İki ananın hekayəti. Yazıçı Cəfər Şıxcanovdan həyati bir hekayə
Bütün gecəni ulayıb qapı-pəncərələri döyəcləyən külək sübhə yaxın ara verib sakitləşdi. Bakıya mülayim gələn qış elə bil qəzəbini fevral ayının axrına saxlayıbmış. Ara-sıra yağmağa başlayan qar arxasınca dondurucu şaxtanı da gətirmişdi.Ərzaq almaq niyyəti ile evdən çıxdım.Binamızla yaxınlıqdakı ticarət mərkəzi arasında yüz əlli iki yüz metrə ola-olmaya. Buz bağlamış səki ile piyada yol gedirdim.Qarşıdakı kiçik meydançada bir dəstə adamın yığışaraq bərkdən danışıb nəyisə müzakirə etdikləri diqqətimi çəkdi.
Həmin yerdə adətən məhəllə sakinlərinin istifadəsi üçün zibil qutuları qoyulurdu. O səbəbdən sahibsiz itlərin dolaşdığı bu məkanda bəzən evsiz-eşiksiz və ya yemək axtaran adamlara da rast gəlmək olurdu. Addımlarımı yeyinlədib meydançaya yetişdim. Gördüyüm ürək parçalayan mənzərəni isə üstündən bir neçə il keçməsinə baxmayaraq hələ də unuda bilmirəm.Bura toplaşanların çoxu qadınlar idi.
Hamı ağzına kimi dolu qutuların ətrafına səpələnən zibillərin üstünə atılmış cirkli qundaqdakı körpəyə baxırdı. Deyəsən, uşaq yenicə doğulmuşdu. Çünki kiçiçik üz-gözündəki bulaşıq qan ləkələrionun ana bətnindən düşüncə yuyulub təmizlənmədənbirbaşa gətirilib bura atıldığından xəbər verirdi. Körpə hərdən zorla ət basmış göz qapaqlarını yarıya kimi açıb-yumur nimdaş əski ilə sarınmış əl-ayağını tərpətmək istəyərkən qundaq yavaşca yırğalanırdı. Şaxtadan yanaqları pörtmüş bu sahibsiz adamcıq ağlamasın deyə ondan imtina etmiş anası əmziyini də ağzında saxlamışdı. Mən təəccüblə körpənin acı halına dözməyib üzünü yana çevirərək doluqsunmuş yaşlı bir qadından soruşdum:
-Uşağı bura kim atıb?Bir az keçsə ya donar, ya da ətrafdakı itlər onu parçalayacaq.
Qadın dillənməmiş bizdən bir qədər aralıda dayanıb gördüklərindən narazı ve etinasiz halda başını bulayan xanım cavab verdi:
-Kim olacaq ay qardaş?
-O burada cox ədəbsiz bir ifadə işlədib, sözünə davam etdi:
-Gedib orada-burada qazanırlar sonrada guya abırlarından qorxub gətirib atırlar belə yerlərə.Siqnal səsinə geri qanrılıb arxaya baxdım. Gələn polis maşını idi. Deyinə-deyin kabinadan düşmüş zabit adamları aralayaraq hələ də əmziyini sovurub ətrafda nə baş verdiyindən xəbərsiz körpəyə sarı yeridi ve cimsinə-cimsinə qundağı yerdən götürüb yanında dayanmış sürücüsünə ötürərək əmr etdi:
-Apar bunu at baqaja! Sonra o bir anlıqa ayaq saxlayıb üzünü ətrafdakılara tutdu:
-Ay camaat belə biabırçılıq olar?Dünəndən üçüncü uşaqdır zibillikdən yığırıq. Daha uşaq evləri də qəbul etmir belələrini. Hanı namus, hanı qeyrət, hanı müsülmançılıq?
Polislər körpəni apardıqdan sonra camaat da heç nə olmayıbmış kimi dağılışıb hərə öz evinə yollandı. Çox illər bundan əvvəl şahidi olduğum qəribə bir əhvalat yadıma düşdü.
On altı yaşım vardı. Həmkəndlim Vaqiflə Lənkəran pedaqoji məktəbində oxuyurduq. Kirayədə qaldığımız mənzil mərkəzdən bir qədər aralıda yerləşirdi. Bir tərəfini sahibinin yaşadıgı evin arxa divarına söykəmiş iki çarpayı stol və bir neçə stulun zorla yerləşdiyi bu yastı damlı yardımçı tikilinin iri pəncərələri günəşə açıldığından içəri həm işıqlı olur, həm də soyuq aylarında tez qızdığından korluq çəkmirdik.
Bazar günü idi. Günortadan axşam düşənə kimi şəhəri dolaşdıq. Mənzilə qayıdanda hər ikimiz yorğun düşmüşdük. Dərsə hazırlaşmağa nə maraq, nə də halımız qalmışdı. Çay içib bir az sonra yatmağa hazırlaşırdıq. Birdən döşəmənin altından gələn zingilti səsi hər ikimizi diksindirdi.
Vaqif məndən cəsarətli idi. Əyilib qulağını döşəməni bir-birindən aralanmış taxtalarına söykədi və dilləndi:
-Zəhrimar, bu ki küçük səsidir, – deyincə, hər ikimiz həyətə düşüb ətrafı yoxlamağa başladıq.
Qaranlıqda heç nəyi seçmək olmurdu. Vaqifin gedib ev sahibindən fənər almağı çox çəkmədi. Alçaq dirəklərin üstündə qərar tutmuş döşəmənin altına işıq düşəndə yenicə doğduğu balaların yanında uzanmıs balaca bir it qorxuya düşüb yanımızdan sivişərək küçəyə tərəf qaçdı. Bir az keçincə məsələdən xəbər tutmuş ev sahibi əlindəki ləyənlə gəlib çıxdı. İri qarni irəli çıxmış bu nəhəng adam fısıldaya-fısıldaya əyilib işıq düşən tərəfə baxmaq istəsə də, bunu bacarmadığını anlayıb belini dikəltdi.
-Uşaqlar,- deyə o, günahkarcasına hər iki əlini yana açdı. – Vallah, ora girsəm gərək sonra bütün məhəlləni çağırasınız ki, məni dartıb çıxarsınlar. Görün neynəyirsniz də…
Artıq paltarını dəyişib yanımızda hazır dayanmış Vaqif döşəmənin altına girib sürünə-sürünə küçüklərə yaxınlaşdı, onların beşini də ləyənə yığıb çölə çıxartdı. Mən ev sahibindən soruşdum:
-Gülhüseyn dayı (ev sahibinin adı Gülhüseyn idi), bunları neyləyək?
Ev sahibi:
-Daha siz narahat olmayın aparıb küçənin başındakı dərəyə ataram. Əhvalatın üstündən bir-iki saat keçdi. Yorğunluğumuzu unudub çay içə-içə söhbət edirdik. Birdən Vaqif əlini dodaqlarına yaxınlaşdırıb mənə (sus) işarəsini verdi, yerə çöküb qulağını döşəməyə söykədi və dərhal da qeyzlə ayağa qalxıb qışqırdı:
-Ah yaramaz heyvan! Küçüklərini yenə gətirib yığıb içəri, – deyərək, qapını açıb bayıra çıxdı. Ancaq bu dəfə it döşəmənin altından heç cür çıxmaq istəmirdi. Sürünə-sürünə yenidən ona yaxınlaşmaq istəyən Vaqifin üstünə necə cumdusa otaq yoldaşım birtəhər özünü çölə atib biraz kənarda dayanmış Gülhüseyn dayının böyrünə qısıldı. Beləcə nə üstünə yağdırdığımız saysız-hesabsız daş parçaları, nə də qışdırıb-bağırmağımız balalarını altına yığaraq döşəmə dirəyinin arasında daldalanan itin vecinə oldu. Gecədən xeyli keçirdi. Səs-küyə yaxın qonşulardan da bir-iki nəfər gəlib bizə qoşuldu. Nəhayət, işin belə müşgülə düşdüyünü görən ev sahibi ümidsizliklə əlini yellədib bizi sakitləşdirməyə çalışdı.
-Uşaqlar daha gecdir. Gecəni bir təhər keçirin. Sabah köməkləşib oranı təmizləyərik.
Əhvalımız elə pozulmuşdu ki, heç otağa keçmək istəmirdik. Eləcə qapının ağzında dayanıb fikirə getmişdik. Beş-on dəqiqədən sonra ev sahibinin əlindəki fənərlə bizə tərəf qaçdığını gördük Məsələnin nə yerdə olduğunu anlamadığımızdan Vaqif təəccüblə soruşdu:
-Nə baş verib Gülhüseyn dayı?
Kişi təngənəfəs olmuşdu. Biz onu heç zaman bu qədər əsəbi görməmişdik.
-Nə olacaq? – dedi: o murdar heyvan qorxusundan küçüklər ilə birlikdə evin altındakı dəlikdən bizim döşəmənin altına keçib. Vaqif:
-Bəs indi necə olacaq, ay dayı?
Ev sahibi:
-Nə bilim. Gərək ancaq döşəməni söküb çıxarasan onları oradan yoxsa basqa yol yoxdur.
Bir gun sonra biz şəhərin Qala məhəlləsində yeni bir mənzil kirayələyib oraya köçdük. Bu əhvalatdan on gün keçirdi. Dərsdən çıxıb ayın-uyun almaq üçün bazara getmisdim. Darvazanın ağzında Gülhüseyn dayı ilə rastlaşdım. Əlində ərzaq dolu iri bir zənbil tutmuşdu. Görən kimi yaxınlaşıb əlimdəki yükü yerə qoyaraq boynumu qucağladı. Hal-əhval tutduğdan sonra evə dəvət etsə də, “tələsdiyimi” bəhanə edib boyun qaçırtmalı oldum .Ayrılarkən utana-utana keçmiş mənzilimizin sahibindən o muthiş gecədə baş verənlərin nə ilə nəticələndiyini soruşmaq qərarına gəldim:
-Gülhüseyn dayı iti döşəmənin altından cıxara bildiniz?
Kişi elə bil bu sualı gözləyirmiş. Şaqqanaq çəkib əlini-əlinə vurdu:
-Əşi çıxarmaq nədi indi daha ona bazarlıq da edirəm. Gülhüseyn dayı zənbildən o zaman hamının həvəslə istifadə etdiyi kağız torbasını çıxarıb içindəki sür-sümükləri mənə göstərərək:
-Onlara aparıram, acından ölməsinlər, – dedi.
Doğrusu, nə deyəcəyimi bilmirdim. Kişinin zarafat etdiyini sanıb gülə-gülə soruşdum:
-Gülhüseyn dayı zarafat edirsiniz?
Müsahibim isə peşman-peşman üzümə baxdı. Onun dedikləri heç də zarafata oxşamırdı.
-Necə deyim, ay oğul, siz gedəndən sonra, oğlumla birlikdə döşəməni söküb. taxtalardan bir neçəsini çıxardıq. Ancaq sən demə səs-küydən qorxuya düşmüş heyvan yenidən balalarını çəkib siz qalan otağın altına aparıbmış. İki gün nə illah etdiksə də. onları oradan çıxara bilmədik. Sonra, sözün doğrusu, ürəyimiz yumuşaldi. Yazığımız geldi. Qorxdum, fikirləşdim ki, dilsiz-ağızsız heyvanlardır, ac qalıb ölərlər, babalları da qalar boynumda. Daha dəyib-dolaşmadıq. Beləcə gülümsəyərək əlimi sıxan Gülhüseyn dayıdan ayrıldıqdan sonra bir daha mən onunla rastlaşmadım. İndi o hadisədən illər keçsə də, hərdən-bir sanki günahkar olduğumu anlayıb təəssüf edirəm. Axı, körpəsini zibilliyə atmış bir anadan fərqli olaraq, yenə həmin qış gecəsində sahibsiz, köməksiz, bununla belə balaları üçün hər cür fədakarlığa, hətta ölümə hazır olan o balaca iti daş “güllələrinə” tutanlardan biri də mən olmuşdum…

