Torpağın altından boylanan tarix: Tuğra xanımın ətir şüşəsi. – Leyla Məcidova yazır

Azərbaycanın cənub incisi olan Lənkəranın hər daşı, hər küçəsi dərin bir tarixdən, sevgi və nəzakətlə yoğrulmuş xatirələrdən söz açır. Bu tarixin ən möhtəşəm abidələrindən biri isə şübhəsiz ki, 1913-cü ildə Mir Mustafa xanın vərəsəsi Mirəhməd xan tərəfindən ucaldılmış məşhur mülkdür. Bu bina sadəcə memarlıq incisi deyil, böyük bir sevgiyə və zərifliyə qoyulmuş abidədir. Belə ki, Mirəhməd xan bu mülkü Qafqazda keçirilən gözəllik müsabiqəsində birinci yeri tutaraq hamını valeh edən həyat yoldaşı Tuğra xanımın şərəfinə hədiyyə etmişdi. Dünyəvi memarlığın damğasını daşıyan bu sarayın tikintisi üçün Fransadan xüsusi ustalar dəvət olunmuşdu.
Zaman ötdü, dövran dəyişdi… 1924-cü ildə ilk maarifpərvər ziyalılardan olan Mirzəağalı Əliyev tərəfindən Böyük Bazar ərazisində əsası qoyulan Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi, 1991-ci ildə öz həqiqi tarixi məkanına Mirəhməd xanın bu möhtəşəm mülkünə köçürüldü. Mülk içində mülk kimi yerləşən muzey beləcə öz ruhunu tapdı.
Ancaq binanın həyəti uzun illər baxımsız qalmış, hətta baxımsızlıqdan itlərin oylağına çevrilmişdi. Mədəniyyət naziri Cənab Adil Kərimlinin təqdimatı ilə burada fəaliyyətə başladığım ilk gündən etibarən əsas məqsədim bu tarixi irsə layiqli ehtiram göstərmək oldu. Həyətdən 18 maşın zibil təmizləndi, kanalizasiya xətləri bərpa edildi, bina dörd tərəfdən hasara alınaraq mühafizəyə götürüldü.
Çox keçmədən bu ərazidə möhtəşəm bir “Xan bağı” salındı. Doğma Cənub bölgəsinin, Xan Lənkəranın təbii sərvəti sayılan 200-ə yaxın subtropik ağac feyxoa, mandarin, limon, kinkan, apelsin, eləcə də ata ocağımın həyətindən gilas, şaftalı, armud və alma ağaclarını gətirərək, öz əllərimlə torpağa basdırdım. Artıq dördüncü ildir ki, bu bağda cürbəcür boranı sortları, pomidor, xiyar, badımcan, qarğıdalı, günübaxanda becərilir, muzeyimizin əməkdaşları bu bol bərəkətdən bəhrələnərək evlərinə ruzilərlə dönürlər.
Lakin torpaq sadəcə bar vermədi, həm də gözlənilməz bir möcüzəni üzə çıxartdı…
Bir həftə öncə həyətdə təmizlik və su borularını nizamlayarkən torpağın arasından parıldayan xırda bir əşya diqqətimi çəkdi. Diqqətlə götürüb, yuyub təmizlədikdən sonra bunun zərif bir ətir şüşəsi olduğu aydınlaşdı. Aparılan araşdırmalar və tarix dərki göstərdi ki, 116 il boyunca torpaq altında qalan bu əşya XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan xalis fransız ətir şüşəsidir. Binanı tikən fransız ustalarının gətirdiyi və bir zamanlar Qafqazın ən gözəl qadını Tuğra xanıma aid olduğu şübhə doğurmayan bu ətir şüşəsi sanki əsrlərin o,tayından günümüzə boylanan bir salam idi.
Bir tarixçi üçün bundan böyük həyəcan və sevinç ola bilməzdi. Bu nadir tapıntı dərhal muzeyimizin xüsusi fondunda qorunmaq üçün baş fond mühafizi İlham Quliyevə təqdim olundu və ekspozisiyamızı zənginləşdirən dəyərli bir eksponata çevrildi.
Dünənə qədər bu dünyadan köçən bütün keçmişlərimizə Allahdan rəhmət diləyirəm. Bu möhtəşəm evin təməlini qoyan Mirəhməd xanın və qəbri naməlum qalan zərif Tuğra xanımın ruhu şad olsun. Bu gün onun nəfis ətir şüşəsi də, əbədiləşən xatirəsi də binası qədər etibarlı əllərdədir.

Leyla Qadir qızı Məcidova

Lənkəran Dövlət Universitetinin müəllimi,

tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir