Zəka və ləyaqətin təcəssümü: dosent Ramiz Şəmmədov. – Leyla Məcidova yazır
Alimlik təkcə qazanılmış elmi dərəcə və ya bitib-tükənməyən tədqiqatlar deyil, hər şeydən əvvəl xalqın zəkasına, gələcəyinə həsr olunmuş fədakar bir ömür yoludur. Həqiqi alim ömrü qaranlıqları yaran, axtarışlar və kəşflərlə zəngin olan, yetirdiyi tələbələrin uğurunda yenidən doğulan müqəddəs bir çırağa bənzəyir. Təhsilin və elmin çətin, lakin şərəfli yollarında yorulmadan addımlayan, hər anı ilə cəmiyyətə işıq saçan simalar akademik mühitimizin əsl sərvətidir. Yay-qış demədən, dinclik nə olduğunu bilmədən ömrünü təhsilə, elmin çətin və şərəfli yollarına qurban verən, hər an tələbələrinin yanında dayanan həqiqi ziyalı Lənkəran Dövlət Universitetinin dosenti Ramiz Şəmmədov məhz belə insanlardandır. Şəmmədov Ramiz Zeynulla oğlu zəngin daxili aləmi, yüksək mənəviyyatı, səmimi insani keyfiyyətləri və elmə sarsılmaz bağlılığı ilə öz şərəfli ömür yolunda günəşli bir müəllim siması təcəssüm etdirir. Onun ömrü təkcə elmi nailiyyətlərdən ibarət deyil, bu ömür həm də xalqına, dövlətinə bəslədiyi sonsuz məhəbbətdən, insanlığa göstərdiyi təvəzökar və xeyirxah münasibətdən yoğrulmuş bir ləyaqət dastanına bənzəyir.
1968-ci il mayın 9-da Masallı rayonunun Ərəb kəndində dünyaya göz açan Ramiz müəllim, gənclik illərindən etibarən zəkaya, zəhmətə və elmin dərinliklərinə böyük həvəs göstərmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin Biologiya bəslədiyi tükənməz maraq onu 2004-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunda (indiki Genetik Ehtiyatlar İnstitutunda) biologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə etməyə gətirib çıxarmışdır. 2010-cu ildən “Genetika” ixtisası üzrə dosent elmi adını daşıyan alim, bu gün də dayanmaq bilmədən Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmlər doktoru proqramı üzrə elmi tədqiqatlarını davam etdirir, öz üzərində yorulmadan çalışır.
Ömrünü elmin nuruna verən,
Hər qəlbdə bir sevgi, ümid bitirən.
Yorulmaz addımla sabaha gedən,
Günəşli bir ömür yaşayır müəllim.
Uca zirvələrdə daimdir adı,
Silinməz qəlblərdən onun muradı.
Hər ehtiyacı olana uzadar əlin,
Şərəfli bir ömür seçib müəllim.
Ramiz müəllimin elmi fəaliyyəti zəngin və olduqca əhatəlidir. 74 elmi işin, 1 monoqrafiyanın, 2 dərs vəsaitinin və 10 fənn proqramının müəllifi olan alim, xüsusilə Cənub bölgəsinin — Lənkəran-Astara regionunun florasını, efiryağlı və dərman bitkilərinin bioekoloji, bioregional və genetik xüsusiyyətlərini dərinliklə tədqiq etmişdir. Beynəlxalq elmi aləmdə də tanınan tədqiqatçı kimi “Tempus” və “Erasmus” kimi mötəbər Avropa proqramları çərçivəsində dünyanın aparıcı universitetlərində ezamiyyətlərdə olmuş, Azərbaycan elminin potensialını beynəlxalq müstəvidə layiqincə təmsil etmişdir. Xurma növünün (Diospyros L.), Qafqaz xurmasının və digər qeyri-ənənəvi bitkilərin genetik davamlılığının, biokimyəvi parametrinin öyrənilməsinə həsr etdiyi elmi məqalələri Macarıstandan Türkiyəyə qədər müxtəlif beynəlxalq nüfuzlu jurnallarda dərc olunmuşdur.
Lakin Ramiz müəllim təkcə kabinetində araşdırmalar aparan bir alim deyil, o, illərdir ki, doğma elm məbədi olan Lənkəran Dövlət Universitetinin inkişafı üçün bütün gücünü, bilik və təcrübəsini sərf edən yorulmaz təşkilatçı və rəhbərdir. 2010–2016-cı illərdə Elmi işlər üzrə prorektor, 2013–2016-cı illərdə “İqtisadi informatika və ekologiya” kafedrasının müdiri, 2016–2024-cü illərdə Təbiət elmləri fakültəsinin dekanı vəzifələrini böyük məsuliyyətlə icra etmişdir. 2024-cü ilin aprel ayından etibarən isə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor kimi öz müqəddəs fəaliyyətini davam etdirir. Hansı vəzifədə olmasından asılı olmayaraq, o, hər zaman tələbələrin doğma dekanı, qayğıkeş müəllimi, yol göstərən məsləhətçisi olmuşdur.
Onun insan mənəviyyatına, dövlətçilik ideallarına bağlılığı xüsusi qeyd olunmalıdır. Vətənini, torpağını dərin bir sevgi ilə sevən Ramiz müəllim hərbi-vətənpərvərlik tədbirlərində, gənclərin milli ruhda tərbiyə olunması işində həmişə ön sıradadır. Şəhidlərimizin xatirəsinə bəslədiyi ehtiram, qazilərə və hərbçilərimizə göstərdiyi diqqət onun bir vətəndaş kimi daxili vicdanının səsidir. Onun üçün vətənpərvərlik təkcə sözdə deyil, gördüyü hər bir işdə, böyütdüyü hər bir tələbədə, xalqına etdiyi hər bir xidmətdə əks olunur.
Vətən sevgisiylə döyünən ürək,
Hər zaman dayaqdır, el üçün dirək.
Ehtiyac duyana əl uzatmaqla,
Ucalır dünyada pak insan olmaq.
Nə şan-şöhrət gəzir, nə də ki qürur,
Öz təvəzökar dünyasında durur.
Lənkəran elminə bir çıraq vurur,
Zamanın axında ucalır müəllim.
Ramiz müəllim təmizliyi, əxlaqı və təvəzökarlığı ilə hər bir həmkarına nümunədir. O, çətinə düşənin yanında olan, yıxılanın əlindən tutan, köməyini və dəstəyini kimsədən əsirgəməyən böyük qəlb sahibidir. Onun insanlara yanaşmasında hər zaman bir incəlik, bir qədirbilənlik duyulur. Bu işıqlı insanın həyatında ən böyük dayaqlarından biri də onun gözəl, nümunəvi ailə tablosudur. İki oğul övladı böyüdüb boya-başa çatdıran Ramiz müəllim, onları da özü kimi savadlı, əxlaqlı, vətənə və cəmiyyətə yararlı şəxsiyyətlər kimi tərbiyə etmişdir. Bu ailə ocağı mənəvi saflığın və səmimiyyətin unikal bir timsalıdır.
Nəticə etibarilə, Ramiz Şəmmədovun ömür yolu elmə verilən sədaqətin, təhsilə həsr olunan gəncliyin, xalqına və dövlətinə bəslənən sarsılmaz sevginin bütöv təcəssümüdür. Yayında da, qışında da dinclik bilmədən təhsil yolunda məşəl kimi yanan, tələbələrinin yolunu işıqlandıran bu dəyərli alimə və insana gələcək elmi və pedaqoji fəaliyyətində yeni-yeni zirvələr, möhkəm cansağlığı və tükənməz həyat eşqi arzulayırıq. Qoy Ramiz müəllimin yandırdığı elm çırağı heç vaxt sönməsin, yetişdirdiyi gənclər Azərbaycanımızın sabahını daha da işıqlı etsin. Var olun əziz dost!

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi
Tarix üzrə fəlsəfə doktoru,dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

