Mənəvi zənginlik və fədakar pedaqoq ömrü: Sevda Bağırova. – Leyla Məcidova yazır
Cəmiyyətdə elə insanlar var ki, onların varlığı ətrafındakılara yalnız istilik, dinclik və tükənməz bir müsbət enerji bəxş edir. Özünün alicənablığı, təmkinli davranışı, səmimiyyəti və yüksək mənəvi dəyərləri ilə seçilən, fədakarlığı və zəhmətkeşliyi ilə ətrafındakı hər kəsin sonsuz rəğbətini qazanan belə nəcib insanlardan biri də sevimli pedaqoq və tədqiqatçı Sevda xanım Bağırovadır.
1966-cı il sentyabrın 27-də Bakı şəhərində dünyaya göz açan Sevda xanım orta təhsilini N.Tusi adına 173 nömrəli məktəbdə alıb. Elmə, biliyə olan sonsuz həvəsi və marağı onu Azərbaycan Dövlət Neft Akademiyasına gətirib. 1983–1989-cu illərdə bu nüfuzlu təhsil ocağında Kimya-texnologiya fakültəsində təhsil alaraq kimyaçı-texnoloq mühəndis ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Bakıda başlayan Sevda xanım “AzKOMUN” layihə idarəsində mühəndis, Dövlət Təbiəti Mühafizə Komitəsində mühəndis-kimyaçı kimi öz ilk peşəkar addımlarını atıb.
1989-cu ildə ailə həyatı quraraq Lənkərana gəlin köçən Sevda xanım burada da öz elmi və pedaqoji fəaliyyətini böyük həvəslə davam etdirib. O, uzun illər Azərbaycan Milli Aerokosmik Agentliyində (AMAKA) kiçik elmi işçi, elmi işçi, elmi katib və elmi işlər üzrə direktor müavini kimi məsuliyyətli və şərəfli vəzifələrdə çalışıb. 2017-ci ildən etibarən qəlbinin dərinlikləri ilə bağlı olduğu pedaqoji fəaliyyətə üz tutaraq Lənkəran Dövlət Universitetində kimya laboratoriyasının müdiri və müəllim kimi fəaliyyət göstərir. Hal-hazırda AMEA-nın Dendrologiya Elmi-Tədqiqat İnstitutunun doktorantı olan Sevda xanım 10-dan çox elmi əsərin, 14 məqalə, 20 tezis və 1 dərs vəsaitinin müəllifidir.
Sevda xanımın Lənkəran Dövlət Universitetindəki fəaliyyəti təkcə nəzəriyyə dərsləri ilə bitmir, onun əsl sehrli dünyası, yaradıcılıq məkanı kimya laboratoriyasıdır. Laboratoriyada keçirdiyi hər bir saat tələbələri üçün unudulmaz bir kəşf meydanına çevrilir. O, təcrübə masasının arxasında yalnız kimyəvi reaksiyaları, elementlərin sirrini göstərmir, eyni zamanda gənclərə elmin canlı, maraqlı və həyəcanverici tərəflərini aşılayır. Laboratoriyada hər bir sınaq şüşəsinin, hər reaktivin arxasında tələbələri üçün yeni bir üfüq açır, onlara həm elmi təfəkkür, həm də gələcəyin mütəxəssisi olmaq həvəsi bəxş edir.
Tələbələri üçün Sevda müəllimə sadəcə fənn tədris edən bir müəllim deyil, hər zaman qapısını və ürəyini onların üzünə açan mənəvi anadır. Qızım Jalənin də sevimli müəllimi olmuş Sevda xanımın bu insanpərvərliyi haqqında düşünüb bir gün Jalədən soruşdum: “Tələbələr Sevda müəlliməni ən çox hansı xarakterinə görə bu qədər sevir?” Jalənin cavabı və göstərdikləri bir daha sübut etdi ki, bu sevgimizin və sonsuz ehtiramımızın kökündə onun tələbələrinə bəxş etdiyi o sonsuz ana qayğısı, pozitivliyi və səmimiyyəti dayanır.
Sevda xanım tələbələrinin hər bir uğuruna öz övladının uğuru kimi sevinir, zəif, ehtiyacı olan, çətinliyə düşən hər bir gəncin ilk olaraq yanında yer alır, onlara arxa-dayaq olur. Auditoriyaya addım atdığı ilk andan saçdığı isti təbəssüm, xoş söz və səmimiyyət tələbələrə böyük ruh verir. Məhz buna görə də tələbələri onu ürəkdən sevir, ona sonsuz ehtiram bəsləyirlər. Sevda xanım da hər gün tələbələri ilə birgə olmaqdan, onların işıqlı baxışlarında özünü tam mənası ilə yaxşı və xoşbəxt hiss edir.
Sevda xanımı yalnız bir mütəxəssis, müəllim kimi deyil, ilk növbədə insanlığı, geniş ürəyi, nəcibliyi ilə tanıyanlar yaxşı bilirlər ki, o, dedi-qodulardan uzaq, heç kimi müzakirə etməyən, hamının yaxşılığını istəyən nadir şəxsiyyətlərdəndir. Onun hər addımında kökdən gələn böyük bir tərbiyə, özünüdərk və mənəvi saflıq duyulur. Lənkəranda tanınmış və hörmətli bir ailənin gəlini olan Sevda xanım heç vaxt kiminsə hesabına deyil, yalnız öz halallığı, zəhməti və fədakarlığı ilə özünə yol açıb, öz zəhmətinə və nüfuzuna görə böyük hörmət qazanıb.
Sevda xanımın həyatında ailə ocağının xüsusi yeri var. Onun həyat yoldaşı Nicat müəllim təkcə ömür-gün yoldaşı deyil, həm də onun ən yaxın dostu, hər bir arzusunu reallaşdıran, ona arxa-dayaq olan insandır. Onların nümunəvi ailə tablosunda böyüyən üç oğul övladının artıq öz ocaqları var. Sevda xanım gəlinlərinə öz qızı kimi yanaşan, övladlarının işinə müdaxilə etməyən, evi xoşbəxtlik və dincliklə dolduran genişürəkli bir qaynanadır. Bu gün nəvələrinin əhatəsində olan Sevda xanım həm də gözəl bir nənə xoşbəxtliyini yaşayır. O, xəyanəti sevməyən, hər zaman adı xeyir işlərdə hallanan, öz ləyaqəti ilə fərqlənən həqiqi vətənpərvər xanımdır.
Sevda xanımın ömür kitabının gözəl və əlamətdar bir səhifəsinə yeni doğum günü daxil olub. Bu özəl gündə Sevda xanıma möhkəm cansağlığı, ailə səadəti, bitib-tükənməyən enerji və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Doğum gününüz mübarək, əziz və sevimli Sevda müəllimə!

Leyla Qadır qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi, dosen, ttarix üzrə fəlsəfə doktoru, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

