Azərbaycanın bərpa olunan enerji potensialı: imkanlar və çağırışlar. QHT sədri İradə Həsənova
“Hər il 22 iyun tarixində qeyd olunan Dünya Bərpa Olunan Enerji Günü bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdən biri olan enerji təhlükəsizliyi və ətraf mühitin qorunması mövzularına diqqəti artırır. İqlim dəyişikliklərinin təsirlərinin getdikcə daha qabarıq hiss olunduğu müasir dövrdə bərpa olunan enerji mənbələrinin inkişafı təkcə ekoloji deyil, həm də iqtisadi və strateji əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan da yaşıl enerji keçidini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib”.
Bu sözləri “Səma və EKO” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə İsrafil qızı Həsənova YeniMedia.net portalına açıqlamasında bildirib.
O öz sözlərində vurğulayıb ki, Azərbaycan uzun illər neft və qaz ehtiyatları ilə tanınsa da, ölkənin bərpa olunan enerji sahəsində də kifayət qədər zəngin potensialı mövcuddur. Xüsusilə, günəş və külək enerjisi baxımından əlverişli təbii şərait Azərbaycanın bu sahədə regional liderlərdən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Abşeron yarımadası və Xəzər dənizinin sahilboyu əraziləri yüksək külək potensialına malikdir. Eyni zamanda, ölkənin əksər bölgələrində günəşli günlərin sayının çox olması günəş enerjisindən səmərəli istifadəyə şərait yaradır.
İradə Həsənova qeyd edib ki, son illərdə dövlət tərəfindən yaşıl enerji siyasətinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Xarici investorlarla əməkdaşlıq çərçivəsində günəş və külək elektrik stansiyalarının tikintisi həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması isə bu sahədə yeni imkanlar açır. Bu layihələr həm enerji istehsalının şaxələndirilməsinə, həm də karbon emissiyalarının azaldılmasına töhfə verir.
Müsahib öz sözlərində bildirib ki, bununla yanaşı, bərpa olunan enerji sektorunun inkişafı müəyyən problemlər və çağırışlarla da üzləşir. Əsas məsələlərdən biri ilkin investisiya xərclərinin yüksək olmasıdır. Günəş və külək stansiyalarının qurulması böyük maliyyə vəsaiti tələb edir və bu da bəzi hallarda layihələrin həyata keçirilməsini çətinləşdirə bilər. Digər tərəfdən, enerji sisteminin yeni texnologiyalara uyğunlaşdırılması və elektrik şəbəkələrinin modernləşdirilməsi zərurəti yaranır.
O qeyd edib ki, bərpa olunan enerji mənbələrinin hava şəraitindən asılı olması da vacib çağırışlardan biridir. Günəş və külək enerjisinin istehsalı təbii şəraitdən asılı olduğu üçün enerji sistemində sabitliyin qorunması məqsədilə enerji saxlama texnologiyalarının və ehtiyat güclərin inkişaf etdirilməsi tələb olunur.
Müsahib H. İradə vurğulayıb ki, kadr hazırlığı və texnoloji biliklərin artırılması da diqqət tələb edən sahələrdəndir. Yaşıl enerji sektorunun sürətli inkişafı üçün müasir texnologiyalarla işləyə bilən mütəxəssislərin hazırlanması, elmi tədqiqatların genişləndirilməsi və innovativ həllərin tətbiqi vacibdir.
Bundan əlavə, cəmiyyət arasında enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinin üstünlükləri barədə maarifləndirmə işlərinin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Əhalinin və biznes sektorunun yaşıl enerji layihələrinə marağının artırılması bu sahənin davamlı inkişafına müsbət təsir göstərə bilər.
Müsahib öz açıqlamasında deyib ki, belə ki, Azərbaycanın bərpa olunan enerji potensialı kifayət qədər yüksəkdir və bu potensial ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və ekoloji davamlılığın təmin edilməsi baxımından böyük imkanlar yaradır. Qarşıda duran problemlərin həlli, müasir texnologiyaların tətbiqi və investisiyaların artırılması sayəsində Azərbaycan gələcəkdə regionun aparıcı yaşıl enerji mərkəzlərindən birinə çevrilə bilər. Dünya Bərpa Olunan Enerji Günü isə bu istiqamətdə görülən işlərin əhəmiyyətini bir daha xatırladır və cəmiyyətin diqqətini dayanıqlı enerji gələcəyinə yönəldir.
O son olaraq bildirib ki, bərpa olunan enerji yalnız alternativ enerji mənbəyi deyil, həm də gələcək nəsillər üçün daha sağlam ətraf mühitin, enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın təminatıdır. Azərbaycanın zəngin günəş və külək potensialı ölkəmizin yaşıl enerji sahəsində mühüm uğurlar qazanmasına geniş imkanlar yaradır.
Nihad Əbilli

