“Ölumsüz iz” – Şəhidləri əziz xatirəsinə həsr olunmuş mərhəmət tədbiri keçirilib

Elvin Abdullayevin dəstəyi ilə 100-dən çox şəhid ailəsi, qazi və qonaq bir araya gəldi – bütün xərclər sponsor tərəfindən qarşılandı!

9 noyabr tarixində Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Ölümsüz iz” adlı tədbir keçirilib.

Ictimai xadim, AJB-nin üzvü, Aktualxeber.az xəbər portalının Baş redaktoru və “Legend Company”nin rəhbəri Əfsanə Familqızı və onun kollektivi tərəfindən təşkil olunan bu mənəvi əhəmiyyətli layihənin reallaşmasında “Nağıl Bağ” restoranının rəhbəri Elvin Abdullayevin xüsusi və əvəzsiz dəstəyi olub.

Tədbirin əsas məqsədi Vətən uğrunda canından keçərək adlarını Azərbaycanın şanlı tarixinə yazdıran şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə ehtiram göstərmək, qazilərimizə diqqət və qayğı nümayiş etdirmək, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik ruhunu və milli həmrəyliyi daha da gücləndirmək olub.

100 nəfərdən çox insanın iştirak etdiyi tədbirdə şəhid ailələri, qazilər, jurnalistlər, ictimaiyyət nümayəndələri və müxtəlif peşə sahibləri bir araya gəliblər. Qonaqlar üçün ehsan süfrəsi təşkil olunub. Xüsusilə vurğulanmalıdır ki, tədbirdə iştirak edən heç bir şəxsdən hər hansı ödəniş tələb edilməyib. Bütün xərclər Elvin Abdullayevin sponsorluğu və dəstəyi hesabına qarşılanıb.

Elvin Abdullayevin bu xeyirxah təşəbbüsü onun sadəcə bir iş adamı deyil, həm də yüksək mənəvi dəyərlərə sahib, Vətəninə, xalqına və şəhid ailələrinə bağlı bir insan olduğunu bir daha nümayiş etdirib.

Onu digər insanlardan fərqləndirən ən mühüm məqamlardan biri isə öz ailəsinin də ağır şəhid acısı yaşamasıdır. Belə ki, Elvin Abdullayevin ailəsindən üç nəfər Vətən uğrunda şəhid olub. Üç şəhid verən bir ailənin nümayəndəsi kimi onun şəhid ailələrinin keçirdiyi hissləri dərindən anlaması, onların yanında olması və belə nəcib layihələrə dəstək verməsi xüsusi hörmətə layiqdir.

Qarabağlı olan Elvin Abdullayevin Vətənə, torpağa və milli dəyərlərə bağlılığı onun həyata keçirdiyi xeyirxah əməllərdə də özünü göstərir. O, şəhidlərimizin adının uca tutulmasına, onların ailələrinin diqqətdən kənarda qalmamasına və qazilərimizin daim ehtiramla qarşılanmasına öz töhfəsini verir.

Bu cür addımların böyük mənəvi dəyəri var. Çünki vətənpərvərlik yalnız sözlə deyil, əməllə, fədakarlıqla, ehtiyacı olanın yanında olmaqla sübut edilir. Elvin Abdullayevin “Ölümsüz iz” layihəsinə göstərdiyi dəstək də məhz belə nümunələrdəndir.

Aktualxeber.az İnformasiya Xəbər Portalının və “Legend Company”nin rəhbəri Əfsanə Familqızı və kollektivinin bu layihənin ərsəyə gəlməsi üçün göstərdiyi səylər də xüsusi qeyd olunmalıdır. Belə tədbirlərin təşkili böyük məsuliyyət, zəhmət və mənəvi bağlılıq tələb edir. Əfsanə Familqızı və komandası şəhidlərimizin xatirəsinin yaşadılması, şəhid ailələrinin bir araya gətirilməsi və cəmiyyətə nümunə olacaq xeyirxah təşəbbüslərin həyata keçirilməsi istiqamətində mühüm addım atıblar.

Sonda xüsusi təşəkkürümüzü “Nağıl Bağ” restoranının rəhbəri, dəyərli Elvin Abdullayevə bildiririk!

Hörmətli Elvin müəllim, göstərdiyiniz maddi və mənəvi dəstəyə, bu nəcib layihənin gerçəkləşməsində oynadığınız böyük rola, şəhid ailələrinə və qazilərimizə göstərdiyiniz diqqətə görə Sizə Aktualxeber.az İnformasiya Xəbər Portalı, “Legend Company”nin rəhbəri Əfsanə Familqızı və bütün kollektiv adından dərin minnətdarlığımızı bildiririk.

Üç şəhid vermiş bir ailənin nümayəndəsi olaraq şəhidlərimizin xatirəsinə göstərdiyiniz ehtiram, Vətənə və xalqımıza olan sevginiz, xeyirxahlığınız hər cür təqdirə layiqdir. Arzu edirik ki, bu gözəl əməlləriniz daim davamlı olsun, işlərinizdə uğurlar, ailənizə firavanlıq və can sağlığı nəsib olsun.

Unutmayaq ki, şəhidlər ölmür, onların adı, qəhrəmanlığı və Vətən uğrunda qoyduqları ölməz iz əbədi yaşayır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə sağlam və uzun ömür versin!

Əfsanə Nəbiyeva

Ictimai xadim, AJB-nin üzvü, Aktualxeber.az xəbər portalının Baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir