El dərdinə məlhəm, nəsillərə nümunə ömür yolu: doktor Mirsəmid Salayev. – Leyla Məcidova yazır
Şərəfli həkimlik peşəsi yalnız tibbi biliklər mənimsəməklə bitmir,bu sənət hər şeydən əvvəl böyük ürək, insana sevgilə yanaşmaq, təmənnasız xidmət və yüksək əxlaqi keyfiyyətlər tələb edir. Cəmiyyətimizdə elə şəxsiyyətlər var ki, onların varlığı insanlara ümid, xəstələrə şəfa, ətrafındakılara isə mənəvi dayaq olur. El arasında dərin hörmət, böyük rəğbət qazanan, öz şərəfli ömür yolu ilə əsl vətənpərvərlik və insanlıq nümunəsi göstərən belə dəyərli ziyalılarımızdan biri də şəfa ocağının fədakar təmsilçisi doktor Mirsəmid Salayevdir.
Doktor Mirsəmid Salayev 1955-ci ildə Lənkəran rayonunun Lənkəran rayonunun səfalı Türkəkəran kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərindən elmə, biliyə həvəs göstərən balaca Mirsəmid 1972-ci ildə Hirkan (keçmiş Avrora) qəsəbə orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. Həkimlik peşəsinə olan böyük sevgisi onu ölkənin ən nüfuzlu təhsil ocaqlarından birinə gətirib çıxarmış və o, 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuşdur.
Tələbəlik illərində dərin biliyi, çalışqanlığı və peşəsinə böyük məsuliyyətlə yanaşması ilə seçilən gənc Mirsəmid, 1979-cu ildə ali təhsilini əla qiymətlərlə başa vurmuşdur. Həmin ildən etibarən praktiki tibbi fəaliyyətə başlayan gənc həkim, bir il müddətində Razin (indiki Bakıxanov) qəsəbəsində yerləşən 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında internatura keçərək öz peşəkar təcrübəsini daha da zənginləşdirmişdir.
1980-ci il avqustun 1-dən isə onun doğma Lənkəran torpağına, öz elinə-obasına xidmət edən şərəfli fəaliyyət dövrü başlamışdır. Lənkəran uşaq poliklinikasında (hazırda AŞM-2) işə başlayan Doktor Mirsəmid, tam 46 il ərzində dəyişməz sədaqətlə, tükənməz həvəslə körpələrin sağlamlığı keşiyində durmuşdur. Qırx altı illik bu şərəfli və məhsuldar fəaliyyət ərzində minlərlə uşağa şəfa bəxş etmiş, valideynlərin xeyir-duasını qazanmışdır. Səhiyyə sahəsində göstərdiyi xüsusi fəallıq, yüksək peşəkarlıq və nümunəvi xidmətlərinə görə rəhbərlik tərəfindən dəfələrlə təşəkkürnamələr və fəxri fərmanlarla təltif olunmuşdur.
O, bu gün el-oba arasında abır-həyası, nəcabəti və humanistliyi ilə seçilir
Doktor Mirsəmid müqəddəs həkimlik andına sadiq qalaraq illər boyu xalqına, dövlətinə ləyaqətlə xidmət etmişdir. Onun iş həyatı, peşə fəaliyyəti hər bir gənc həkim üçün əsl məktəbdir. Xəstələrinə yalnız tibbi yardım deyil, həm də səmimiliyi, mehriban sözü, davranışı ilə mənəvi məlhəm olan Mirsəmid həkim, fədakarlığı və insanlığı ilə həkim adını daim uca tutmuşdur. Vətəninə, torpağına sıx tellərlə bağlı olan bu insan cəmiyyətin xeyrinə verdiyi töhfələrlə hər zaman elin-obanın sevgisini və inamını qazanmışdır. Ağır seyid nəslinə mənsub olan doktor Mirsəmid, bu köklü nəsildən gələn alicənablığı, təmkinli davranışı, təvazökarlığı və ləyaqəti öz şəxsiyyətində tam təcəssüm etdirir.
Onun həyatındakı enişli-yoxuşlu yollarda göstərdiyi mətanət isə xüsusi bir təqdirə layiqdir. Həyat yoldaşının vaxtsız vəfatından sonra o, böyük bir sədaqət, dözüm və məhəbbətlə övladlarına həm ata, hem ana olmuşdur. Sadiq bir həyat yoldaşı və fədakar bir ata kimi övladlarının boya-başa çatmasında, təhsil almasında, cəmiyyətə faydalı insan kimi yetişməsində bütün varlığı ilə çalışmışdır. Bu gün onun ailə tablosu məhz bu böyük zəhmətin və dərin sevgini göstərən möhtəşəm bir əsərdir.
Doktor Mirsəmidin yetirdiyi övladlar bu gün hərəsi öz sahəsində tanınan, dəyərli ziyalılardır. Qızı Günel xanım Lənkəran Dövlət Universitetinin müəllimi kimi gənc nəslin tərbiyəsində, elmin inkişafında müstəsna xidmətlər gösterir. Oğlu Samir Salayev Lənkəran Dövlət Universitetinin məzunu olaraq tanınmış ziyalı kimi cəmiyyətdə öz layiqli yerini tutmuşdur. Digər oğlu da öz sahəsində uğurla fəaliyyət göstərərək ailənin adını daim uca tutur. Övladlarının hər biri üçün Mirsəmid doktor kimi bir ataya sahib olmaq böyük bir qürur və xoşbəxtlikdir. İndi isə bu gözəl ailə tablosunu bəzəyən, babalarının yolunu işıqlandıran nəvələri onun həyatına ayrı bir sevinc, ayrı bir bərəkət qatır.
Doktor Mirsəmid Salayev yalnız yaxşı bir mütəxəssis deyil, həm də xalqın mənəvi dəyərlərini yaşadan, təvazökar, el qədrini bilən və el tərəfindən sevilən böyük bir şəxsiyyətdir. Onun keçdiyi mənalı ömür yolu hər birimiz üçün qürur mənbəyidir.
Sizə möhkəm cansağlığı, uzun, mənalı, bərəkətli ömür və ailə xoşbəxtliyi nəsib olsun inşallah.Dəyərli doktor arzu edirəm ki, el-obamızın fəxri olaraq uzun illər şəfa paylamağa və xalqımıza xidmət etməyə davam edəsiniz. Ad gününüz mübarək olsun!

Leyla Qadır qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

