Əsl ziyalı kimdir? – Ailə və sosial məsələlər üzrə tele-ekspert Ramal Əliyev yazır

Bu gün cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də “ziyalı” anlayışıdır. Tez-tez görürük ki, müxtəlif insanlara istər mətbuatda, istər televiziya ekranlarında, istərsə də ictimai mühitdə “ziyalı” deyə müraciət edilir. Lakin sual yaranır: təqdim olunan hər kəs həqiqətənmi ziyalıdır? Yoxsa bu çəkisi ağır olan ada layiq olmayan şəxslər də cəmiyyətə ziyalı kimi təqdim olunur?

Əvvəlcə bu sözün mənasına nəzər salaq. “Ziya” sözü işıq deməkdir. Qaranlığa nur saçan, görünməyən yolu aydınladan məna daşıyır. Deməli, ziyalı sadəcə diplom sahibi olan və ya tanınmış bir şəxs deyil. Ziyalı öz elmi, savadı, dünyagörüşü, əxlaqı və cəmiyyətə verdiyi fayda ilə insanlara yol göstərən, düşüncələrə işıq tutan insandır.

Təəssüf ki, bu gün cəmiyyətdə “ziyalı” anlayışı bəzən yanlış formada təqdim edilir. Maddi imkanı yüksək olan, tanınan və ya vəzifə sahibi olan hər kəsə avtomatik şəkildə ziyalı deyilməsi doğru yanaşma deyil. Elə insanlar var ki, böyük sərvət sahibidirlər, lakin davranışlarında etik qaydalara riayət etmirlər, əxlaqi naqisliklər nümayiş etdirirlər, danışıq və düşüncə tərzlərində isə ciddi savadsızlıq hiss olunur. Buna baxmayaraq, ətraflarında onları tərifləyən, maddi maraq qarşılığında süni nüfuz yaradan insanlar olur. Məqsəd isə həmin şəxslərin daxili boşluğunu, savadsızlığını və mənəvi çatışmazlıqlarını gizlətməkdir.Halbuki əsil ziyalı fərqli olur.

Əsil ziyalı çox oxuyan, daim öz üzərində çalışan, mütaliə edən və oxuduqlarını həyatına tətbiq edən insandır. O, yalnız sözlə deyil, əməli ilə nümunə olur. Ailəsində gözəl davranışı ilə seçilir, övladlarına əxlaq və tərbiyə aşılayır, qohum-əqrəba arasında hörmət qazanır. İnsanlar sıxıntıya düşəndə onun yanına gedir, ondan məsləhət alır, çünki bilirlər ki, qarşılarında həm savadlı, həm də vicdanlı bir insan dayanır.

Ziyalı insanın ən böyük xüsusiyyətlərindən biri də səmimiyyətidir. O, tək qalanda da öz əxlaqını qoruyur. İnsanların qarşısında necədirsə, Allahın hüzurunda da elədir. Oxuduğunu əvvəlcə öz həyatında tətbiq edir, sonra başqalarına tövsiyə verir. Çünki ziyalılıq sadəcə danışmaq deyil, yaşamaqdır. Ziyalı insan qarşı tərəfin fikrini səbrlə dinləyib hətta razılaşmadığı halda belə hörmətlə yanaşndır. Ziyalı insan bütün əks fikirlərə açıq olandır. Ziyalı insan danışanda qarşı tərfə səsini yüksəltməyən, kobudluq etməyəndir. Ziyalı insan həmdə şəxsiyyətdir.Şəxsiyyəti olmayan kəs ziyalı adlana bilməz! Əsil ziyalı maddiyyat qarşısında əyilməyən, mənfəət naminə əqidəsini dəyişməyən şəxsdir. O, yaltaqlıq etməz, özünü satmaz, haqq bildiyi sözü deməkdən çəkinməz. Təvazökar olar, ağır təbiətli olar, boşboğazlıqdan və təkəbbürdən uzaq durar. O, heç vaxt özü haqqında “mən ziyalıyam” deməz. Çünki həqiqi ziyalının kim olduğunu onun özü yox, ətrafı söyləyər.Ziyalı insan həm də bir ağsaqqaldır. Yaşı ilə deyil, düşüncəsi, təcrübəsi və davranışı ilə ağsaqqal olmağı bacaran şəxsdir. O, yalnız öz həyatını deyil, başqalarının həyatını da işıqlandıra bilir. İnsanlara yol göstərir, ümid verir, düşüncə qazandırır, cəmiyyətə mənəvi dəyər qatır.Bu səbəbdən ziyalı olmaq vəzifə, pul və ya şöhrət məsələsi deyil. Ziyalı olmaq vicdanlı olmaqdır. Əxlaqlı olmaqdır. Cəmiyyətə fayda verməkdir. İnsanların qaranlıq düşüncələrinə elm və hikmətlə işıq tutmaqdır.

Çünki əsl ziyalı, ətrafını nurlandıra bilən insandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir