Çoxdilli təhsil və milli kimliyin qorunması. Ramal Əliyev yazır
Bəri başdan qeyd edim ki, cəmiyyətimizdə ziyalıların, siyasətçilərin və tarixçilərin bu məsələyə yanaşması birmənalı deyil. Tarixi reallıqlara nəzər saldıqda görürük ki, Azərbaycan uzun illər -təxminən 200 ilə yaxın dövr ərzində Çar Rusiyası və daha sonra Sovet İttifaqı tərkibində yaşamışdır. Bu dövrdə müxtəlif xalqlarla, xüsusilə ruslarla birgə yaşayış, əmək fəaliyyəti və ailə münasibətləri formalaşmış, nəticədə müəyyən sosial və mədəni uyğunluqlar yaranmışdır.
Hərçənd biz müsəlman və Qafqaz xalqıyıq, lakin geosiyasi və tarixi reallıqlar baxımından rus dili və mədəniyyəti ilə daha sıx təmasda olmuşuq. Bu səbəbdən rus dili müəyyən sahələrdə cəmiyyətimizdə geniş yayılmış və təhsil sistemində də yer almışdır. Eyni zamanda, ingilis və digər xarici dillərin öyrənilməsi də müasir dövrdə mühüm üstünlük hesab olunur.
Fikrimcə, bir neçə dil bilmək insanın dünyagörüşünü genişləndirir, ona müxtəlif ədəbiyyatlarla tanış olmaq və öz milli mədəniyyətini başqa xalqlara daha geniş şəkildə təqdim etmək imkanı yaradır. Buna görə də xarici dillərin öyrənilməsinə qarşı deyiləm və bunu vətəndaşlar üçün əlavə imkan kimi dəyərləndirirəm.
Tədris rus dilindq ola. məktəblərin mövcudluğu və fəaliyyəti məsələsinə gəldikdə isə, mən nə onların genişləndirilməsinin, nə də mövcud olanların tamamilə bağlanmasının tərəfdarıyam. Çünki ölkəmizin yerləşdiyi regionda tarixi və siyasi reallıqlar bu dildə təhsilin müəyyən zərurətini ortaya çıxarır. Lakin burada əsas şərt odur ki, rus dilində təhsil alan şagirdlər öz milli və dini kimliklərini itirməsinlər, Azərbaycan dilinə, mədəniyyətinə və dəyərlərinə bağlılığını qoruyub saxlasınlar.
Valideynlərin də üzərinə mühüm məsuliyyət düşür. Övladlarının həm xarici dilləri öyrənməsinə şərait yaratmalı, həm də onların milli kimlikdən uzaqlaşmamasına nəzarət etməlidirlər. Çoxdilli təhsil milli dəyərlərin itirilməsi deyil, əksinə, onların daha geniş miqyasda təbliği üçün bir vasitə kimi qəbul olunmalıdır.
Eyni zamanda, bu gün dünyada iqtisadi səbəblərlə Çin dili kimi digər dillərin öyrənilməsinə də maraq artır. Lakin bu proses milli və dini kimliyin dəyişməsi anlamına gəlməməlidir. Xarici dillər yalnız bir bilik və ünsiyyət vasitəsi kimi dəyərləndirilməli, milli-mənəvi dəyərlərin əvəzləyicisinə çevrilməməlidir.
Ramal Əliyev,
YYSİB sədri müavini, teleekspert

