Həqiqətin və insanlıq hissinin izi ilə: Henri van Rens. – Leyla Məcidova yazır
Əsl insanlıq və həqiqi dostluq coğrafi sərhədlər tanımır, o, bir vicdan, bir qəlb məsələsidir. Bəzən minlərlə kilometr uzaqda doğulmuş bir insan ömrünün yarıdan çoxunu tamamilə özgə bir torpağın ağrısını öz ağrısı bilməyə, onun haqq səsini dünyaya çatdırmağa həsr edir. Niderlandın dinc, sakit mühitindən çıxıb qəlbini Azərbaycanın, Qarabağın taleyinə bağlayan Henri van Rens böyük vicdanın və təmiz insanlığın canlı təcəssümüdür.
Henrinin daxili dünyasına nəzər saldıqda, qarşımızda yalnız akademik zəkası olan bir alim deyil, körpə saflığına malik, son dərəcə həssas bir insan qəlbi canlanır. Onun hər kəlməsində, hər baxışında dərin bir insan sevgisi, bir də xüsusi bir kövrəklik var. Bəlkə də bir ata kimi öz qızına olan sonsuz sevgisi, onun başqalarının övladlarının, Xocalı körpələrinin taleyinə bu qədər dərindən yanmasına səbəb olmuşdur. Hər söhbətimizdə qızından danışarkən gözləri dolan, buradan ayrılarkən qəlbi kövrələn bu nəcib insan, Xocalıda soyqırımına məruz qalmış məsum uşaqların yarımçıq qalmış arzularını öz şəxsi acısı kimi hiss etmişdir.
1946-cı ildə Niderlandda dünyaya göz açan Henri van Rens, həyatı boyunca təhsil, logistika texnologiyaları və pedaqoji fəaliyyətlə məşğul olmuş, mürəkkəb elmi və praktiki bilikləri sadə dillə insanlara çatdırmağı bacarmışdır. Lakin onun vicdanının tarixə çevrilən yolu insan hekayələrinin, unudulmuş həqiqətlərin və tarixi ədalətin arxasınca getməklə başlamışdır. Dünyanın müxtəlif guşələrinə — qədim İpək Yolundan tutmuş İrana və Qafqaza qədər uzanan səyahətləri onun qələmini yalnız bir tədqiqatçının deyil, həm də bir filosofun və hümanistin qələminə çevirmişdir.
Ancaq Henrinin ömründə xüsusi bir dönüş nöqtəsi Azərbaycan və Qarabağ olmuşdur. 2009-cu ildən etibarən, pandemiya ilini çıxmaq şərtilə, demək olar ki, hər il Azərbaycana gələn, kənd-kənd, qəsəbə-qəsəbə gəzərək Birinci və İkinci Qarabağ müharibəsinin canlı şahidlərini dinləyən Henri, tarixin soyuq səhifələrinə canlı insan nəfəsi gətirmişdir. O, sadəcə faktları toplamadı, qaçqın və köçkünlərin göz yaşlarını silməyə çalışdı, yetim qalmış uşaqların, yurdsuz qalmış anaların fəryadına öz qələmi ilə səs verdi.
Henri van Rensin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri Xocalı faciəsini dünyaya çatdıran həqiqət fədaisinə çevrilməsidir. Xocalıdan olan müəllimə Səriyyə Müslüm qızının içində ah-nalə, qan və göz yaşı daşıyan “They Never Grew Up” (“Onlar heç böyümədilər”) və “Ghosts from Khojaly” (“Xocalı ruhları”) kitablarını Niderland dilinə tərcümə edərək Avropa oxucusunun mühakiməsinə sunması, onun insanlıq qarşısında verdiyi ən böyük imtahan idi. Bəli, onlar heç böyümədilər… Amma Henri kimi həssas qəlbli insanların sayəsində o körpələrin ruhu heç vaxt unudulmadı və unudulmayacaq. Həmçinin Əhməd Omid Yezdaninin “Divided Azerbaijan” (“Bölünmüş Azərbaycan”) əsərini alman dilindən ingilis və niderland dillərinə çevirərək xalqımızın tarixi həqiqətlərini beynəlxalq müstəviyə çıxarmaqla bir daha göstərdi ki, o, yalnız bir tədqiqatçı deyil, həm də sadiq bir dostdur.
Bizim Henri ilə dostluğumuz artıq illərdir ki, səmimi və qırılmaz tellərlə davam edir. Henri dostluğu həqiqətən bacaran, dost qədrini bilən nadir insanlardandır. O, Azərbaycana hər gəlişində cənub bölgəsinin əsrarəngiz Cənub Mirvarisi olan Xan Lənkəranı, onun təbiətini, doğma Xəzəri dəfələrlə ziyarət edir. Lənkərana gəlişi bizim üçün hər zaman böyük bir bayrama, dərin elmi və insani söhbətlərin mənbəyinə çevrilir. Xəzərin pıçıldadığı dalğalarda, Lənkəranın füsunkar gözəlliyində Henri özünə bir ruhi rahatlıq tapır, bu torpağa və insanlara olan sevgisi hər səfərində daha da dərinləşir.
Bu gün 80-ə yaxınlaşan yaşının verdiyi müdriklik və bitmək bilməyən enerjisi ilə Henri van Rens abidəyə çevrilən şah əsərini tamamlamaq üzrədir: iki cilddən ibarət, hər biri 550 səhifəlik “Dark Clouds over Karabakh” (“Qarabağ üzərində qara buludlar”) kitabı. Həm ingilis, həm də niderland dilli oxucular üçün nəzərdə tutulmuş bu monumental əsər Qarabağın torpaqlarını, kəndlərini, insanlarını və onların çəkdiyi əzabları ən xırda detalına qədər işıqlandırır. Tezliklə növbəti dəfə Bakıya və Lənkərana gəlməyə hazırlaşan bu nəcib insan, yazdığı məkanları, danışdırdığı insanları bir daha ziyarət edəcək, kitabının təqdimatını keçirəcəkdir.
Əziz dostum Henri van Rens, sənə möhkəm cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi və yeni-yeni uğurlar arzulayıram! Sənin Azərbaycan xalqının haqq işinə verdiyin dəyərli töhfələr, sədaqətin, həssas qəlbin və səmimi dostluğun heç vaxt unudulmayacaq, adını tariximizə və qəlblərimizə qızıl hərflərlə yazacaqdır.
Tezliklə doğma Lənkəranda yenidən görüşmək ümidi ilə, var ol, doğma insan!

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

