Ziyalı irsinin söz dünyası: şair Bəxtiyar Əliyar. – Leyla Məcidova yazır

​Azərbaycanın dilbər guşələrindən olan cənub bölgəsi əsrarəngiz təbiəti, yaşıl meşələri və bərəkətli torpağı ilə yanaşı, əsrlər boyu elm, təhsil və incəsənət məbədi kimi də tanınmışdır. Bu bərəkətli torpaq hər zaman öz yetirdiyi ziyalılar, maarifçilər və söz ustadları ilə fəxr etmişdir. Bütöv bir ömrü elmə, təhsilə, insanlığın və sözün işığına həsr edən, qəlbi Vətən sevgisi ilə döyünən görkəmli pedaqoq, şair və tərcüməçi Bəxtiyar Əliyar (Bəxtiyar Şaban oğluİbayev) məhz belə alicənab ziyalılarımızdandır. Ömrünün növbəti mübarək pilləsinə qədəm qoyan Bəxtiyar müəllim öz nəcib əməli, yüksək mənəviyyatı və zəngin daxili dünyası ilə hamının sevimlisinə çevrilmişdir.
​Bəxtiyar Şaban oğlu İbayev 5 sentyabr 1960-cı ildə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olmuşdur. 1977-ci ildə kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 1979–1983-cü illərdə ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətinə şərəflə başlamışdır. O, Kosalar kənd orta məktəbində müəllim, Lənkəran Dövlət Universitetində, Lənkəran Şəhər Məşğulluq Mərkəzində və Təhsil Şöbəsində metodist, Sütəmurdov kənd tam orta məktəbində və Lənkəran şəhər 9 nömrəli tam orta məktəbində direktor vəzifələrində çalışmışdır. 2024-cü ildən isə pedaqoji fəaliyyətini Hirkan qəsəbə tam orta məktəbində uğurla davam etdirir. Uzun illər rəhbərlik etdiyi təhsil müəssisələrində dərin təşkilatçılıq bacarığı göstərən Bəxtiyar müəllim gənc nəslin tərbiyəsindəki müstəsna xidmətləri ilə böyük nüfuz qazanmışdır. Yetişdirdiyi şagird və tələbələrin yaddaşında o, yalnız dərin bilikli pedaqoq deyil, həm də yol göstərən mənəvi ustad kimi iz qoymuşdur.
​Bədii yaradıcılığa gənc yaşlarından başlayan Bəxtiyar Əliyar 1984-cü ildən etibarən dövri mətbuatda müntəzəm çap olunur. Onun şeirləri, təmsilləri, hekayə və pritçaları “Azərbaycan”, “Ulduz”, “Söz”, “Şəfəq”, “Mütərcim”, “Mars”, “Məşəl”, “Tumurcuq” jurnallarında, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “Lənkəran” və digər mətbuat orqanlarında dərc edilmişdir. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəllif bu günə qədər 9 dəyərli kitabın müəllifidir. “Birincilər” (1999), “Yay yağışı” (2005), “Əbədiyyət işığı” (2007) və “Mənim Bermud üçbucağım” (2025) kimi bədii və metodiki vəsaitləri onun zəngin yaradıcılıq yolunun parlaq nümunələridir.
​Xüsusilə, 2015-ci ildə işıq üzü görən “Bom dia! – Sabahın xeyir!” kitabı Azərbaycan ədəbiyyatında Braziliya və Portuqaliya uşaq poeziyasının orijinaldan — portuqal dilindən birbaşa dilimizə tərcümə edildiyi ilk dəyərli töhfədir. Bu kitabın təqdimat mərasiminin Braziliya və Portuqaliya səfirliklərində keçirilməsi onun ədəbi əməyinə verilən yüksək qiymətin təzahiridir.
​Lənkəranda keçirilən poeziya müsabiqələrinin 2 dəfə qalibi olan Bəxtiyar Əliyar Lənkəran Şəhər İcra Hakimiyyətinin və Bələdiyyəsinin Fəxri Fərmanlarına layiq görülmüşdür. Bədii söz sənətinə verdiyi mühüm töhfələrin nəticəsi olaraq o, 2025-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür. Yaxın aylarda müəllifin nəfis hekayə və pritçalardan ibarət yeni kitabı da oxucuların görüşünə gələcəkdir.
​Bəxtiyar müəllimi tanıyan hər kəs bilir ki, onun daxili aləmi qələmə aldığı misralar kadar incə və nəfisdir. O, qarşı tərəfi səbirlə dinləyən, hər kəsə xeyirxah məsləhətlər verən, mülayim və nümunəvi bir ziyalıdır. Ürəyi saf və həssas olan Bəxtiyar müəllim dostluqda sədaqətin, insanlıqda səmimiyyətin canlı təcəssümüdür. Gözəl bir ailə ocağının sahibi kimi cəmiyyətimiz üçün ləyaqətli və vətənpərvər övladlar böyütmüşdür. Oğlunun da Lənkəran Dövlət Universitetində təhsil alması və yüksək mənəvi keyfiyyətləri ilə seçilməsi bir pedaqoq kimi bizlərə böyük qürur verir.

​Cənubun hüsnünə bənzəyir ruhu,
Mərhəmət mülkündə uca bir dağdır.
Qəlbi körpə kimi safdır, uşaqdır,
İpək ürəyilə elə dayaqdır.

​Sözünün çəkişi, hikməti dərin,
Şagird yaddaşında müqəddəs adı.
Gözəl müəllimdir, ustad pedaqoq,
Sədaqət, dostluqdur onun muradı.

​Tərcümə incisi, poeziya nuru,
Dövlətə, xalqına sevgisi sonsuz.
Lənkəran elinin qürur mənbəyi,
Söz-sənət dünyası olmasın onsuz.

​Ömrün mübarəkdir, ey gözəl insan,
Yüz yaşa, sən yarat, hər zaman parla!
Hər yeni günün qoy bahar olsun,
Gələcək günlərin firavan olsun!

​Doğum günü münasibətilə əziz Bəxtiyar müəllimə möhkəm cansağlığı, uzun və bərəkətli ömür, ailə xoşbəxtliyi və yeni yaradıcılıq uğurları arzulayıram. Qələminiz həmişə kəsərli, sözünüz nurlu bolsun, əziz dost!

​Leyla Qadir qızı Məcidova


Lənkəran Dövlət Universitetinin dosenti,

tarix üzrə fəlsəfə doktoru,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir