Rəqəmlərdən əbədiyyətə ucalan ömür yolu: professor Əlif Məmmədov. – Leyla Məcidova yazır
Cənub bölgəsinin, bütövlükdə Azərbaycan elm və təhsil mühitinin başı sağ olsun. Dünən qəlblərdə dərin bir hüzn, lakin həm də böyük bir ehtiram buraxaraq, ömrünü nurlu sabahlara, elmin işıqlı yollarına fəda etmiş əsl ziyalı, Professor Əlif Məmmədov əbədiyyətə qovuşdu.
Hər ölüm bir itkidir, amma bəzi insanlar var ki, onların gedişi bir nəslin, bir elmi məktəbin müvəqqəti sükutudur. Əlif müəllim məhz elə bir bənzərsiz şəxsiyyət, riyaziyyat elminin zirvələrini fəth edən, ömrünü tədrisə və gənc nəslin yetişməsinə nəzir edən müqəddəs bir ustad idi.
Qədim Astaranın qoynundan başlayan nurlu bir yolda Əlif Məmmədov 1933-cü ilin Novruz soraqlı, təbiətin oyandığı o,müqəddəs gündə martın 21-də Astara rayonunun füsunkar Təngərüd kəndində dünyaya göz açmışdı. Sanki təbiətin bu oyanışı onun taleyinə də bir nur, bir dirçəliş rəmzi kimi yazılmışdı.
1950-ci ildə orta məktəbi bitirən gənc Əlif, riyaziyyat elminin cazibəsinə qapılaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olur. 1954-cü ildə ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək həm savadı, həm də əzmi ilə gələcəyin böyük alimi olacağını sübut etdi.
Onun pedaqoji fəaliyyəti Astara rayon Təhsil Şöbəsində müfəttiş (inspektor) kimi başlasa da, elmin dərinliklərinə olan sonsuz sevgisi onu paytaxta Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına (1962) aparır. 1966-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək riyaziyyat elmləri namizədi elmi dərəcəsini alır.
Riyaziyyat sadəcə rəqəmlərin deyil, həm də həyatın, dürüstlüyün, nizamlayan elmidir. Əlif müəllim bu nizamı öz həyat fəlsəfəsinə çevirmişdi.
Onun elmin zirvəsində və kafedra müdüri olaraq keçən 16 İllik şərəfli ömrü 1970-ci ildən başlayaraq Pedaqoji İnstitutun dosenti olan Əlif müəllim, uzun illər dekan kimi fəaliyyət göstərərək minlərlə gəncin yoluna işıq saçdı. 1989-cu ildən etibarən isə o, həmin institutun professoru zirvəsinə ucaldı.
Onun elmi fəaliyyəti təkcə auditoriyalarla məhdudlaşmırdı, 250-dən çox elmi əsərin,
35 fundamental kitab və dərsliyin müəllifi olaraq.O, rəqəmlərin soyuq dünyasına öz isti qəlbinin hərarətini qatdı. Onun yazdığı hər kitab, irəli sürdüyü hər teorem gələcək nəsillər üçün bir mayaka çevrildi.
Bir ailənin və elin ağsaqqalı Əlif müəllim təkcə böyük alim deyil, həm də nümunəvi ailə başçısı, gözəl ata və sevimli baba idi. Həyat yoldaşı ilə çiyin-çiyinə verərək cəmiyyətə yararlı 7 övlad böyütdü, 15 nəvə və 7 nəticənin babası olaraq ömrünün son payızını nəvə-nəticə sevinci ilə bəzədi. Necə ki, öz əlləriylə böyütdüyü tələbələr bu gün ölkəmizin dörd bir yanında elm toxumları səpir, onun öz ocağından cücərən övladları da bu uca adın ləyaqətli daşıyıcılarıdır.
Əbədiyyət yolçusuna həsr etdiyim şeiri yazarkən ixtiyarsız gozümdən yaş süzulməyə başladı,bu dahi şəxsin yoxluğu təkcə bir ailənin yoxluğu deyil,elin,obanın dövlətin köksundə yaranan boşluqdur.
Bir ömür yaşadı dastan dadında,
Rəqəmlər can tapdı onun adında.
Ustadlar,ustadı qaldı yadında,
Nurlu bir dünyadır Əlif müəllim.
Talış dağlarının vüqarı idi,
Elmin, sadiqliyin ilqarı idi,
Cənubun o, nurlu baharı idi,
Solmayan çiçəkdir Əlif müəllim.
Kitablar vərəqlər sənin adını,
İtirməz bu dünya sözün dadını.
Söndürə bilmərik elmin odunu,
Göylərə ucalan nur, Əlif müəllim!
Əlif Məmmədovun cismi bu dünyadan köçsə də, onun adı Azərbaycan elm tarixində, yazdığı kitablarda və ən əsası, yetişdirdiyi minlərlə tələbənin qəlbində əbədi yaşayacaqdır. Çünki müəllim ömrü bitmir, o, estafet kimi nəsildən-nəslə ötürülərək ölümsüzləşir.
Uca Allahdan rəhmət, yaxınlarına və bütün elm ictimaiyyətinə səbir diləyirik. Ruhunuz şad olsun, Böyük Ustad!
Leyla Qadır qızı Məcidova
Lənkəran Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

