından, sürücü ilə sərnişin arasında baş verən münaqişələrdən görünür ki, hələ də bu istiqamətdə çoxsaylı işlər görülməlidir. Müxtəlif informasiya vasitələrində, internetdə, sosial şəbəkələrdə və televiziyada bu mövzuda maarifləndirici materiallar hazırlanmalı, ictimai nəqliyyatda davranış mədəniyyəti ilə bağlı mövcud boşluqlar aradan qaldırılmalıdır.
– Oturacaq məsələsində – kişi, qadın, uşaq və yaşlıların davranışında hansı sosial və mədəni problemlər daha çox nəzərə çarpır?
– Bir vaxtlar, demək olar ki, keçmişdə sıx və köhnə avtobuslarda yol gedən sərnişinlər bir-biri ilə mədəni, tərbiyəli davranır, kobud ifadələr işlətmirdilər. Sürücülər də sərnişinlərə qarşı fiziki və ya psixoloji təzyiq göstərmədən öz işlərini görürdülər. İstər metroda, istər avtobusda müəyyən davranış qaydalarına əməl olunurdu. Məsələn, növbələr olurdu, hər kəs növbəsi çatanda avtobusa minirdi. Müasir dövrdə isə bəzən tam əks mənzərənin şahidi oluruq. Sumqayıt da daxil olmaqla, milyonlarla insan paytaxt Bakı və ətraf kənd və qəsəbələrdə məskunlaşıb. Buna görə də ictimai nəqliyyatın üzərinə çox böyük yük düşür. Təəssüflər olsun ki, nə qədər yeni avtobuslar alınsa, metro stansiyaları artırılsa, avtobus və nəqliyyat parkları yaradılsa, müxtəlif tənzimləmələr aparılsa da, yenə də müəyyən problemlər qalmaqdadır. Əsas marşrut avtobuslarının hərəkəti ilə yanaşı taksilərin də nizamsız fəaliyyəti sərnişin və ictimai nəqliyyatda çalışan insanlar üçün problemlər yaradır.
Bu çatışmazlıqlar həm ictimaiyyət tərəfindən müzakirə edilməli, həm ictimai debatlara çıxarılmalı, həm də ictimai qınaq yolu ilə diqqətdə saxlanılmalıdır ki, problemlər daha tez həll olunsun.
– İctimai nəqliyyatda yaşlılara, hamilə qadınlara və uşaqlı sərnişinlərə yer vermək kimi davranışlar da bəzən ürəkaçan olmur. Yalnız kimsə irad bildirəndən sonra onlara yer verilir. Problem tərbiyədədir, yoxsa sosial məsuliyyət hissində?
– Milli adət-ənənələrimizdə ilk növbədə hamilə qadınlara, uşaqlara, yaşlılara və xəstələrə ictimai nəqliyyatda yer verilməsi mühüm davranış qaydalarından biri olub. İctimai nəqliyyatda onların rahat şəkildə əyləşməsini təmin etmək sanki ümumi davranış kodeksimizin bir hissəsinə çevrilib. Keçmişdə kişilər, hətta oğlan uşaqları qadınlara ehtiram əlaməti olaraq avtobusa ön qapıdan deyil, arxa qapıdan daxil olurdular. Əgər oturacaqda yer olmazdısa, salonda qadın, qız, uşaq və ya yaşlı insan olduğu halda onlara yer verərdilər. Amma dünya dəyişir. Azərbaycan insanı da ictimai nəqliyyatda dünyada qəbul olunan müəyyən davranış qaydalarını nəzərə alır. Bu səbəbdən bəzən müxtəlif konfliktlərlə rastlaşırıq.
– “İctimai qınaq” anlayışı nə dərəcədə işləkdir?
– Yaşlı insanlar və ağır fiziki işdən çıxan gənclərlə bağlı bəzən xoşagəlməz hallar baş verir. Bəzi insanlar onlara qarşı kobud davranır, təhqiredici ifadələr işlədir, böyüklərə yer vermədiklərinə görə onları ictimai qınağa məruz qoyurlar. Belə vəziyyətlərdə insanlar psixoloji təzyiqə məruz qala bilirlər. Konflikt bəzən söz davasına, daha sonra isə fiziki qarşıdurmaya qədər gedib çıxa bilir. Məncə, buna bir qədər ehtiyatlı yanaşmaq lazımdır. Həm yaşlı nəslin nümayəndələri, həm də gənclər bu məsələdə daha fərqli və anlayışlı davranmalıdırlar.
– İctimai davranış normalarını qorumaqla şəxsi sərhədlərə müdaxilə arasında balans necə qurulmalıdır?
– İctimai davranış cəmiyyətin ümumi dəyərlər sisteminin əsas hissələrindən biridir və insanlar çalışmalıdırlar ki, özlərini mədəni və sivil aparsınlar. Bu qayda hər yerdə tətbiq olunmalıdır. Yalnız öz mənafeyini düşünərək başqasının mövqeyini, mənafeyini, şəxsiyyətini və nüfuzunu nəzərə almamaq düzgün deyil. Kimsə sizə yer verirsə, təşəkkür etmək lazımdır, amma kimsə yer vermirsə, buna görə böyük konflikt yaratmaq da doğru deyil. Əgər ictimai nəqliyyatda xəstə, fiziki imkanları məhdud insan varsa, sosial xidmət sahəsində bu istiqamətdə imkanlar mövcuddur. Xüsusi sifariş verməklə həmin şəxslərin bir yerdən başqa yerə getməsi təmin edilə bilər.
Ümumiyyətlə, ictimai nəqliyyatda kimlərəsə yer vermək könüllü şəkildə, etik davranış naminə edilməlidir və heç kim buna görə başqa bir insana kobud şəkildə irad bildirə bilməz. Çünki hər birimiz ictimai nəqliyyatda sərnişin statusuna malikik, kimsə daha çox pul ödəyərək avtobusda xüsusi oturacaq almır. Əgər kimsə ailəsi, uşaqları və ya yaşlı yaxınları ilə daha rahat getmək istəyirsə, taksi xidmətindən istifadə edə bilər.
Bir sözlə, özbaşına hansısa sərnişinə əmr tonunda nəsə demək, onu məcbur etmək və ya növbəyə əməl etməyə məcbur etmək düzgün deyil. Bu, ictimai qınaq deyil, əksinə, özü mənfi davranış nümunəsinə çevrilə bilər.
Bu baxımdan, yaşlı nəslin nümayəndələrinin də dünyada qəbul olunan müasir davranış qaydalarını nəzərə alması və yeni şəraitə uyğunlaşması daha düzgün olardı.
İctimai davranış və ümumiyyətlə insanların mədəni davranış normalarının formalaşmasında, ilk növbədə, ailənin, eyni zamanda məktəbin və pedaqoji kollektivin rolu xüsusi əhəmiyyət daşıyır.
– İctimai nəqliyyatda mədəni davranışın formalaşmasında ailənin, məktəbin və cəmiyyətin rolu nə qədərdir? Bu vərdişləri sonradan dəyişmək mümkündürmü?
– Əgər bir insan yol gedə-gedə çipsinin qabını, saqqızı və ya başqa tullantını yerə atırsa, təbii ki, başqaları da ona baxaraq eyni vərdişi təkrarlaya bilər. Bu vərdişləri dəyişmək üçün müxtəlif üsullardan istifadə etmək lazımdır. İctimai maarifləndirmə aparılmalı, eyni zamanda hüquq-mühafizə orqanlarının iştirakı ilə müəyyən hallarda cərimələnmə və inzibati məsuliyyət kimi tədbirlər görülməlidir. Qanunvericilikdə nəzərdə tutulan hallarda daha ciddi məsuliyyət tədbirlərinin tətbiqi də mümkün ola bilər. Əgər insanlar sistemli şəkildə bu tədbirlərlə üzləşərlərsə, dünyada və Azərbaycanda qəbul edilmiş ictimai mədəni davranış və etik normalara daha ciddi yanaşmağa başlayacaqlar.
Əslində bu normalar bizim millətin və xalqın tarixində də mövcuddur. Qadına münasibətimiz, yaşlı insanlara hörmətimiz, uşaqlara qayğımız, ailəyə və böyüklərə münasibətdə müəyyən etik qaydalara riayət etməyimiz milli davranış mədəniyyətimizin tərkib hissəsidir. Bizim vəzifəmiz bu dəyərləri müasir dövrün tələblərinə uyğunlaşdırmaqdır. Bu qaydalar yalnız evdə, toyda və yas mərasimlərində deyil, ictimai yerlərdə və ictimai nəqliyyatda da tətbiq olunanda cəmiyyət üçün daha faydalı olur.
Düşünürəm ki, bu istiqamətdə cəmiyyətin tanınmış ziyalıları, dövlət adamları, yazıçılar, sosial media nümayəndələri, jurnalistlər, teleaparıcılar və ekspertlər birlikdə daha çox iş görməlidirlər. Sosial mediada xüsusi maarifləndirici kampaniyalar və aksiyalar təşkil etmək olar. Bu mövzular teleseriallarda, filmlərdə də qabardıla bilər ki, insanların şüurunda daha möhkəm yer alsın.
– İctimai nəqliyyatda davranış mədəniyyətini yaxşılaşdırmaq üçün ən effektiv vasitələr hansılardır?
-İctimai yerlərdə, mədəniyyət ocaqlarında, müxtəlif tədbirlərdə, xüsusən də ictimai nəqliyyatda insanların davranış və etik normalara riayət etməsi ilə bağlı müxtəlif informasiya vasitələrində ekspert rəyləri, maarifləndirici materiallar hazırlanıb. Sosial şəbəkələrdə də bu mövzuda müəyyən işlər görülüb. Amma nədənsə bunların təsiri hələ də zəifdir. Çünki maarifləndirmə ilə yanaşı, ictimai nəzarət və zəruri hallarda dövlət nəzarəti və cərimə mexanizmlərinin də olması vacibdir. Bununla yanaşı, hər şeyi polisin üzərinə qoymaq, qanunun və cərimələrin öhdəsinə buraxmaq da düzgün deyil. Eyni zamanda bütün məsuliyyəti maarifləndirmənin üzərinə qoymaq olmaz. İnsanlar özləri də fərd olaraq inkişaf etməli, özlərini mədəni şəxsiyyət kimi formalaşdırmalıdırlar. İnsan ilk növbədə evində necə davranmalı olduğunu, sakitliyi, qarşı tərəfə hörməti və mədəni ünsiyyəti öyrənməlidir. Sonra həmin davranışı ictimaiyyət arasında, o cümlədən ictimai nəqliyyatda da nümayiş etdirməlidir. Belə insanlar həm yeni nəslə, həm gənclərə, həm də öz yaşıdlarına nümunə olmalıdırlar. Bu halda ictimai nəqliyyatda davranışla bağlı mövcud problemləri də tədricən həll etmək mümkün olacaq.
Arzu Zeynallı

