Mənəviyyat zirvəsi: Şalı Canıyev. – Leyla Məcidova yazır
Xalqın mənəvi sərvətini, onun tarixi təfəkkürünü və maarifçilik ənənələrini yaşadan parlaq şəxsiyyətlər hər bir cəmiyyətin sütunudur. İllər, qərinələr keçsə də, öz şərəfli ömrünü elinə-obasına, gənc nəslin tərbiyəsinə və xalqının savadlanmasına həsr etmiş fədakar ziyalıların xatirəsi zamanın sınağından üzağlığı ilə çıxır. Lənkəran torpağı, bütövlükdə Azərbaycanın cənub bölgəsi əsrlər boyu elm, maarif və mədəniyyət xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Bu zəngin salnamədə özünəməxsus dəsti-xətti, dəyanəti, mərdliyi və pedaqoji ustalığı ilə dərin iz qoymuş böyük şəxsiyyətlərdən biri də Şalı Qurban oğlu Canıyevdir. Şalı müəllim təkcə bir pedaqoq, təşkilatçı və direktor, görkəmli xadim kimi deyil, eyni zamanda öyüdün, nəsihətin xəzinəsi, hər kəsin çətin anında dadına çatan xeyirxah bir insan, el üçün yaşayan nümunəvi el ağsaqqalı kimi hafizələrdə həkk olunmuşdur.
Şalı Qurban oğlu Canıyev 1923-cü ildə Lənkəran rayonunun füsunkar və qədim kəndlərindən biri olan Separadi kəndində anadan olmuşdur. Separadi kəndi tarixən öz ziyalıları, təhsilə verdiyi dəyəri və yetirdiyi görkəmli şəxsiyyətləri ilə tanınmışdır. Təsadüfi deyildir ki, görkəmli pedaqoq S.Tağıyev öz xatirələrində yazırdı: “Separadi kəndi Lənkəran maarifinin akademiyası sayılırsa, Şalı müəllimi bu akademiyanın prezidenti hesab etmək olar”. Lakin Şalı müəllimin ömür yolu və fəaliyyəti təkcə bir kəndin çərçivəsinə sığmamış, bütövlükdə Lənkəranın və cənub bölgəsinin mədəni-maarif həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Uşaqlıq illərindən elmə, biliyə böyük həvəs göstərən Şalı Canıyev ilk təhsilini doğma kəndində aldıqdan sonra, 1938–1941-ci illərdə Lənkəran Pedaqoji Texnikumunda təhsil almışdır. Bu illər gənc Şalının bir gələcək pedaqoq kimi formalaşmasında, onun dünyagörüşünün zənginləşməsində müstəsna rol oynamışdır. Texnikumu müvəffəqiyyətlə bitirdikdən sonra o, ilk pedaqoji fəaliyyətinə Masallı rayonunda müəllim kimi başlamış, gəncliyinin ilk alovlu illərini uşaqların qəlbinə bilik çırağı yandırmağa həsr etmişdir.
“O, 1923-cü ildə anadan olub. Rayonumuzun en nüfuzlu və tanınmış maarifçilərindən idi. 60 illik ömründə həmişə rəhbər vəzifələrdə çalışmış, sıravi müəllimlikdən rayon partiya komitəsinin II katibi kimi yüksək vəzifəyə qədər qalxmışdı. Onun kimi ziyalıları xalq barmaq ilə göstərirdi. Uşaqdan böyüyə hamı onu sevir, hörmət və ehtiram göstərirdi.”
Lakin dinc maarifçilik illəri uzun çəkmədi. İkinci Dünya Müharibəsinin başlaması ilə Şalı müəllim də minlərlə Azərbaycan oğlu kimi Vətənin müdafiəsinə qalxdı. 1941–1945-ci illərdə o, silaha sarılaraq faşizmə qarşı rəşadətlə döyüşdü, şərəfli və çətin bir döyüş yolu keçdi. Müharibə illərində göstərdiyi igidlik, dəyanət və komandirlik bacarıqlarına görə bir çox hərbi orden və medallarla təltif edildi. Cəbhədən baş leytenant rütbəsində qalib kimi qayıdan Şalı Canıyev yenidən öz doğma peşəsinə – mülki cəmiyyətin, təhsilin bərpası işinə qayıtdı.
Müharibədən dərhal sonra o, Kirdəni kənd məktəbinin direktoru təyin edildi. Geniş təşkilatçılıq bacarığı, tələbkarlığı və eyni zamanda müəllim və şagird kollektivinə olan qayğıkeş münasibəti sayəsində az bir zamanda Kirdəni məktəbini nümayişkaranə uğurlara qovuşdurdu. Təhsil sahəsindəki fəaliyyəti ilə yanaşı, öz üzərində çalışmağı da dayandırmadı. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-coğrafiya ixtisası üzrə ali təhsil alaraq elmi-pedaqoji biliklərini daha da dərinləşdirdi.
1955-ci ildə Şalı müəllimin təşkilatçılıq qabiliyyəti və yüksək nüfuzu nəzərə alınaraq, o, partiya işinə dəvət olundu. Əvvəlcə rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri, daha sonra isə rayon partiya komitəsinin II katibi vəzifəsinə qədər yüksəldildi. Lakin yüksək dövlət və partiya vəzifələrində çalışmasına baxmayaraq, Şalı müəllimin qəlbi həmişə məktəbdən, təhsildən və gənc nəslin tərbiyəsindən ayrı düşmədi. O, hər zaman sadəliyini, nəcabətini qoruyub saxladı, xalqın içində oldu, insanların çətinliyinə şərik çıxdı.
1960-cı ildə öz arzusu ilə yenidən birbaşa təhsil sisteminə qayıdan Şalı Canıyev Lənkəran şəhər 3 saylı məktəbinə, ardından 3 il İnternat məktəbinə və nəhayət, 1964-cü ildən ömrünün sonunadək – tam 20 il boyunca Lənkəran şəhər 7 saylı beynəlmiləl məktəbinə rəhbərlik etmişdir. Dəfələrlə Lənkəran şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmiş, ictimai xadim kimi rayonun sosial-mədəni inkişafında müstəsna xidmətlər göstərmişdir.
Bir rəhbər və pedaqoq kimi Şalı müəllim özünəməxsus idarəçilik məktəbi yaratmışdı. Məktəb direktoru işlədiyi illərdə o, təkcə inzibati rəhbər deyil, hər bir şagirdin, hər bir müəllimin doğma məsləhətçisi, mənəvi havadarı idi. Qeyri-adi səbri, təmkinliliyi, dəyanəti və dərin ağlı ilə o, hamıdan fərqlənirdi. Məktəbdə intizamı sərtliklə deyil, şəxsi nümunəsi, səmimiyyəti və dərin hörməti ilə təmin edirdi. Onun direktorluq etdiyi 7 saylı beynəlmiləl məktəb cənub bölgəsində təlim-tərbiyənin yüksək səviyyəsinə, yetirdiyi savadlı və vətənpərvər kadrlarına görə həmişə ön sıralarda gedirdi.
Şalı müəllim şagirdlərinə təkcə elmin əsaslarını öyrətmirdi, o, gənclərə insanlığı, mərdliyi, vətənə və xalqa sədaqətlə xidmət etməyi aşılayırdı. Şagirdlərinin yaddaşında o, hər zaman dik qamətli, xeyirxah baxışları, müdrik sözləri və ədalətli qərarları ilə qalmışdır. Hər bir yetirməsinin uğuruna öz övladının uğuru kimi sevinən Şalı müəllim, gənclərin ali təhsil almasında, cəmiyyətdə layiq olduqları yeri tutmasında böyük fədakarlıqlar göstərmişdir.
Həyatda ən böyük sərvət insani keyfiyyətləri qorumaq və elin ehtiramını qazanmaqdır. Şalı müəllim özünün saf, pak və müdrik əməlləri ilə ətrafındakı hər kəsə örnək olmuşdur. O, qapısına kömək üçün gələn heç bir insanı naümid qaytarmaz, xeyirxahlıq etməyi özünün mənəvi borcu hesab edərdi. Şalı müəllimin nəcib təbiəti, təmiz ürəyi və parlaq mənəviyyatı haqqında oğlu Şəmsəddin Canıyev özünün Atasının xatirəsinə yazdığı “Ürəklərdə yaşayan müəllim” kitabında yazır: “Eşitmişəm ki, Allahın yaratdıqları içərisində ən şərəflisi insandır. İnsanın yaratdıqları arasında isə ən şərəflisi kitabdır. Kitabların ən şərəflisi “Quran”-dır. “Quran”-ın da ən çox tövsiyə etdiyi şey mehriban və rəhmli olmaqdır. Mənim atam əsl mehriban və rəhmli bir insan idi. Odur ki, ona bir şərəfli iş həsr etmək qərarına gəldim. Göy ruhu şad olsun. Mənim üçün çəkdiyi zəhmətlərin qarşısında ona bu kitabı hədiyyə etdim”.
Şalı müəllim təkcə görkəmli bir maarifçi və ictimai xadim deyil, həm də nümunəvi, qayğıkeş bir ata olmuşdur. O, cəmiyyət üçün, xalq üçün gərəkli, ləyaqətli və vətənpərvər övladlar böyütmüşdür. Şalı müəllimin böyütdüyü beş oğlu – atasının mərdlik, vəfalılıq, etibarlılıq və alicənablıq məktəbini layiqincə davam etdirmişdir. Atanın verdiyi tərbiyə, öyüd və nəsihət xəzinəsi bu övladların həyat yolunda mayak olmuşdur.
Onun oğlanlarından biri, atasına dərin mənəvi ehtiram bəsləyən və onun xatirəsini yaşadan Şəmsəddin Canıyevin “Can Vətən” kitabında atasının əziz xatirəsinə həsr etdiyi poetik misralar Şalı müəllimin mənəvi ucalığını və övlad qəlbindəki əbədi yerini bütün çılpaqlığı ilə əks etdirir:
O, təkcə bizlərə deyildi ata,
Bütün tayfa onu ata sayırdı.
Heyif, zalım fələk törətdi xəta,
Atamı bizlərdən çox tez ayırdı.
Neçə qalxa bildi belə zirvəyə?
Buna çatmaq üçün zəka gərəkdir.
Nə cür sevdirmişdi özün hamıya?
Ruhumda gizlənən gözəl mələkdir.
Nə qədər yazsam da atadan, yenə
Layiq ola bilməz onun şəninə.
Çünki ata sözü ülvidir, pakdır,
Heç söz layiq olmaz onun yerinə.
Bu misralar təkcə bir oğulun atasına olan sevgisi deyil, eyni zamanda bir elin, bir obanın Şalı müəllimə olan ümumxalq məhəbbətinin təzahürüdür.
Maarif mülkünə çıraq yandıran,
El-oba qəlbində taxt quran insan.
Ömrünü xalqına, elə calayan,
Hər kəsə arxa, dağ olan insan.
Zaman keçsə də, solmaz əməlin,
Biliklə bəzəndi neçə gələcək.
İşıqlı xatirən, müdrik kəlamın,
Nəsillər qəlbində yaşayacaqdır.
Həqiqətən də, Şalı müəllim yalnız öz doğma övladlarının deyil, yüzlərlə şagirdinin, gəncin mənəvi atası, yol gösterəni olmuşdur. O, öz həyatı ilə necə yaşamağın, necə mərd və ləyaqətli insan olmağın canlı dərsini keçmişdir.
1983-cü ildə, 60 illik mənalı və şərəfli ömrünün zirvəsində dünyasını dəyişən Şalı müəllimin vəfatı bütöv Lənkəran ictimaiyyətini, onu tanıyan hər kəsi dərin kədərə qərq etdi. Onun məzarı Lənkəran şəhərinin Kiçik Bazar qəbiristanlığındadır. Lakin Şalı müəllim kimi insanlar fiziki olaraq aramızdan getsələr də, mənən həmişə bizimlədirlər. Zaman keçdikcə bu dünyaya çoxlu insanlar gəlib gedəcək, lakin xalqımızın yaddaşında, cənub bölgəsinin maarif salnaməsində Şalı Canıyev kimi tarihi şəxsiyyətlərin adı heç vaxt silinməyəcəkdir.
Şalı müəllimin həyatı və yaradıcılığı bir daha sübut edir ki, həqiqi böyüklük vəzifə və titullarla deyil, insanlara göstərilən mərhəmətlə, qazanılan xalq sevgisi ilə ölçülür. O, rəhbər vəzifələrdə çalışarkən də, sadə müəllim kimi dərs deyərkən də heç vaxt öz sadəliyini, nəcabətini, xalq adamı imicini itirmədi. Təsadüfi deyildi yazıçı-publisist Hafiz Mirzənin “Separadi” kitabında dediyi kimi: “O, hər zaman öz sadəliyini, nəcabətini itirməmiş, xalq adamı imicinə sadiq qalmışdı”.
Bu gün biz tarixçilər, pedaqoqlar və ziyalılar Şalı müəllim kimi fədakar insanların irsini öyrənməyi, gənc nəslə çatdırmağı mənəvi borcumuz hesab edirik. Onun şərəfli ömür yolu şagirdləri üçün, cənub bölgəsinin gənc pedaqoqları üçün əsl vətənpərvərlik, ləyaqət və fədakarlıq məktəbidir. Şalı müəllimin yandırdığı təhsil və maarif çırağı bu gün də onun yetirmələrinin, övladlarının və davamçılarının əməllərində gur alovla yanmaqda davam edir.
Qəbrin nurla dolsun, böyük müəllim, müdrik insan, mərd el oğlu! Sənin əziz xatirən Lənkəranlıların, bütöv Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır!

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi,
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

