Ömrünü teatra fəda edən sənətkar: milli səhnəmizin Sucəddini. – Leyla Məcidova yazır

Hər sənətkarın bir ömür hekayəsi var, amma aktyorun ömrü min bir insanın taleyindən keçən, hər pərdə açılanda yenidən doğulan və hər alqışda əbədiləşən xüsusi bir dünyadır. Bu dünya Azərbaycan teatr sənətinin, xüsusən də cənub bölgəsinin mədəniyyət məbədi olan N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Sucəddin Mirzəyev üçün yaradıcılıq deyil, bir yaşayış formasıdır.
1956-cı ilin iyun ayında Masallı torpağında dünyaya göz açan, lakin taleyini və qəlbini bütövlükdə Lənkərana, onun qocaman səhnəsinə bağlayan Sucəddin Mirzəyev, 1977-ci ildən bəri bu teatrın ən parlaq simalarından biridir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra təyinatla Lənkərana gələn gənc aktyor, elə ilk günlərdən səhnəyə gətirdiyi bənzərsiz enerji, dərin daxili psixologizm və fitri istedadla teatrsevərlərin rəğbətini qazandı.
Klassikanın nəfəsi və obrazların sehrli dünyası
Sucəddin Mirzəyevin milli və dünya klassikasına aid onlarla mürəkkəb, ziddiyyətli və yaddaqalan obrazın yaradıcısıdır. O, səhnəyə sadəcə mətn oxumaq üçün çıxmır o, personajın ruhunu geyinir, onun sevinci ilə gülüb, kədəri ilə sarsılır. Xüsusilə dramaturqlarımızın ölməz əsərlərinə gətirdiyi fərdi yozum sənətkarın vizit kartına çevrilmişdir.M.F. Axundzadə dünyasında “Hacı Qara” və “Xırs quldurbasan” tamaşalarında canlandırdığı aparıcı obrazlar, aktyorun klassik komediya və satira janrındakı yüksək plastikasını, sözü hədəfə vurmaq məharətini nümayiş etdirir.
N.B. Vəzirov dramaturgiyasın Teatrın adını daşıdığı böyük ədibin “Milyonçu dilənçi” və “Dələduz” kimi əsərlərində aktyor, cəmiyyətin eybəcərliklərini və insan xarakterinin dərin qatlarını böyük bir ustalıqla tamaşaçıya çatdırır.
Onun hər bir rolu cənub teatrının tarixinə qızıl hərflərlə yazılmış bir sənət nümunəsidir. Keçən onilliklər onun sənətini daha da cilalamış, 2013-cü ildə layiq görüldüyü “Əməkdar artist” fəxri adı və müxtəlif illərdə aldığı Prezident mükafatları bu fədakar ömrün dövlət və xalq tərəfindən uca tutulmasının bariz sübutu olmuşdur.

Hər pərdə açılarkən bir ömür vərəqlənir,
Bir sənət fədaisi səhnədə zirvələnir.
Masallıdan başlayan o, nurlu, uca yollar,
Lənkəran səhnəsində çiçəklənir, rollanır.

Axundzadə gülüşü, Vəzirovun kəlamı,
Səninlə can tapıbdır teatrın hər salamı.
Gah ağladıb, gah da ki, güldürmüsən milləti,
Sən ey səhnə ustası, bu torpağın sərvəti!

Obrazlar silsiləsi sanki canlı bir dastan,
Hacı Qaradan keçib, neçə-neçə sınaqdan.
Hər alqış bir sevgiydi, ürəklərdən qoparaq,
Sənə təzim eylədi bu gün bütün Lənkəran.

Əməkdar sənətkarım, teatrın dayağı,
Heç zaman sönməsin bil, bu ocağın çırağı.
Yaradıcılıq eşqinlə yaşa, yarat, ustadım,
Teatr tarixində silinməz olsun adın!

Sucəddin Mirzəyev bu gün də gənclik enerjisi ilə çalışır, Lənkəran teatrının ənənələrini qoruyur və gənc nəslə örnək olur. Onun yaradıcılıq yolu sənətə sədaqətin, teatra olan sonsuz məhəbbətin canlı təcəssümüdür. İnanırıq ki, ustad sənətkar hələ uzun illər öz unikal oyun tərzi və yeni obrazları ilə tamaşaçı qəlblərini fəth etməkdə davam edəcəkdir.

Leyla Qədir qızı Məcidova

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir