“İnsanları birləşdirən kitabın özü deyil, onun içindəki bilikdir” – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovun açıqlamaları

“Şəhərlər əvvəlcə daşla qurulur, sonra kitabla yaşayır”. Şuşada istifadəyə verilən “Kitab dayanacağı” da məhz bu baxımdan sadəcə bir layihə deyil, şəhərin yenidən formalaşan mədəni kimliyinin və intellektual həyatının simvolu kimi diqqət çəkir.

Rəqəmsal dövrdə açıq hava kitabxanasının yaradılması cəmiyyətə hansı mesajı verir? Kitab hələ də insanları birləşdirən əsas mədəni vasitə hesab oluna bilərmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında kulturoloq Aydın Xan Əbilov bildirib ki, açıq hava ictimai kitab rəfi layihəsini vaxtilə ilk dəfə “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyi, “Kitabxana.net” və Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana layihəsi olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə İçərişəhərdə həyata keçirilibdi.

Onun sözlərinə görə, sonrakı illərdə də bu cür layihələr reallaşdırılıb:

“Məsələn, Axundov adına Milli Kitabxananın həyətində açıq kitabxana fəaliyyət göstərir. Eyni zamanda, bu yaxınlarda Hövsanda da açıq kitab rəfi istifadəyə verilib. Əlbəttə, kitab mətn və informasiyanın yayım vasitəsi kimi tədricən öz yerini rəqəmsal platformalara versə də, mədəni dəyər kimi, həmçinin kreativ sahələrə marağın artırılması, nəsillər arasında ünsiyyətin və bağların möhkəmləndirilməsi baxımından bu cür təşəbbüslər cəmiyyətin diqqətini cəlb etməlidir.

Ümumiyyətlə, XXI əsrdə süni intellektin və informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, dünyanın innovasiya, robototexnika, nanotexnologiya, informasiya texnologiyaları və kosmosun fəthi uğrunda yarışdığı bir dövrdə kağız kitaba qayıdış mənə bir qədər təəccüblü görünür. Hesab edirəm ki, kağız kitab artıq öz tarixi mərhələsini yaşayır. Necə ki, əlyazmalar, gil lövhələr, heyvan dərisi üzərində yazılmış mətnlər zamanla tarixə qovuşdu, kağız kitab da həm ekoloji baxımdan, həm də böyük resurs tələb etdiyinə görə tədricən öz yerini rəqəmsal formata verir. Bu reallığı qəbul etməliyik. Bu gün bir smartfon vasitəsilə milyonlarla elektron kitaba, elmi, bədii, dini, ictimai-siyasi və digər mətnlərə çıxış mümkündür. Belə olan halda, məhdud tirajla çap olunan kağız kitablara bu qədər xüsusi diqqət göstərilməsini səmimi qarşılamıram. Düşünürəm ki, bu, daha çox kitabın Azərbaycan cəmiyyətində daşıdığı simvolik və mənəvi dəyərlə bağlıdır. Kitab xalqımız üçün hər zaman müqəddəs sayılıb. Məsələn, əvvəllər Qurani-Kərim’in saxlanıldığı otaqda spirtli içki qəbul edilməzdi. Bu münasibət kitab anlayışına da müəyyən mənada sirayət edib. Buna görə də kitab ətrafında keçirilən bəzi simvolik aksiyalar mənə o qədər də inandırıcı görünmür.

Şuşada yaradılan “Kitab dayanacağı” Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə həyata keçirdiyi layihə kimi maraqlıdır. Belə təşəbbüslərə etirazım yoxdur. Lakin avtobusu 5–10 dəqiqə gözləyən bir insanın həmin müddətdə kitabla səmərəli şəkildə tanış olacağına inanmıram. Bu baxımdan layihə bir qədər simvolik təsir bağışlayır.

Dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyədə, Avropa və Latın Amerikasının bir sıra dövlətlərində oxşar layihələr həyata keçirilib. Vaxtilə səyyar kitabxanalar da fəaliyyət göstərirdi. Azərbaycanda da Gənclər Fondu bu formatda təşəbbüslər reallaşdırmışdı. Ancaq bu model geniş yayılaraq uzunmüddətli nəticə vermədi.

Hazırda bizim də rayonlardan birində icma əsaslı açıq kitabxana layihəmiz var. Burada həm kiçik fiziki kitabxana, həm də elektron kitabxananın yaradılması nəzərdə tutulur. Məqsəd gəncləri oxumağa, bilik və bacarıqlarını inkişaf etdirməyə təşviq etməkdir.

Məncə, insanların kitaba marağını artırmaq üçün daha güclü motivasiya mexanizmlərinə ehtiyac var. Məsələn, Braziliyada həbsxanalarda məhkumlar kitab oxumaqla cəzalarının müəyyən hissəsinin azaldılmasına nail ola bilirlər. Bu, real motivasiya nümunəsidir. Bir sıra ölkələrdə isə bahalı cildli kitablar nüfuzlu hədiyyə hesab olunur. Belə ənənələr də kitaba münasibətin formalaşmasına müsbət təsir göstərir.

Azərbaycanda isə mütaliə səviyyəsi yüksək deyil. Belə şəraitdə kitab dayanacaqları və ya açıq kitabxanalar müəyyən keçid mərhələsində faydalı ola bilər. Ancaq düşünmürəm ki, bu layihələr cəmiyyətdə ciddi dönüş yaradacaq. Çünki vaxtilə yaratdığımız açıq kitab rəflərindəki kitablar oğurlandı, rəflər dağıdıldı və həmin layihələr davamlı olmadı.

Mənim fikrimcə, insanları birləşdirən əsas amil kitabın özü deyil, onun içindəki bilik və mətnlərdir. Əgər həmin mətnlər insanın, cəmiyyətin və dövlətin inkişafına xidmət edirsə, onların elektron və ya kağız formatında olmasının ciddi fərqi yoxdur.

Bu səbəbdən hesab edirəm ki, kağız kitab tədricən tarixi bir mərhələyə çevriləcək. Necə ki, çap qəzetləri və jurnallar əvvəlki mövqeyini itirib, kitablar da zamanla daha çox elektron formata keçəcək. Əsas məqsəd elektron mütaliə, elektron kitab və rəqəmsal bilik mədəniyyətini inkişaf etdirməkdir ki, Azərbaycan da innovativ və intellektual cəmiyyətlər sırasında daha güclü yer tuta bilsin”, – deyə kulturoloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

https://demokrat.az/az/news/289459/insanlari-birlesdiren-kitabin-ozu-deyil-onun-icindeki-bilikdir-aciqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir