Lənkəranın qürur salnaməsi: professor Həbib Həbibov – Leyla Məcidova yazır

​Lənkəranın qədim və zəngin tarixi səhifələrini vərəqlədikcə, onun mədəni irsini, ruhunu və yaddaşını gələcək nəsillərə ötürməyin hər birimiz üçün müqəddəs borc olduğunu daha dərindən anlayırıq. Bu torpağın yetirdiyi elə uca şəxsiyyətlər var ki, onların həyat yolu bütöv bir xalqın qürur mənbəyinə, mənəviyyat salnaməsinə çevrilir. Azərbaycan tibb elminin tarixində silinməz izlər qoymuş, dünya neyrocərrahiyyəsinin parlayan ulduzu, dahi alim və əsl xalq adamı, professor Həbib Abdulla oğlu Həbibov məhz belə unudulmaz nurlu simalardandır. Cənub diyarının intibah nəfəsindən güc alan bu böyük insanın ömür yolu həm elmə sadiqliyin, həm də təmənnasız xeyirxahlığın unikal təcəssümüdür.
​1923-cü ildə Lənkəranın hörmətli və ziyalı ailələrindən birində dünyaya göz açan Həbib Həbibovun uşaqlıq illəri zamanın sərt sınaqları ilə üzləşdi. Ötən əsrin otuzuncu illərinin mürəkkəb burulğanında ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilən gənc Həbib qətiyyəti və əyilməz iradəsi sayəsində qatardan tullanaraq vətənə qayıtdı, ulu babasının yanına sığınaraq Həbibov soyadını qəbul etdi və çətinliklərə sinə gərməyi məhz o, illərdə öyrəndi. 1940-cı ildə Lənkəran şəhər 3 saylı orta məktəbini fərqlənmə ilə bitirərək on yeddi yaşında Azərbaycan Dövlət Tibb İnstitutunun kandarına qədəm qoyan bu gənc, gələcəkdə minlərlə insanın həyatını xilas edəcək şəfalı əllərin sahibinə çevriləcəyindən hələ xəbərsiz idi. O, 1944-cü ildə institutu uğurla başa vurduqdan sonra doğma ali məktəbin “İnsan anatomiyası” kafedrasında müəllim kimi fəaliyyətə başladı. Daha sonra Moskvaya üz tutaraq dahi alimlərə,akademik Boris Yegorov və professor Leonid Koresşeyin rəhbərliyi altında neyrocərrahiyyənin sirrlərinə yiyələndi və qısa müddətdə böyük şöhrət qazandı.
​Sanaviasiya xəttində çalışarkən SSRİ-nin müxtəlif bölgələrinə təcili uçuşlar edən Həbib Həbibov ən ağır xəstələrin ümid yerinə çevrilmişdi. Onun həkimlik qüruru və vicdanı hər cür maddi dəyərdən üstün idi. Bir Azərbaycanlı qəhrəmanın qardaşını həyata qaytardığına görə minnətdarlıq əlaməti olaraq ona gətirilən qoyunu təmənnasız duyğularla geri çevirməsi onun nə qədər təmiz, ləyaqətli və mərd qəlbə malik olduğunun parlaq sübutu idi. Elmi fəaliyyətində parasagittal meningiomaların və bazal neyrocərrahiyyəsinin ən mürəkkəb problemlərinin həllinə nail olan alim, angioqrammalarda muncuq kimi düzülən cərrahi klipləri ilə dünya elminə tamamilə yeni üsullar bəxş etdi. 1967-ci ildə professor elmi dərəcəsinə yüksələn Həbibovun beynəlxalq nüfuzu yalnız elmi konfranslarla məhdudlaşmırdı. Livan böhranı zamanı ağır yaralanan və iflic təhlükəsi ilə üzləşən insanı qısa zamanda həyata qaytarması, Almaniyada, Yaponiyada, ABŞ-da, Hindistanda, Fransada və dünyanın digər nüfuzlu mərkəzlərində Azərbaycan tibb elmini layiqincə təmsil etməsi hər bir soydaşımızda qürur doğururdu. Xarici dildə sərbəst danışmaq çətinliyinə baxmayaraq, alman auditoriyası qarşısındakı mürəkkəb məruzəni rus hərfləri ilə kağıza köçürərək əzbərləməsi onun elmə olan sadiqliyinin və dəmir iradəsinin göstəricisi idi.11 kitabın və 300-dən çox elmi məqalənin müəllifi olan alimin elmi əsərlərindən ölkəmizdə bu gün də uğurla istifadə edilir.
​Professor Həbib Həbibovun daxili aləmi elmi nailiyyətləri qədər zəngin, məsum və nurlu idi. Klinikasındakı gənc ordinatorlara, tibb bacılarına övlad məhəbbəti ilə yanaşan, əməliyyat otağında dərin sükut tələb edərək gənc həmkarlarına qayğı ilə “detoçka” deyə müraciət edən professorun obrazı hər zaman isti xatirələrlə yad edilir. Həbib Həbibov yalnız dahi cərrah deyil, həm də incə ruhlu sənətkar idi. Poeziya və musiqi ilə yaxından məşğul olan alim hələ orta məktəbdə oxuyarkən “Lənkəran dağlarında indi də qar var” adlı ilk şeirini yazmış və ona musiqi bəstələmişdi. Peredelkinedəki sadə bağ evində ocaq başında kitab oxumağı, təbiətin qoynunda dincəlməyi sevən, fiziki iş görərkən belə pianoçu zərifliyi ilə əlcəklərə toxunan bu böyük insan əsl təbiət aşiqi idi. Valday gölünün sahilində dostları ilə ocaq başında oturarkən təbiətin səssizliyində səslənən səsi eşidib zarafatla “deyəsən, bülbül oxuyur” deməsi onun estetik duyumunun və incə yumorunun unudulmaz nişanəsi olaraq qaldı.
​Ömrünün son gününə qədər 1993-cü ilin mart ayına qədər Burdenko adına Neyrocərrahiyyə İnstitutunun dəhlizlərində iş başında xəstələrinin xidmətində duran Həbib Həbibov 16 mart 1993-cü ildə Moskva şəhərində vəfat etmiş və orada Troyekurov qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun fiziki ömür yolu başa çatsa da, arxada qoyduğu güclü elmi məktəb yaşayır. Uvais Mahmudov, İqor Kaçkov, Vasili Çerikayev, Vadim Şimanski kimi parlaq tələbələr və elmdə akademik zirvəsinə ucalan oğlu Aleksandr Həbibov onun əbədi davamçılarıdır. Doğma Lənkəran şəhərində onun adını daşıyan küçə isə bu böyük insanın xatirəsini əbədiləşdirir.
​Biz bu gün Lənkəranın qədim tarixi səhifələrini qoruyarkən, onun əsrarəngiz təbiətinin, şəfalı sularının və mədəni irsinin ruhunu yaşatdıqca, məhz bu torpağın bağrından qopub çıxan dahi şəxsiyyətlərin mənəvi ucalığını daha dərindən dərk edirik. Həbib Həbibov kimi müdrik, nəzakətli və təmənnasız xeyirxahlıq rəmzi olan şəxsiyyətlərin zəngin daxili dünyası, onların Vətənə və insana sədaqəti gələcək nəsillərə işıq saçan əbədi bir məşəldir. Bu böyük irs tariximizin ən parlaq səhifəsi olaraq hər zaman qəlbimizdə yaşayacaqdır.
​Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun!

​

Leyla Qadir qızı Məcidova


Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin direktoru,

LDY-nun dosenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir