“Maliyyə savadsızlığı sosial şəbəkələr vasitəsilə gəncləri riskə sürükləyir…” — YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan aktual açıqlama

Sosial şəbəkələrdə nümayiş etdirilən dəbdəbəli həyat tərzinin gənclərin maliyyə davranışına təsiri son dövrlər geniş müzakirə olunur.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən kulturoloq Aydınxan Əbilov bildirib ki, problemin əsas səbəbi sosial media deyil, gənclərin maliyyə savadlılığının zəif olmasıdır.

Onun sözlərinə görə, yeniyetmələr və gənclər sosial şəbəkələrdə, reklamlarda və internetdə gördükləri bahalı avtomobillərə, villalara, brend geyimlərə və zinət əşyalarına meyil göstərirlər, lakin bu həyatın arxasında dayanan zəhməti görmürlər:

“Reklam olunan hər bir məhsulun arxasında uzunmüddətli təhsil, maliyyə savadlılığı, karyera və zəhmət dayanır. Bunlar olmadan bahalı məhsulları yalnız kreditlə və ya borcla əldə etmək mümkündür. Bununla isə heç kimi təəccübləndirmək olmaz. Gənclərin gəlirlərini aşan xərclərə meyil göstərməsi gələcəkdə ciddi maliyyə problemlərinə səbəb ola bilər. Trenddən geri qalmamaq üçün bahalı məhsullar almaq, xarici səyahətlər etmək, hər gün restoranlarda vaxt keçirmək düzgün yanaşma deyil. Pul xərcləndikcə azalır. İnsan əvvəlcə qazandığı vəsaiti düzgün idarə etməyi öyrənməlidir. Bəzi ölkələrdə sosial şəbəkələrdə saxta dəbdəbəli həyat tərzini təbliğ edən şəxslərlə bağlı ciddi məhdudiyyətlər tətbiq olunur”.

“Azərbaycanda bu sahədə müəyyən normativ dəyişikliklərə ehtiyac var. Virtual məkanda yalançı, parıltılı həyat tərzini təbliğ edən şəxslərin fəaliyyəti tənzimlənməli, onların gəncləri yanlış istiqamətə yönəltməsinin qarşısı alınmalıdır. Gənclərə ilk növbədə təhsil almağı, peşəyə yiyələnməyi və zəhmətlə karyera qurmağı tövsiyə edirəm. Oxumaq, sənətə yiyələnmək, zəhmət çəkmək və karyera qurmaq lazımdır. Əvvəl-axır insanın biliyi və bacarığı ona qazanc gətirəcək. Sosial mediadakı parıltıya aldanmaq düzgün deyil. Sosial şəbəkələrdən həddindən artıq istifadə edən bəzi gənclərin artıq psixoloji yardıma ehtiyacı yaranır”.

“İnternet və sosial mediadan həddindən artıq istifadə edən bəzi gənclər psixoloji və sosial reabilitasiyaya ehtiyac duyurlar. Bu asılılıq həm ailələr, həm də cəmiyyət üçün müxtəlif problemlər yaradır”, – deyə o fikrini yekunlaşdırıb.

Nuray Paşşanlı

https://demokrat.az/az/news/288729/maliyye-savadsizligi-gencleri-riske-surukleyir-aciqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir