Elin yaddaşında yaşayan qadın, şəfalı əllər sahibi olan ana… Xatirə Xatun yazır
Həmişə elə düşünmüşəm ki, bir insanı tanımaq üçün onunla görüşmək vacib deyil. Əgər insanı yalnız onunla üz-üzə gəldiyimiz, oturub söhbət etdiyimiz qədər tanımış olsaydıq, bu gün artıq tarixə qovuşmuş klassikləri, siyasi xadimləri , böyük yazarları və s. necə tanıya bilərdik? Bəzən bir insanın ömründən qalan izlər onu heç görməyənlərin də qəlbinə yol tapır. Bu gün haqqında sizə danışmaq istədiyim, sorağı təkcə yaşadığı cənub bölgəsinə deyil, bütün ölkəyə yayılan el anası Əminə xanımı mən də sağlığında tanımamışam. Onunla bir süfrə arxasında oturmamış, söhbət etməmiş, səsini eşitməmişəm. Amma haqqında danışılanları eşitdikcə, gözlərimin önündə fərqli bir qadın obrazı yaranıb.Və bir daha əmin olmuşam ki, bəzi insanlar ömürlərini yalnız özləri üçün yaşamırlar. Onlar yaşadıqları cəmiyyətin yaddaşına çevrilirlər.
Əminə ana da belə şəxsiyyətlərdən olub.
Onun adı çəkiləndə ilk yada düşən “ana” sözü deyil, “el anası” ifadəsidir. Çünki o, yalnız öz övladlarının anası olmayıb. Qapısını döyən hər kəsə doğma münasibət göstərib, dərdi olanın dərdinə şərik çıxıb, kömək istəyənin əlindən tutub. Onun şəfqəti evinin divarları, Astaradan gəlin gəldiyi Səpnəkəran kəndinin sərhədləri ilə məhdudlaşmayıb, böyük bir elin-obanın içinə, ölkənin hər yerinə yayılıb.
El anası olmaq hər qadına nəsib olan ad deyil. Bunun üçün böyük ürək, təmənnasızlıq, insan sevgisi və illər keçdikcə azalmayan bir mərhəmət lazımdır. Əminə ana bu adı özünə heç vaxt tələb etməyib. İnsanlar ona bu adı yaşadığı ömürlə qazandırıblar. O insanlar ki, müxtəlif yerlərdən onun yanına gəlir, çarə axtarır, ümid gətirirdilər. Hətta həkimlərin belə bəzən xəstələrini onun yanına göndərdiyi söylənilir. Bunu mənə bütün əmək fəaliyyəti boyu Lənkəran mərkəzi xəstəxanasının travmatologiya şöbəsində çalışan, bölgənin bir zamanlar gips üzrə yeganə mütəxəssisi olan anam danışıb. Bu faktın özündən daha maraqlı olan isə insanların ona bəslədiyi inamdır. Çünki insan yalnız bacarığına görə deyil, həm də insanlara verdiyi ümidə görə yadda qalır.
Əminə ananın fitri bir qabiliyyəti olduğu barədə çox söz -söhbət eşitmişəm. Barmaqları ilə, toxunuşu ilə insanın harasında problem olduğunu müəyyənləşdirdiyinə inanılırdı. O, əsasən sınıqcılıqla məşğul olub. Xalq təbabətinin qədimdən gələn biliklərinə söykənən bu sahədə özünəməxsus istedadı ilə seçilib. El təbabətini də yaxşı bildiyindən müxtəlif dərdlərlə onun yanına gələn insanlara əlindən gələn köməyi göstərib. Xüsusilə, övlad həsrəti ilə yaşayan ailələrin yaddaşında onun ayrıca bir yeri olduğu söylənilir. Uzun müddət hamilə qala bilməyən gəlinlər ümidlə onun qapısını döyüblər. Onun verdiyi mənəvi dəstək, göstərdiyi qayğı və bildiyi xalq üsulları bir çox qadının həyatında ümidə çevrilib.
Bəlkə də Əminə ananın əsas sirri elə burada idi: o, insanlara yalnız əlac deyil, ümid də verirdi. Çünki bəzən xəstəlikdən daha ağır olan ümidsizlikdir. İnsan dərdinə bir çarə tapmasa belə, yanında onu anlayan, ona ürək-dirək verən bir nəfərin olmasını istəyir. Əminə ana isə qapısına gələnləri yalnız xəstə kimi görməyib. Qarşısındakı insanın qorxusunu, narahatlığını, ümidini də görüb.Onun haqqında danışanların yaddaşında məhz bu insani tərəf daha çox yaşayır.
Əminə ana cəmi 66 il ömür yaşadı. Elin dadına çatan, hamıya lazım olan bir insan üçün bu, əlbəttə, çox qısa ömürdür. Amma bəzi ölümlər insanı həyatdan aparsa da, onun izini silə bilmir. Əksinə, insanın yoxluğu bəzən varlığını daha aydın göstərir.
Bu gün onun övladları, nəvələri və onu tanıyan insanlar Əminə ananın adını yaşadırlar. Qızları Velədi kənd orta məktəbinin direktoru Mahizər müəllimə və LDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Leyla xanım onun sənətini davam etdirirlər.Hətta Leyla xanımın qızının da bu el sənətinə maraq göstərdiyini və öyrənməyə cəhd etdiyini eşitmişəm. Beləcə, əl- ələ, ürək-ürəyə verib Əminə ananın miras qoyduğu bu sənəti yaşadırlar.
Əminə xanımın ən böyük mirası isə nə var-dövlət, nə ev-eşik, nə də maddi sərvətdir. Onun ən böyük mirası insanlara etdiyi yaxşılıqlardır. Bir valideyin övladlarına qoyduğu ən qiymətli sərvət isə yalnız tərbiyə deyil, həm də insanlara necə münasibət göstərməyi öyrətməkdir. Əminə ana dörd övlad böyüdüb, amma onun ana qayğısı dörd övladla bitməyib. Onun mərhəmətindən neçə-neçə ailə, neçə-neçə insan pay alıb.
Yaşasaydı bu gün ömrünün 71 -ci avqustu olacaqdı, olmadı…Bu gün evin hər küncündə onun yoxluğu hiss oluna bilər. Amma mənə elə gəlir ki, Əminə ana o evdən tamamilə getməyib. O, övladlarının davranışında, nəvələrinin dilində, onu xatırlayan insanların yaddaşında yaşayır. Bəlkə də insanın dünyadan köçəndən sonra yaşamasının ən gözəl yolu budur: səni görməyən insanlar belə sənin haqqında yaxşı danışsınlar.
Yəqin ki, bu yazını oxuyanlardan mənim kimi Əminə ananı sağlığında görməyənlər az olmayacaq. Amma haqqında danışılanlardan onu görmədən tanımaq mümkündür. Çünki insanın əsl portreti gördüyü işlərdə, arxasında qoyduğu izlərdə görünür. Əminə ananın izi isə çox yerdən keçir: bir vaxt onun qapısını döyən insanların yaddaşından, şəfa ümidi ilə yanına gələn qadınların xatirəsindən, övladlarının həyatından, nəvələrinin sevgisindən və onu “el anası” adlandıran insanların dilindən.
Ona görə də Əminə ana haqqında yazmaq, əslində, dünyadan köçmüş bir qadının həyatından danışmaq deyil.Bu, bir qadının necə elin anasına çevrildiyini oxucu ilə bölüşməkdir.Və belə insanların ömrü ölüm gəlincə bitmir.Onlar insanların yaddaşında yaşamaqda davam edir.
Əminə ana da bax beləcə yaddaşlarda yaşayır —bir ananın şəfqəti, bir qadının fitri istedadı, bir insanın mərhəməti və bir elin sevgisi kimi…
Şair- publisist XATİRƏ XATUN.
15 avqust, 2026-cı il, LƏNKƏRAN

