“Həmin an vətəndaşlar onun keçirdiyi hissləri bilmədən bunu hörmətsizlik kimi qəbul etdilər” – YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilov
Bu yaxınlarda Sumqayıtda 27 yaşlı gəncin bayrağa qarşı hörmətsiz hərəkətini əks etdirən görüntülər tezliklə cəmiyyətimiz tərəfindən böyük narazılıqla qarşılanaraq ictimai qınaq obyektinə çevrildi. Həmin vaxt gəncə ətrafdakı vətəndaşlardan biri də reaksiya verərək etdiyi hərəkətin yanlış olduğunu bildirdi və ondan üzr istəməsini tələb etdi. Bununla yanaşı, bu hörmətsizliyə hüquq-mühafizə orqanları da göz yummayaraq həmin şəxs barəsində məsuliyyət tədbirləri gördülər.
27 yaşlı gəncin davranışlarındakı qeyri-adilik də diqqətdən yayınmayıb.
Bu məsələ ilə bağlı Patrul.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov öz rəyini bildirib.
O, bayrağımızın nə qədər üstün olduğunu bir daha xatırladaraq gəncləri bu kimi davranışları təkrarlamamağa çağırıb:
“Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri olan dövlətimizin, ulu babalarımızın qədim dövrlərdən bu günə qədər keçdiyi yolun obrazını özündə ifadə edən milli bayrağımız, sözsüz ki, hər bir vətəndaşımız üçün əzizdir. Bayraq siyasi atribut kimi qəbul edilməzdən əvvəl, hələ dövlətçiliyin olmadığı dövrlərdə belə baba və nənələrimiz bayraq ətrafında toplanaraq xarici işğalçı qüvvələrə qarşı mübarizə aparmış, dövlətçiliyimizi qorumuş və onu indiki nəsillərə ötürmüşlər. Bayrağın müxtəlif vaxtlarda rəngləri və işarələri də dəyişib. Şah İsmayıl Xətainin dövründəki bayraqla Babəkin azadlıq rəmzi olan qırmızı bayraqları ilə indiki üçrəngli, ay-ulduzlu bayrağımız arasında fərqlər olub. Amma istənilən halda hər bir bayraqda göy rəng qədim türkçülüyün obrazlı ifadəsidir. Qırmızı rəng azadlıq və müasirliyin simvoludur, yaşıl rəng isə millətimizin milli-mənəvi dəyərlərə önəm verdiyini, burada yaşayan multikultural xalqların qardaşlığını, eyni zamanda yaşıllıq və dirilik rəmzi olan təbiəti özündə birləşdirir. Bayrağımız müxtəlif nəsil, cins və dillərə mənsub, lakin Azərbaycanda yaşayan xalqları hər zaman birləşdirib. Biz bunu həm birinci və ikinci Qarabağ müharibəsində, həm 20 Yanvar hadisələrində, həm də Milli Azadlıq hərəkatında və 1918-ci ildəki dövlət quruculuğunda gördük. Bu günə qədər bayraq göylərdə ucalıb, siyasətçilərdən tutmuş sıravi vətəndaşlara qədər hər kəs üçün bu millətin qədimliyinin sübutu kimi dalğalanıb.
Bayraq və milli atributlarımıza qarşı vaxtilə müəyyən hörmətsizlik halları olsa da, bu, nadir hallarda baş verib. Bəzən insanların psixoloji vəziyyətinin normal olmaması səbəbindən, bəzi hallarda isə bayrağa olan yanlış münasibətdən bu cür hallar baş verir”.
A.X. Əbilov bu kimi hallarda insanların psixoloji vəziyyətinin də nəzərə alınmasının vacib olduğunu bildirib:
“Son Sumqayıt hadisəsində hiss olunur ki, gənc oğlanın psixoloji vəziyyəti yerində deyil, bu da onun hərəkətlərindən görünür. O, bayrağa qarşı elə də açıq hörmətsizlik etmir. Hörmətsizlik bayrağı cırmaq, yandırmaq, ayaq altına atmaq və s.-dir. O sadəcə bayrağa yumruq göstərdi və bu hərəkəti təkrarladı. Həmin an vətəndaşlar onun keçirdiyi hissləri bilmədən bunu hörmətsizlik kimi qəbul etdilər. Loru dillə desək, onu danlayaraq bayraqdan üzr istəməsini tələb etdilər. Biz istənilən hadisəni vətəndaş olaraq ictimai qınaq obyektinə çevirə bilərik. Amma cəzalandırma mexanizmini vətəndaşlar deyil, hüquq-mühafizə orqanları və məhkəmənin qərarı əsasında aidiyyəti dövlət qurumları həyata keçirməlidir. Bununla belə, həmin gəncin səhvini də anlayırıq”.

Həmsöhbətimiz Nizami Kino Mərkəzinin divarına qrafiti və müxtəlif yazılar yazan 16-20 yaş aralığında olan gənc və yeniyetmələrin hərəkətini də bu hadisə ilə müqayisə edib:
“Yadımızdadırsa, Nizami kinoteatrının divarına yazılan qrafitilər azyaşlı və gənc nəslin nümayəndələrinin hərəkəti kimi ictimai qınaqla qarşılandı. Az qaldı ki, iki-üç qız uşağını düşmən elan etsinlər. Halbuki onlar üzr istədilər və bir daha belə halları təkrarlamadılar. Azərbaycanda yaşayan insanlar üçün bu cür davranışlar tipik deyil. Məsələn, amerikalılar bayrağı alt paltarı kimi geyinirlər, amma bu, bizdə qəbul olunmur. Ona görə də bu cür hadisələrə verilən aqressiv reaksiyanı başa düşmək lazımdır. Gənclər də anlamalıdır ki, bayraq analarımızın örpəyindən tutmuş babalarımızın qanlı köynəyinə qədər, ölkəmizin müstəqilliyindən dövlətçiliyimizin tarixinə qədər, insanların azadlıq və xoşbəxt gələcək arzusundan gənclərin firavan Azərbaycan planlarına qədər bir çox müqəddəs dəyərləri özündə birləşdirir. Onu ucaldan insanlar gələcək nəsilləri düşünərək bu bayrağı qoruyublar. Dünya ölkələri arasında Azərbaycan xalqının necə namuslu, azadsevər və sülh tərəfdarı olduğu, lakin lazım gəldikdə 44 gün ərzində və illərlə səbr edərək öz azadlığı uğrunda mübarizə aparmağa hazır olduğu sübut olunub. Buna görə də gənclərə müraciət edərək bildirirəm ki, kimləsə problem yaşayırsınızsa, etirazınızı bayrağa və milli-mənəvi dəyərlərə deyil, həmin şəxsin davranışına yönəldin və hüquq-mühafizə orqanlarına müraciət edin. Sizin haqqınız pozulursa, arxanızda Azərbaycan dövləti dayanır. Bu dövlətin bayrağı, gerbi, himni və qətiyyətli xalqı var və onlar hər zaman bizim yanımızdadır. Ümid edirik ki, bu kimi hadisələr bir daha yaşanmaz. Həmin 27 yaşlı gənc artıq saxlanılıb. O, kəskin şəkildə cəzalandırılmamalı, sadəcə ictimai qınaqla kifayətlənməlidir. Biz elə etməliyik ki, gənclərimiz bayrağı həmişə öpüb gözlərinin üstünə qoysunlar, onun rənglərinin ifadə etdiyi dəyərləri ürəklərində yaşadaraq gələcəyə inkişaf etmiş bir millət kimi addımlasınlar”.
Gülbəniz Səfərova

