Ədalətin və qanunun keşiyində: Hüquqi dövlətçilik və etibarlı sədaqətin şərəf salnaməsi. Leyla Məcidova yazır
Müstəqil Azərbaycan dövlətinin binövrəsində duran ən mühüm amillərdən biri qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ictimai-siyasi sabitliyin sarsılmazlığıdır. Bu müqəddəs və məsuliyyətli missiyanı ləyaqətlə daşıyan strukturlar sırasında Azərbaycan Respublikası Prokurorluq orqanlarının müstəsna yeri və rolu vardır. Tarixin çətin və şərəfli sınaqlarından keçərək formalaşan milli prokurorluq sistemimiz bu gün dövlətçiliyimizin ən etibarlı dayaqlarından birinə çevrilmişdir.
Hər bir dövlətin hüquq sisteminin təşəkkülü onun tarixi varisliyi və sarsılmaz dövlətçilik ənənələri ilə sıx bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il oktyabrın 1-də Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluq orqanlarının fəaliyyətə başlaması milli hüquq tariximizin şanlı səhifələrindən biridir. Müstəqilliyimizin bərpasından sonra isə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və dövlətçilik təfəkkürü sayəsində prokurorluq orqanları köklü islahatlara məruz qalmış, demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun şəkildə yeniden qurulmuşdur. Ulu öndərin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə 1 oktyabr gününün prokurorluq işçilərinin peşə bayramı kimi təsis edilməsi bu şərəfli peşə sahiblərinə dövlət səviyyəsində göstərilən ali diqqət və ehtiramın bariz təzahürüdür.
Ümummilli liderin “Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamı hər bir prokurorluq əməkdaşı üçün illərdir ki, ən ali fəaliyyət şüarı və mənəvi dayaq olmuşdur. Bu gün möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli hüquqi islahatlar, prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr korpusunun şəffaf və obyektiv prinsiplər əsasında gəncləşdirilməsi və korrupsiyaya qarşı barışmaz mübarizənin gücləndirilməsi prokurorluğun cəmiyyətdəki nüfuzunu daha da ucaltmışdır.
Qanunçuluğun və ədalətin bərqərar olunması prosesi ölkəmizin hər bir bölgəsində olduğu kimi, cənubumuzun mirvarisi, qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən Lənkəran torpağında da yüksək peşəkarlıqla həyata keçirilir. Şəxsən Lənkəran rayon prokuroru, ədliyyə müşaviri Azad Sadıq oğlu Qarayev və Lənkəran Rayon Prokurorluğunun kollektivi bölgədə hüquq qaydasının qorunması, cinayətkarlığa qarşı barışmaz mübarizə aparılması, vətəndaşların hüquq, azadlıqlarının etibarlı müdafiə olunması istiqamətində yorulmaz və nümunəvi fəaliyyət göstərirlər. Ədliyyə müşaviri Müşfiq Səfərovun rəhbərliyi ilə Lənkəran prokurorluğunun əməkdaşları dövlətçilik prinsiplərinə sadiqlik, ixtisaslı peşəkarlıq və prinasipiallıq nümayiş etdirərək, ulu öndərin müəyyənləşdirdiyi şərəfli yolla inamla addımlayırlar.
1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günü münasibətilə başda Azərbaycan Respublikası Prokurorluq orqanlarının bütün əməkdaşlarını, veteranlarını və bu şərəfli estafeti ləyaqətlə daşıyan hər bir hüquqşünası,Lənkəran Rayon Prokurorluğunun rəhbəri ədliyyə müşaviri Azad Sadıq oğlu Qarayev olmaqla, bütün fədakar kollektivi səmimi qəlbdən təbrik edirik!
Sizlərə vətənə, xalqa və dövlətə xidmət kimi müqəddəs işinizdə tükənməz enerjı, möhkəm cansağlığı, yüksək peşə uğurları, daim ayıq-sayıq olmaq və müstəqil Azərbaycanımızın tərəqqisi naminə hər zaman vicdanla, məsuliyyətlə xidmət etməyi arzulayırıq. Bayramınız mübarək olsun!

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoruə

