Geyim mağazalarında diqqət niyə məhsuldan satıcıya yönəlir? – YYSİB sədri, ictimai və mədəniyət xadimi Aydın Xan Əbilovdan açıqlama

Son dövrlər bəzi geyim mağazalarında satıcıların müştərilərə məhsulun xüsusiyyətlərini təqdim etməkdən daha çox öz xarici görünüşləri və bədən quruluşları ilə diqqət çəkməyə çalışdıqları müşahidə olunur. Xüsusilə sosial şəbəkələrdə yayılan mağaza videolarında geyimlərin təqdimatından çox satıcıların görünüşünün ön plana çıxarılması müzakirələrə səbəb olur. Bu yanaşma həm ticarət mədəniyyəti, həm də cəmiyyətdə qadın obrazının təqdim olunması baxımından müxtəlif suallar yaradır.

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı, kulturoloq Aydın Xan Əbilov Ekologiya.az-a açıqlamasında bildirib ki, bu modellər qarşıdakı ilin dəb tendensiyalarını nümayiş etdirirlər:

“Marketoloqların və menecerlərin tətbiq etdiyi yeni, innovativ və kreativ yanaşmalar artıq sosial şəbəkələrdə, virtual ticarət platformalarında və mağazalarda özünü göstərməyə başlayıb. Bu baxımdan, bir çox onlayn satış səhifələri dünyada qəbul olunmuş təqdimat formatlarından istifadə edir. Lakin bəzi mağazalar bu yanaşmanı peşəkar şəkildə tətbiq etdiyi halda, digərləri daha bəsit üsullara əl atır. Nəticədə, bəzən reklam olunan məhsulun geyim, yoxsa modelin xarici görünüşü olduğu aydın olmur. Belə hallarda cəmiyyətdə narazılıq yaranır, sosial şəbəkələrdə tənqidlər səsləndirilir. Əlbəttə, bu cür tənqidləri normal qarşılamaq lazımdır. Çünki bəzi şəxslər geyimləri təqdim edərkən həddi aşır, süni və qeyri-etik hərəkətlərlə diqqət çəkməyə çalışırlar. Bu məsələyə daha məsuliyyətlə yanaşılmalıdır. Əks halda, dövlətin bu sahədə tənzimləyici mexanizmlər tətbiq etməsinə ehtiyac yarana bilər”.

O qeyd edib ki, Çində ticarət və marketinq sahəsində müvafiq biliyi olmayan bloggerlərin, hətta tanınmış şəxslərin məhsul və xidmətləri reklam etməsinə ciddi məhdudiyyətlər qoyulub:

“Bu qaydaları pozan şəxslər maliyyə sanksiyalarına, inzibati və hətta cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Bununla belə, ticarətçilərin dünyada tətbiq olunan yenilikləri Azərbaycana, xüsusilə də yerli dilli internet və sosial şəbəkə platformalarına gətirməsini normal qarşılamaq lazımdır. Əgər bu üsullardan Türkiyədə, Rusiyada, Avropa ölkələrində və Çində istifadə olunursa, Azərbaycanda da tətbiq edilməsinin əleyhinə olmamalıyıq. Xüsusilə yeniyetmələr, gənclər, dəbə maraq göstərən və geyimləri ilə fərqlənməyə çalışan insanlar bu cür təqdimatlara daha çox diqqət yetirirlər. İnsanlar bəzən qeyri-adi, diqqətçəkən və hətta qalmaqallı təqdimatlarla nümayiş etdirilən məhsullara maraq göstərir, həmin mallardan və xidmətlərdən yararlanmağa çalışırlar. Lakin unutmamalıyıq ki, Azərbaycanın öz milli-mənəvi dəyərləri və qəbul edilmiş etik normaları var. Məhsul və xidmətlərin reklamı da bu çərçivədə həyata keçirilməlidir. Əgər məqsəd geyimi deyil, insanın öz bədənini nümayiş etdirməkdirsə, bu, artıq tamamilə fərqli təqdimat və xidmət sahəsidir. Ticarət məqsədilə açılmış səhifələrdə məhsulla əlaqəsi olmayan, həddindən artıq cazibədar görüntülərin, videoların və canlı yayımlardakı hərəkətlərin, xüsusilə də yeniyetmələrə təqdim edilməsinin heç bir zərurəti yoxdur”.

Yazıçı sonda deyib ki, bu tendensiya davam edərsə, gələcəkdə müvafiq qurumların və hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsi gündəmə gələ bilər:

“Həmin şəxslərin inzibati və hətta cinayət məsuliyyətinə cəlb edilməsi, profillərin və sosial şəbəkə səhifələrinin bağlanması kimi tədbirlər də mümkün ola bilər. Buna görə də ticarət fəaliyyətini davam etdirmək istəyən şəxslər reklam və məhsul təqdimatı zamanı etik normalara riayət etməli, diqqəti geyimdən yayındıran davranışlardan çəkinməlidirlər. Son illərdə dünyada baş verən proseslər həyatın digər sahələri kimi ticarət sektoruna, həm topdansatış və pərakəndə satış şəbəkələrinə, həm də virtual satış sistemlərinə təsir göstərir. Xüsusilə geyim və moda sahəsində müxtəlif yeniliklərin, innovasiyaların və kreativ yanaşmaların şahidi oluruq. Dünyanın müxtəlif ölkələrində keçirilən moda nümayişlərində gözəl, gənc qadınlar və yaraşıqlı kişilər iştirak edirlər. Onlar öz xarici görünüşləri vasitəsilə yeni geyim kolleksiyalarını, modelləri, rəngləri və qarşıdakı mövsümlərin dəb tendensiyalarını cəmiyyətə təqdim edirlər. Bu təqdimatların əsas məqsədi yalnız modellərin görünüşünü nümayiş etdirmək deyil, həm də yeni geyimlər, onların dizaynı və rəngləri barədə ictimaiyyətə məlumat verməkdir”.

Aysel Muxtar

https://ekologiya.az/xeberler/22498-geyim-magazalarinda-diqqet-niye-mehsuldan-saticiya-yonelir-achiqlama.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir