Mətbuatımızın kübar və zəhmətkeş zirvəsi: publisit, yazıçı, tərcüməçi, Ağəddin Babayev. Leyla Məcidova yazır
Hər ömür bir yazıdır kimisi vərəqlərə köçər, unudular, kimisi də daşlara, yaddaşlara həkk olunar. Azərbaycan jurnalistikasının, teatrşünaslığının və pedaqoji fikrinin elə bir fədakar, zəhmətkeş və bənzərsiz siması var ki, onun adı çəkiləndə ağıla ilk gələn məfhumlar təmiz mənəviyyat, yüksək savad və sarsılmaz kübarlıq olur. Bu insan mətbuatımızın təmiz vicdanı, Cənub bölgəsinin mədəniyyət salnaməsini yazan unudulmaz Ağəddin Babayevdir.
Ağəddin müəllim sadəcə bir qələm sahibi deyil, həm də ömrünü sözün müqəddəsliyinə, Lənkəranın mədəni, ədəbi irsinə şam kimi əridən həqiqi bir ziyalı idi. Onun həyat yolu Şağlaser kəndinin torpağından başlayıb, sənətin, teatrın və mətbuatın ən ali ucalıqlarına qədər uzandı.
Gözümdə canlanır o, nurlu sima
Sözün dərgahında ucalan insan
Ömrünü xalqına, doğma yurduna
Bir sadiq qul kimi bağışladı can
Çağlar qatar tək hər ötən illər
Sənin əməlinlə bəzəndi yollar
Lənkəran torpağı, o,yaşıl ellər
Səni sənətkar tək anar unutmaz
15 mart 1956-cı ildə Lənkəranın Şağlaser kəndində dünyaya göz açan Ağəddin Babayevin həyatı zəhmətin fəlsəfəsi ilə yoğrulmuşdu. O, fəhləlikdən, qazanxana maşinistliyindən başlayaraq addım-addım öz zəhməti, halallığı ilə ucalmışdı. 1979–1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində aldığı mükəmməl təhsil onun daxili mədəniyyətini, bədii zövqünü daha da cilalamışdı.
Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri kimi fəaliyyət göstərərkən səhnənin nəbzini tutmuş, pyesləri və dünya ədəbiyyatından etdiyi dərin tərcümələri ilə Lənkəran, Mingəçevir, Şuşa və Salyan teatrlarının səhnələrinə yeni nəfəs gətirmişdi. Eyni zamanda Şağlaser və Xarxatan kəndlərində gənc nəslə Azərbaycan dili və ədəbiyyatını tədris edərək, ruhu bütöv, ana dilinə aşiq gənclər ordusu yetişdirmişdi.
Mətbuatın əxlaq etalonu sayılan Ağəddin Babayev jurnalistika tariximizdə az tapılan, barmaqla göstəriləcək şəxsiyyətlərdən idi. “Lənkəran” qəzeti, “Bakinski raboçi” və APA İnformasiya Agentliyi ilə APA TV-nin cənub bürosunun rəhbəri kimi fəaliyyət göstərdiyi illərdə o, heç vaxt prinsiplərindən, peşə əxlaqından dönmədi. Təsadüfi deyil ki, dəfələrlə MEDİA Agentliyinin müsabiqələrinin qalibi olmuş və “Qızıl qələm” mükafatına layiq görülmüşdü. Onun “Мои собеседники” (2002) və “От нашего корреспондента” (2009) kitabları publisistikamızın dəyərli inciləridir.
Lakin onun böyüklüyü təkcə qələmində deyil, ruhunun kübarlığında idi. İnsanlığın ən ali məqamlarından biri də diqqətdir,heç zaman unutmaram, həyatının son anlarına kimi Ağaddin müəllim böyüklüyünü qoruyub saxladı.
Muzeyin 100 illik yubileyinə gələ bilmədiyi üçün çəkdiyi xəcalət, o amansız xəstəliyin pəncəsində qovrulduğu halda telefonda göstərdiyi o,kübar, nəzakətli rəftar, etdiyi o, böyük üzürxahlıq,yalnız daxili mədəniyyəti, əxlaqı böyük olan bir insanın edə biləcəyi bir hərəkət idi. O, ağrılarını gizlədərək qarşı tərəfə olan hörmətini hər şeydən uca tutdu. Son zəngi ilə yaddaşlarda dərin, lakin kədərli bir iz buraxdı.
Ömrünün sonuna qədər sevimli “Lənkəran” qəzetində şöbə müdiri kimi çalışan, doğulduğu Şağlaser kəndində əbədiyyətə qovuşan Ağəddin Babayev, arxasında tərtəmiz bir ad və zəngin bir irs qoyub getdi.
O, Lənkəranın və bütün Azərbaycanın qəlbində fədakar ustad, kübar ziyalı və əsl insan olaraq daim yaşayacaqdır. Torpağı nurla dolsun, ruhun şad olsun peşəsinin ustadi!
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin
tarix üzrə fəlsəfə doktoru,dosen
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

