Şərqin elm işığında ucalan Azərbaycanın fədakar oğlu: Seymur Nəsirov. – Leyla Məcidova yazır
”Həqiqi alim o, kəsdir ki, onun elmi və əməli bəşəriyyətə nur saçır, izi əsrlər boyu silinməz iz kimi qalır.” Nizami Gəncəvi
Azərbaycan torpağı əzəldən bəri zəka ocağı, dahilər və mütəfəkkirlər məskəni olmuşdur. Tarix boyu bu müqəddəs torpağın övladları dünyanın dörd bir yanına elmin, mədəniyyətin, mənəviyyatın və haqqın nurunu səpmişlər. Dahi Hüseyn Cavidin “Həqiqət bir, yol bir, o da elmdir.” deyə ucaltdığı həqiqət bayrağını bu gün sərhədləri aşaraq Şərqin qədim və əzəmətli elm mərkəzi olan Misir torpağında şərəflə, ləyaqətlə və misilsiz bir fədakarlıqla dalğalandıran böyük bir zəka sahibimiz vardır. O, Astaranın füsunkar Şuvi kəndindən başlayıb Qahirənin elmi zirvələrinə, dünya miqyaslı tribunalara qədər uzanan uca bir ömür yolunun fədakar yolçusu, görkəmli tədqiqatçı-alim, Misirdə Azərbaycan Diasporunun sədri, Misirin ali birinci dərəcəli “Elm və fənlər” ordeni laureatı Seymur Rəhim oğlu Nəsirovdur.
Dahi Nizami Gəncəvi buyururdu. “Bilikdir yaşadan insanı ləğv ilə, bilikdir ucaldan göylərə el ilə.” 1976-cı il noyabrın 12-də Astara rayonunun dilbər guşəsi olan Şuvi kəndində dünyaya göz açan Seymur Nəsirov hələ uşaqlıq illərindən zəhmətkeşliyi, saflığı, fitri istedadı və elmə olan sonsuz sevgisi ilə seçilmişdir. Dünyanın harasında yaşamasından, hansı kürsüdə oturmasından asılı olmayaraq, o, öz Cənublu kökləri ilə hər zaman qürur duymuş, doğma yurdunun adını uca tutmuşdur. A. İbrahimov adına Şüvi kənd orta məktəbində aldığı təməl təhsil, Cənub torpağının mərd, zəhmətkeş və saf ab-havası onun xarakterinin büllurlaşmasında müstəsna rol oynamışdır.
Elmə olan tükənməz həvəsi onu 1994-cü ildə Bakı İslam Universitetinə gətirmiş, 1998-ci ildə bu ali təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, biliklərini daha da dərinləşdirmək məqsədilə Şərqin ən qədim və nüfuzlu elm ocağı olan Misirin Əl-Əzhər Universitetinə üz tutmuşdur. 2002-ci ildə Əl-Əzhər Universitetinin İslamşünaslıq və Ərəb dili fakültəsini uğurla başa vuran gənc tədqiqatçı bununla kifayətlənməmiş, elmin ən çətin və məsuliyyətli pillələrinə doğru inamla irəliləmişdir. 2006-cı ildə Misir Fətva İdarəsində dörd il davam edən ağır və məsuliyyətli təhsildən sonra keçmiş SSRİ məkanına daxil olan ölkələr arasında ilk dəfə fətva vermək icazəsini qazanması Azərbaycan elmi və dini-fəlsəfi fikri tarixində misilsiz bir hadisə, böyük bir tarixi Zəfər idi.
Bu yolda böyük mütəfəkkir Konfutsinin bu hikmətli kəlamı onun həyat düsturuna çevrilmişdir. “Əgər sevdiyin işlə məşğulsansa, həyatında bir gün belə işləməli olmayacaqsan.” O, elmi bir peşə deyil, ruhunun qidası, ömrünün mənası olaraq seçmişdir. Onun elmi axtarışları fasiləsiz davam etmiş, 2011-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə başa vurmuşdur. Magistr dissertasiya işi “Azərbaycanda ərəb dili və ədəbiyyatının öyrənilmə tarixi” olmuşdur. 2020-ci ildə isə eyni universitetdə,məhz Əl-Əzhər Universitetindən dəvət olunmuş alimlərin rəhbərliyi altında doktorluq təhsilini fərqlənmə ilə tamamlayan Seymur Nəsirov “Ərəb elminə xidmətdə azərbaycanlı alimlərin səyləri” mövzusunda fundamental tədqiqat əsərini ərsəyə gətirmişdir. Bu əsər əsrlər boyu İslam sivilizasiyasına və ərəb elminə misilsiz töhfələr vermiş azərbaycanlı mütəfəkkirlərin irsinin ərəb dünyasında yenidən kəşf olunması baxımından müstəsna əhəmiyyətə malikdir.
”Vətəni sevmək imandandır,” hədisi-şərifinə sadiq qalaraq, Seymur Nəsirov Misirdə və bütün ərəb dünyasında Azərbaycanın sadiq səfiri, haqq səsidir.
Dahi Mirzə Ələkbər Sabirin. “Millət səni mədḥ eyləyir, ey qabili-millət!” misraları məhz onun ərəb mətbuatındakı fədakar fəaliyyətinə ünvanlanmış kimidir. O, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məqaləsini Misir, Mərakeş, Əlcəzair, Səudiyyə Ərəbistanı, İordaniya, Suriya, Livan, Bəhreyn, Oman, Sudan, Yəmən və İraqın 100-ə yaxın nüfuzlu qəzet, jurnal və xəbər portalında ərəb dilində dərc etdirmişdir. Həmçinin hər il ərəb mətbuatında 28 May Müstəqillik Gününə, Xocalı soyqırımına və 20 Yanvar faciəsinə həsr olunan məqalələri ilə Azərbaycan həqiqətlərini milyonlarla oxucuya çatdırır.
Onun qələmindən çıxan “Ərəb dilinin yayılmasında Azərbaycanın töhfələri” (Qahirə Universiteti, 2020), “Misirdə Azərbaycan dahilərinin rolu” (“Diplomatiya” qəzeti, 2017), “Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar” (BDU, 2015), “Ərəb dilinə xidmətdə azərbaycanlı alimlərin rolu” (“İrs” jurnalı, 2015), “Nizami Gəncəvi ərəb mənbələrində” (2014) kimi qiymətli elmi əsərləri elmi ictimaiyyətin stolüstü kitabına çevrilmişdir.
Seymur Nəsirovun fəaliyyət coğrafiyası qitələri və dövrləri birləşdirir. O, illər ərzində dünyanın və Şərqin ən mötəbər simpozium, konfrans və forumlarında Azərbaycanı ləyaqətlə təmsil etmişdir.
Əl-Əzhər Universitetində “Elm və mədəniyyət: Azərbaycanı tanı” simpoziumu (2011)
Əl-Əzhər Universitetində “Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi” konfransı (2012)
Qahirə Universitetinin Siyasi elmlər və İqtisadiyyat fakültəsində “Azərbaycanın bu günü və gələcəyi” konfransı (2014)
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı (2016)
Ərəb Ölkələri Liqası, UNESCO və Əl-Əzhər Universitetinin birgə təşkil etdiyi “Radikalizmlə birgə mübarizə və dialoqun gücləndirilməsi” beynəlxalq forumu (2017)
Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlərarası və mədəniyyətlərarası dialoq” konfransı
”VI Bakı Beynəlxalq Humanitar Forumu” (2018)
Berlin və Vyanada “Dinlərarası və sivilizasiyalararası” beynəlxalq konfranslar (2018–2019)
”Dünya Dini Liderlərinin II Bakı Zirvəsi” (2019)
Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin illik beynəlxalq konfransı (2020)
Dubayda “Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Təsis Toplantısı” (2021)
Şuşada “Dünya Azərbaycanlılarının V Qurultayı” (2022)
İstanbulda “Dünya Azərbaycanlıları Elm Xadimlərinin Görüşü” və “Dünya Azərbaycanlı Alimlər Birliyi”nin (DAAB) təsis olunması (2022)
Bakıda İslamofobiya və müxtəlifliyin qorunmasına həsr olunmuş beynəlxalq konfranslar (2023–2024)
”Mədəniyyətlərarası dialoq üzrə VI Dünya Forumu” (2024)
”Xaricdə yaşayan azərbaycanlı alimlərin” 1-ci beynəlxalq forumu (Bakı-Şuşa, 2024)
COP29 çərçivəsində “Dini Liderlərin Qlobal Zirvəsi — Dünya dinləri yaşıl planet üçün” (Bakı, 2024)
”Müəllimlik – ən şərəfli peşə, gələcəyin memarı olmaq deməkdir.” — Aristotel
Seymur Nəsirov yalnız elmi dərəcələr və ordenlər sahibi deyil, həm də tələbələrinin qəlbində əbədi taxt qurmuş əsl məktəbdir. Dahi Nizami Gəncəvinin dediyi kimi. “İnsanı ucaldan onun elmi, saflaşdıran isə əxlaqıdır.” Təmiz ürəyi, mərhəməti, şəfqəti, dövlətinə, xalqına və tələbələrinə olan sonsuz sədaqəti onu hər kəsin sevimlisinə çevirmişdir. O, özünün gözəl ailə tablosu ilə də cəmiyyətə örnəkdir. İki övlad atası olaraq övladları ilə qürur duyan, valideynlərinin sevimli övladı, qohum-əqrəbanın və bütün Azərbaycanın fəxridir.
Fədakar alimsən, elmin ustadı,
Azərbaycanımın şöhrəti, şanı.
Əziz Seymur müəllim. Bu gün doğum gününüzdə Sizə bəşəri elmi fəaliyyətinizdə yeni zirvələr, möhkəm can sağlığı və tükənməz yaradıcılıq enerjisi arzulayıram.Qoy hər yeni yaşınız elmi nailiyyətlərlə, Vətənə olan sonsuz sevginizin yeni uğurları ilə bəzənsin.
Doğum gününüz mübarək olsun!

Leyla Qadir qızı Məcidova
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru.
LEU-nun dosenti

