Şərəfli ömrün yaşayan xatirəsi: Professor Məsudi Dövran. – Leyla Məcidova yazır
İşıqlı xatirəsi, elmi irsi və insanlıq dərsliyi olan böyük ziyalımız, görkəmli alim və şair Məsudi Dövranın (Məsud Məmmədov)doğum günü təssüf ki,bu il onsuz keçdi.Onun qoyub getdiyi irs təkcə yazdığı monoqrafiyalarda, müdafiə etdiyi dissertasiyalarda deyil, birbaşa toxunduğu insan talelərində, dərs dediyi tələbələrinin qəlblərində qoyduqları iz və dostluğ etdikləri insanların müqəddəs xatirələrində yaşayır.Məsud müəllim həmişə deyərdi mən 120 il yaşayaram,çox heyif ki,bəzən arzularımıza,istəyimizə yetmədən vəfasız dünya,əbədiyyət qapısını üzümüzə,daha tez açır.
Azərbaycanın elmi və ədəbi fikrinin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Özbəkistanın Xalq Maarif əlaçısı Məsudi Dövran Məsud Əliağa oğlu Məmmədov məhz belə unudulmaz ziyalılardan idi. Dünən onun doğum günü idi. İyulun 27-si təqvimlərdə adi bir gün kimi ötüb keçsə də, onu tanıyanların, fədakarlığını və səmimiyyətini duyanların qəlbində böyük bir nisgil və eyni zamanda dərin bir qürur hissi ilə yad olundu.
Məsud Məmmədov 1937-ci il iyulun 27-də Astaranın Şahağac kəndində dünyaya göz açmışdı. Uşaqlıq və gənclik illərindən elmlə, maaariflə döyünən qəlbi onu addım-addım böyük zirvələrə doğru apardı. 1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbini bitirdikdən sonra, doğma Şahağac kəndində pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlayan Məsud müəllim gənc nəslin tərbiyəsinə ilk töhfələrini verdi. 1958–1962-ci illərdə ordu sıralarında şərəfli xidmət keçdikdən sonra həyatını birdəfəlik elmin və dilçiliyin işıqlı yoluna bağladı. 1962–1967-ci illərdə M. F. Axundov adına Azərbaycan Pedoqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsində ali təhsil aldı və institutu bitirən kimi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun İran və Qafqaz dilləri şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başladı.
Onun elmi təfəkkürünün miqyası və cəsarəti çox keçmədən özünü göstərdi. Məsud Məmmədov 1973-cü ildə o, dövr üçün elm aləminə demək olar ki, məlum olmayan, qaranlıq səhifələrdən sayılan “Xələc dili” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək türkologiya və dilçilik aləmində böyük əks-səda doğurdu. Bu fədakar alimlik yolu onu Azərbaycanın hüdudlarından kənara da apardı. 1975–1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim kimi işə başlayan Məsud müəllim zəhməti, dərin biliyi və təşkilatçılıq qabiliyyəti sayəsində Rus dili kafedrasının müdiri, Rus dili və ədəbiyyatı fakültəsinin dekanı və 1987–1992-ci illərdə Tədris işləri üzrə prorektor vəzifəsinə qədər ucaldı. O, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini aldı, 1985-ci ildən isə professor adını şərəflə daşıdı. Şərq elminə və təhsilinə xidməti yalnız Özbəkistanla bitmədi,1992–1994-cü illərdə Qazaxıstanın Çimkənd vilayətinin Türkistan şəhərində təşkil olunmuş Türk–Qazax Beynəlxalq Universitetinə dəvət edilərək orada Türk dili kafedrasına rəhbərlik etdi.
Lakin onun vuran qəlbi həmişə doğma torpağa, Azərbaycana, Lənkəran elinə bağlı idi. 1994-cü ildən ömrünün son gününə qədər Lənkəran Dövlət Universitetində çalışan professor Məsud Məmmədov burada bütöv bir alimlər və müəllimlər nəslinin yetişməsində əvəzsiz rol oynadı. O, 300-ə yakın elmi məqalənin, 5 monoqrafiyanın, o cümlədən 2021-ci ildə işıq üzü görən və bölgənin toponimik xəritəsini elmi dürüstlüklə təhlil edən “Azərbaycanın Lənkəran zonasının toponimləri” adlı qiymətli əsərin müəllifi idi. Məsudi Dövran təkcə elmlə deyil, həm də səmimi və coşğun poetik təblə yaşayırdı. Rus, özbək, talış və doğma Azərbaycan dillərində qələmə aldığı incə ruhlu şeirləri ilə oxucuların qəlbinə yol tapmışdı. Onun “Həsrət” (1996), “Belə dünyadır bu dünya” (1999), “Yetim dünya” (2000), “Ömürdən bir damla” (2003), talış dilində yazdığı “Az tolışim” (2004) və Daşkənddə işıq üzü görən özbək dilli “Tyrandan ovoz” (1994) şeir kitabları onun zəngin daxili aləminin, elinə-obasına bağlılığının fəlsəfi-poetik təzahürü idi.
Bütün bu elmi titanlığın, professor ucalığının arxasında isə sonsuz bir insanlıq, əxlaq və səmimiyyət dayanırdı. Məsud müəllim dostluğun qədrini bilən, tikəsini dostları ilə bölən, hər cür haqsızlığa qarşı barışmaz duruşu olan nəcəb bir ziyalı idi. O, Lənkəran Dövlət Universitetində addım atan hər bir tələbəsini, hər bir gənc mütəxəssisi öz övladı kimi sevir, onların uğuruna valideyn kimi sevinirdi. Mənim də taleyimdə onun xüsusi və unudulmaz yeri var; məni Lənkəran Dövlət Universitetində işə qəbul edən, ilk addımlarımdan inam bəxş edən məhz Məsud müəllim olmuşdur. O, mənə həmişə böyük bir etimadla “pis günün dostu” deyərdi. Həyatında keçirdiyi ad günlərində, təntənəli yubileylərdə zəhmət olmasın deyə mənə öncədən xəbər verməzdi, amma mən hər dəfə tam bu günkü kimi,ad gününün ertəsi günü onun yanına gedər, səmimi təbriklərimi çatdırar, o xoş simasındakı nuru və sevinci izləyərdim. Bu gün də eynilə o gündür… Yenə iyulun 28-idir, yenə Məsud müəllimi təbrik etməyə gəlmişəm, amma bu dəfə onun fiziki yoxluğunun verdiyi ağır kədər və ruhuna oxunan dualarla.
2 fevral 2026-cı ildə Məsudi Dövran haqq dünyasına qovuşdu. Lakin onun böyük elmi irsi, yazdığı dəyərli kitablar, yetişdirdiyi yüzlərlə tələbə və ən əsası, insanlıq dərsi keçdiyi əziz dostlarının xatirəsi onu heç vaxt unudulmağa qoymayacaq. Böyük alim, səmimi dost, unudulmaz müəllim Məsud Məmmədovun doğum günündə ruhu qarşısında dərin ehtiramla baş əyirik. Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun!
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

