Niyə bəzi biabırçı xalq mahnıları yox, müasir musiqilər tənqid edilir? – YYSİB sədri, ictimai və mədəniyyət xadimi, kulturoloq Aydın Xan Əbilovdan kəskin açıqlamalar
Xalq mahnılarının sözlərinə diqqətlə baxdıqda və ya onları dinlədikdə, bir çoxunda bu gün mübahisə doğuran sevgi, intim münasibətlər və açıq ifadələrlə rastlaşmaq mümkündür. Buna baxmayaraq, cəmiyyət daha çox müasir mahnıların mətnlərini tənqid edir. Niyə yüz illərdir ifa olunan xalq mahnılarındakı bu məzmunlar normal qarşılanır, amma eyni mövzular müasir musiqidə ortaya çıxanda ciddi müzakirələrə səbəb olur?
Məsələ ilə bağlı YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıcı-kulturoloq Aydın Xan Əbilov Demokrat.az-a bildirib ki, Azərbaycan xalq mahnıları, folklor nümunələri, məhəbbət dastanları və klassik ədəbiyyata baxanda sevgi, intim münasibətlər və qadın-kişi münasibətlərinə həsr olunmuş çoxsaylı mövzularla rastlaşırıq:
“Hətta bu mövzulara həsr olunmuş erotik və intim janrda əsərlər də yaradılıb. Sovet dövründə bunların əhəmiyyətli hissəsi qadağan edilib. Buna baxmayaraq, bir çoxu şifahi ənənə vasitəsilə günümüzə qədər gəlib çatıb. Xüsusən folklorun və xalq ədəbiyyatının daha çox tanınan nümunələrində, yəni lətifələrdə, meyxanalarda və xalq mahnılarında bu xüsusiyyətlər açıq şəkildə hiss olunur. Azərbaycan xalq mahnılarının bir hissəsini vaxtilə Axundov da tənqid etmişdi. “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri də qeyd edirdilər ki, bəzi xalq mahnılarının mətnləri zəifdir, eyni sözlərin təkrarına əsaslanır və bəzən mənası aydın olmur.
Amma maraqlıdır ki, həmin mətnlər çox vaxt tənqid olunmur. Əksinə, onları olduğu kimi çap edən tədqiqatçılar, naşirlər və nəşriyyatlar tənqid hədəfinə çevrilirlər. Bəzi insanlar özlərini milli-mənəvi dəyərlərin qoruyucusu kimi təqdim edərək araşdırmaçıların və müəlliflərin üzərinə gedirlər, onların işinə müdaxilə etməyə çalışırlar. Xalq musiqisinə və muğam mətnlərinə münasibətdə də tarix boyu belə yanaşmalar olub. Sovet dövründə sosialist ideologiyasını kifayət qədər təbliğ etmədiyi hesab olunan bir çox müğənni və bəstəkarın əsərləri qadağan edilirdi, efirlərə və dövlət tədbirlərinə buraxılmırdı. Bu gün də müəyyən dairələr müasir mahnıların, şeirlərin və musiqi əsərlərinin üzərinə gedərək onların mətnlərində erotik hissələrin, məişət mövzularının və ya sadə ifadələrin olmasını problem kimi təqdim edirlər. Halbuki sənətin əsas mövzuları çox qədimdən bəllidir. Bunlar doğuluş, ölüm, savaş, qəhrəmanlıq və məhəbbətdir. Məhəbbət isə həm ilahi, həm də dünyəvi formada təzahür edir. Ata-ana sevgisi, övlad məhəbbəti, qadın-kişi münasibətləri və digər insani duyğular sənətin ən çox işlənən mövzularındandır. Buna görə də hər mahnıdan və ya hər şeirdən böyük fəlsəfi ideyalar gözləmək doğru deyil”.
Kultoroloq deyib ki, bu gün tez-tez populyar müğənnilər, mahnı müəllifləri, nəğməkar şairlər və bəstəkarlar tənqid edilir:
“Onlara irad tutulur ki, mahnıların mətnləri zəifdir. Halbuki həmin tənqidləri edənlərin böyük hissəsinin gündəlik olaraq opera, simfonik musiqi və ya klassik poeziya ilə maraqlandığını demək çətindir.
Mahnı janrı ümumiyyətlə daha yüngül və geniş auditoriyaya hesablanmış janrdır. Onun məqsədi insanlara zövq vermək, onları ruhlandırmaq, şənləndirmək, toy və digər mərasimlərdə əhval yaratmaqdır. Bu, opera və ya böyük səhnə əsəri deyil ki, bütün mətnlər mürəkkəb fəlsəfi fikirlərlə yüklənsin. Mahnıların əsas funksiyası insan duyğularına təsir etməkdir.
Bir vaxtlar meyxana da eyni münasibətlə qarşılaşmışdı. Musiqili meyxana, elektron meyxana və yeni istiqamətlər yaranmağa başlamışdı. Hətta meyxananı fərqli musiqi janrları ilə birləşdirmək cəhdləri də vardı. Lakin bu yeniliklərin bir hissəsi sərt tənqidlər səbəbindən geniş inkişaf edə bilmədi. Halbuki meyxananın uğurlu və yüksək səviyyəli nümunələrini Azərbaycan kino və televiziya tarixində də görmüşük.
Bu gün də populyar musiqi oxşar münasibətlə qarşılaşır. İnsanlar bu mahnıları toylarda, ad günlərində, avtomobildə, ictimai nəqliyyatda və gündəlik həyatda dinləyirlər. Amma sosial şəbəkələrdə bəzən eyni insanlar özlərini daha intellektual göstərmək üçün həmin musiqiləri sərt şəkildə tənqid edirlər. Çox vaxt isə nəyi və niyə tənqid etdiklərini əsaslandırmırlar.
Mahnı mətnlərinin əsas mövzusu tarixən sevgi olub. Əlbəttə, İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri dövründə yüksək səviyyəli vətənpərvərlik mahnıları yarandı və cəmiyyət tərəfindən böyük maraqla qarşılandı. Bu, dövrün tələbi idi və həmin ehtiyac musiqidə də öz əksini tapdı”.
O deyib ki, bu o demək deyil ki, bütün musiqi yalnız vətənpərvərlik mövzusuna həsr olunmalıdır:
“Meyxanaçılardan, pop və rok ifaçılarından, şair və bəstəkarlardan yalnız müəyyən mövzular haqqında yazmağı tələb etmək mümkün deyil. Hər mövzunun öz zamanı və auditoriyası var. Tədbirlər üçün himnlər də yazılır, xüsusi layihələr üçün mahnılar da hazırlanır. İnsan həyatı isə ilk növbədə hisslər, duyğular və münasibətlər üzərində qurulub. Sevgi, ayrılıq, həsrət və insan münasibətləri haqqında mahnılar da buna görə həmişə aktual qalır. Maraqlıdır ki, cəmiyyət bir tərəfdən belə mahnılara ehtiyac duyur, digər tərəfdən isə onları yaradanları tənqid edir.
Müxtəlif janrlarda yazılmış mahnıları bir-birinə qarışdırmaq olmaz. Sevgi mahnısının, lirik əsərin, zarafatyana mahnının və ya vətənpərvərlik nəğməsinin məqsədi eyni deyil. Hər janrın öz estetikası, auditoriyası və yaradıcılıq prinsipləri var. Müğənnilər, bəstəkarlar və şairlər də həmin çərçivəyə uyğun əsərlər yaradırlar.
Ümumiyyətlə, Türkiyə, Rusiya, ABŞ və Avropa ölkələrinin müasir musiqi mətnləri ilə müqayisə aparanda Azərbaycan musiqisində vəziyyətin o qədər də mənfi olmadığını görmək mümkündür. Həm də nəzərə almaq lazımdır ki, ən sadə və ən populyar mahnılar belə Azərbaycan dilində səslənir və dilin gündəlik istifadəsinə xidmət edir. Bu baxımdan, vaxtilə Almaniyada kulturoloqların səsləndirdiyi bir fikir maraqlıdır. Onlar alman dilində rok və pop musiqisi yaradan sənətçilərin fəaliyyətini yüksək qiymətləndirirdilər. Hesab edirdilər ki, bu sənətçilər ingilisdilli pop mədəniyyətinin təsirinə baxmayaraq alman dilinin yaşamasına və inkişafına töhfə veriblər. Eyni yanaşmanı Azərbaycan musiqisinə də tətbiq etmək olar. Çünki bu gün yaradılan mahnılar, hətta ən sadə nümunələr belə, Azərbaycan dilinin geniş auditoriyaya çatmasına xidmət edir. Düşünürəm ki, bu mövzu ətrafında müzakirələr hələ uzun müddət davam edəcək”, – deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az

