Bir mahnının kövrəltdiyi insan: Hadı Rəcəblidən qalan xatirə. – Allahverən Pərvizoğlu yazır
Bəzən insan haqqında ilk təəssüratımız onu yaxından tanımadığımız üçün formalaşır. Ünsiyyət qurmadıqda, həmin insanın daxili dünyasını, həyat yolunu, keçdiyi çətinlikləri və xarakterini tam anlamaq mümkün olmur. Lakin zaman keçdikcə, insanı yaxından tanıdıqca onun haqqında düşüncələrimiz də dəyişir.
Bu yazıda bəhs etdiyim mərhum həmvətənimiz, dövlətinə və dövlətçiliyinə sadiq ziyalı, uzun illər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri olmuş, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli də mənim üçün məhz belə insanlardan biri idi.

Hadı müəllimi uzun illər Lənkəranda keçirilən müxtəlif tədbirlərdə, məhsul bayramlarında və konfranslarda görmüşdüm. O zaman onu sadəcə tanınmış dövlət xadimi və ziyalı kimi tanıyırdım. Onunla yaxından ünsiyyət qurmaq, söhbət etmək isə sonradan, həyatımın başqa bir mərhələsində qismət oldu. 2021-ci ildə mənə doğma Lənkəranımızda yerləşən Palıdlı Sahil Sanator-Kurort İstirahət Mərkəzindən iş təklifi gəldi. Şoumen və canlı musiqi ifaçısı kimi fəaliyyət göstərmək təklifini qəbul etdim.
İşə başladığım günlərin birində Hadı müəllimlə görüşdük. Onun mənə dediyi sözlər bu gün də yadımdadır:
“Cavan oğlan, mən səni tədbirlərdə görmüşəm.”
Mən də özümü təqdim edərək tədbirlərdə ifa etdiyimi və ictimai fəaliyyətlə məşğul olduğumu bildirdim. Hadı müəllim mənə xeyir-dua verdi. Sadə görünən bu görüş əslində yaddaşımda çox dərin iz buraxdı.
Günlərin bir günü proqramın başlamasına az qalmışdı. Hadı müəllimin yuxarı dövlət qurumlarında çalışan qonaqları gəlmişdi. Mən də musiqi proqramına başladım. İfalarım sırasında “Ata həsrəti” adlı mahnını səsləndirdim.
Bu ifadan sonra yaşananlar isə heç vaxt yadımdan çıxmayacaq.
Hadı müəllim qonaqları ilə çay süfrəsində oturmuşdu. Mahnı başa çatdıqdan sonra məni yanına çağırdı. Gözlərində yaş var idi. Mənə baxaraq dedi:
“Allahverən, sən bizi kövrəltdin. Oğlum, mən də atamı uşaq yaşlarımda itirmişəm. Fəhləliklə böyümüşəm, zəhmətlə bu yerə gəlib çatmışam. Amma atasızlıq hissi heç vaxt yadımdan çıxmayıb. O sızıltı həmişə qəlbimdədir.”
Bu sözləri eşidəndə mən də çox kövrəldim. Çünki həmin an qarşımda yalnız dövlət xadimi, professor və Milli Məclisin komitə sədri deyil, həyatın ağır sınaqlarından keçmiş, uşaqlıq illərində atasını itirmiş bir insan dayanmışdı.
Hadı müəllim mahnının müəllifi ilə də maraqlandı. Bildirdim ki, sözləri gənc şair-publisist Sevindik Nəsiboğluna, musiqisi isə mənə məxsusdur. Həmin vaxt onun qardaşı, uzun illər Lənkəran Şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışmış İqbal Rəcəbli də yanında idi.
Hadı müəllimin həmin gün söylədiyi sözlər məni həm kövrəltdi, həm də həyata daha böyük inamla baxmağa, qarşıma çıxan çətinliklər qarşısında mübarizə aparmağa ruhlandırdı.
Düşünürəm ki, insanın həyat yolu heç də həmişə hamar olmur. Bəzən uşaqlıq illərində yaşanan məhrumiyyətlər, yoxsulluq, zəhmət və çətinliklər insanın taleyində dərin izlər buraxır. Lakin insan əzmkarlıqla, zəhmətlə və iradə ilə həmin çətinliklərin üzərindən gəlməyi bacardıqda həyat da ona öz mükafatını verir.
Hadı Rəcəblinin həyat yolu da bunun bariz nümunələrindən biri idi. Atasını erkən yaşda itirən, fəhləliklə böyüyən bir gənc illər keçdikcə dövlət idarəçiliyində özünəməxsus mövqe qazandı. Tale yolları onu Azərbaycanın ali qanunvericilik orqanına – Milli Məclisə gətirdi. O, uzun illər parlamentdə fəaliyyət göstərdi, Əmək və Sosial Siyasət Komitəsinə rəhbərlik etdi və doğma Lənkəranı beş çağırış Milli Məclisdə təmsil etdi.
Onu yaxından tanıyan, onunla ünsiyyətdə olan insanlar Hadı müəllimin xarakterini, insanlarla münasibətini və həyat yolunu daha yaxşı bilirdilər. Mən isə onu tanıdığım müddət ərzində onun həyatının görünməyən tərəflərindən birinə şahid oldum. Bəlkə də insanı tanımağın ən doğru yolu onun vəzifəsinə deyil, insanlığına baxmaqdır.
Hadı müəllimin mənim yaddaşımda qalan siması da məhz budur – zəhmətlə həyatda özünə yol açan, keçmişini unutmayan, atasına olan həsrəti illər keçsə də qəlbində daşıyan və bir mahnının sözlərində öz uşaqlıq ağrısını tapan bir insan.
Onun vəfat xəbərini eşidəndə inanmaq mənim üçün çox çətin oldu. Çünki ölümündən cəmi iki ay əvvəl onunla görüşmüşdük. İnsan bəzən son görüşün son görüş olduğunu bilmir. Elə buna görə də bəzi ayrılıqlar insana daha ağır təsir edir. Amma həyatın qanunu belədir. Acımasız fələk bu dünyadan bir Hadı Rəcəbli apardı. Geridə isə onun keçdiyi ömür yolu, gördüyü işlər, tanıdığı insanlar və yaddaşlarda qalan xatirələri qaldı.
Mən Hadı müəllimdən bir dərs götürdüm: insanın uşaqlıq və gənclik illərində çəkdiyi əziyyətlər onun taleyinin sonu deyil. Zəhmət, səbir və mübarizə insanı həyatın ən yüksək zirvələrinə apara bilər.
Bəlkə də Allah insanın çəkdiyi hər bir çətinliyi, axıtdığı hər bir göz yaşını, etdiyi hər bir zəhməti vaxtı gələndə başqa bir şəkildə mükafatlandırır.
Hadı müəllimin həyat yolu mənim üçün məhz belə bir nümunədir.
Allah Hadı müəllimə rəhmət eləsin. Məkanı cənnət olsun. Ömür-gün yoldaşı Mehriban xanıma və bütün doğmalarına Allahdan can sağlığı, səbir və dözüm arzulayıram.

Ruhun şad olsun, Hadı müəllim. Sizi tanımaq və sizinlə bağlı bu xatirəni yaşatmaq mənim üçün böyük bir mənəvi dəyərdir.
Allahverən Pərvizoğlu
İctimai fəal, üç dəfə Respublika Mahnı Müsabiqəsi laureatı, gənc xanəndə

