Səhnə sehri: onun obrazlar dünyası – Miraslan Ağayev. – Leyla Məcidova yazır
Azərbaycan teatr sənətinin köklü və zəngin ənənələrə malik ocaqlarından biri olan Lənkəran Dövlət Dram Teatrı, regional mədəniyyətin inkişafında və milli dramaturgiyamızın təbliğində misilsiz rol oynamışdır. Bu teatrın yaradıcılıq mühiti onlarla sənətkara öz istedadını nümayiş etdirmək və xalqın sevgisini qazanmaq imkanı bəxş etmişdir. Belə sənətkarlardan biri, ömrünün yarım əsrə yaxınını Lənkəran teatr səhnəsinin müqəddəs pərdələrinə bağlayan, sənətdə pillə-pillə ucalan aparıcı səhnə ustası Miraslan Əzizəli oğlu Ağayevdir
Miraslan Ağayevin keçdiyi sənət yolu, teatra bütöv bir nəfəs və fədakarlıqla xidmət etməyin ən bariz nümunəsidir.Miraslan Əzizəli oğlu Ağayev 18 mart 1958-ci ildə Lerik rayonunun füsunkar təbiətli Tikəband kəndində anadan olmuşdur. Erkən yaşlarından yaradıcılığa, sənətə olan gizli sevgisi onu regional mədəniyyət mərkəzi olan Lənkəran şəhərinə gətirib çıxarır. 1975-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbini bitirən gənc Miraslan, elə həmin il həyatının taleyüklü qərarını verir və Lənkəran Dövlət Dram Teatrının qapısını açır.
Maraqlıdır ki, o, sənətə birbaşa aktyor kimi deyil, teatrın daxili mexanizmini, onun əziyyətini və sehrini ən dərindən hiss etdirən bir peşədən, səhnə maşinistliyindən başlayır. Bu dövrdə səhnə arxasındakı fəaliyyəti ilə yanaşı, kütləvi səhnələrdə epizodik rollarda çıxış edərək aktyorluq texnikasının sirlərini daxildən öyrənir. Teatr rəhbərliyinin və rejissorların diqqətini çəkən gəncin fitri istedadı onun tezliklə truppaya daxil olmasına zəmin yaradır o, 1979-cu ildən etibarən rəsmən teatrın aktyor truppasının üzvü olur.
Aktyorluq fəaliyyəti ilə bərabər, nəzəri biliklərə yiyələnməyin vacibliyini anlayan Miraslan Ağayev, 1987–1992-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda indiki (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) qiyabi təhsil alaraq peşəkar, diplomlu mütəxəssis kimi fəaliyyətini davam etdirir.
Miraslan Ağayevin aktyorluq ampuluası olduqca geniş və rəngarəngdir. O, bədii təfəkkürünün dərinliyi və plastikası sayəsində həm klassik, həm müasir milli, həm də dünya dramaturgiyasının ən mürəkkəb xarakterlərini səhnədə canlandırmağa müvəffəq olmuşdur.
Milli klassikanın səhnə təcəssümü Azərbaycan klassik dramaturgiyası Miraslan Ağayevin yaradıcılığının onurğa sütununu təşkil edir. M.F.Axundzadə, C.Məmmədquluzadə və Ə.Haqverdiyev kimi nəhənglərin əsərlərində aktyor, milli mentalitetin psixoloji qatlarını böyük ustalıqla aça bilmişdir.
M.F.Axundzadə dramaturgiyasında,müəllifin “Hacı Qara”sında Xəlil yüzbaşı, “Lənkəran xanının vəziri”ndə Səlim bəy, “Molla İbrahimxəlil kimyagər” ində Molla Həmid və “Xırs quldurbasan”ında Kərim obrazları ilə feodal dövrünün ictimai-siyasi eybəcərliklərini, insan xarakterindəki satirik cizgiləri fərdi ştrixlərlə işləmişdir.
C.Məmmədquluzadə dünyasına nəzər salanda “Danabaş kəndinin məktəbi”ndə “Qazı”, “Danabaş kəndinin əhvalatları”nda “Hümmətəli” və “Səbzəli” ən əsası isə “Ölülər” tragikomediyasında “Xudayar bəy”və Haci Baxşəli kimi mürəkkəb, riyakar və cəhaləti təmsil edən obrazları psixoloji dəqiqliklə təqdim etmişdir.
Tarixi və romantik dramaturgiyada isə Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”ında Əliqulu xan, H.Cavidin “Topal Teymur”unda Nazim ağa, N.Nərimanovun “Nadir şah”ında Ədhəm kimi rollar aktyorun tarixi-faciəvi janrda da eyni dərəcədə güclü olduğunu sübut edir.
Çağdaş Azərbaycan dramaturgiyasının obrazlar qalereyasına nəzər saldiqda müasir milli müəlliflərin əsərlərində Miraslan Ağayev cəmiyyətin aktual problemlərini, insan mənəviyyatının ziddiyyətlərini əks etdirən çoxsaylı rollar oynamışdır. İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” və “Qəribə oğlan” dramlarında İkinci oğlan və Əhmədcan, Anarın “Şəhərin yay günləri”ndə Qonaq, Elçinin “Mənim sevimli dəlim” və “Mahmud və Məryəm” əsərlərindəki rolları aktyorun müasir dramaturji dilə mükəmməl bələdliyindən xəbər verir. Həmçinin Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsərindəki feldşer Kamal obrazı onun tragikomik və ironik ifa tərzinin parlaq nümunəsidir. Dünya dramaturgiyası və qərb teatr estetikası göstərir ki,Miraslan Ağayevi sadəcə yerli xarakterlərin ifaçısı saymaq onun yaradıcılıq miqyasını məhdudlaşdırmaq olardı. O, dünya dramaturgiyasının incilərində də bənzərsiz bədii portretlər yaratmışdır:
J.B.Molyer teatrı, “Mizantrop”, “Vasvasi xəstə” və “Skapenin kələkləri”ndə Klitandr, Diafuarus və Jeront rolları ilə klassik fransız komediyasının temp və ritmini incəliklə mənimsədiyini göstərmişdir.
Rus klassikası N.Qoqolun “Müfəttiş”ində Karobkin, M.Bulqakovun “Ölü canlar”ında Sobakeviç obrazları rus tənqidi realizminin ruhunu səhnəyə daşımışdır.
Avropa modernizmində Henrik İbsenin “Kuklalar evi” əsərindəki Kroqstad və Moris Meterlinkin “Korlar”ındakı,Birinci anadangəlmə kor obrazı aktyorun dərin fəlsəfi-psixoloji dramatik potensialını nümayiş etdirmişdir. Regional müəlliflərlə yaradıcılıq dialoqu,
Lənkəran teatrının repertuar zənginliyində yerli müəlliflərin yaradıcılığı həmişə xüsusi yer tutub. Miraslan Ağayev bu əsərlərə də eyni peşəkarlıqla yanaşmışdır. Ağaddin Babayevin, Şəkər Aslanın, Məmmədhüseyn Əliyevin, Baba Rzayevin, Eldar İsgəndərzadənin əsərlərində çıxış edərək yerli koloritlə ümumbəşəri mövzuların sintezini yaratmışdır. Onun Baba Rzayevin “Şeyx Zahid Gilani” tamaşasındakı Sahib və ya Eldar İsgəndərzadənin,”Qalxın, məhkəmə gəlir”, dramındakı Zaman obrazları regional teatr məktəbinin uğurları kimi dəyərləndirilməlidir.
Miraslan Ağayevin yaradıcılığı teatr səhnəsi ilə məhdudlaşmır. O, Azərbaycan kino və serial sənətində də yaddaqalan obrazlar yaratmış, geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. Onun çəkildiyi əsas ekran işləri bunlardır:
“Susmuş vicdan”(Deputat)
“Durnalar qayıdır” (Əsgər)
“Sevginin göz yaşları” (Ata)
“Günəşim ol” (Qafur)
Bu ekran obrazları aktyorun kamera qarşısındakı təbiiliyini, daxili emosional zənginliyini və kinematoqrafik ifadə vasitələrinə mükəmməl hakim olduğunu nümayiş etdirir.
Aktyor, eyni zamanda, Lənkəran Dövlət Dram Teatrının tərkibində beynəlxalq mədəniyyət mübadiləsində fəal iştirak etmiş, Türkiyənin Dənizli, Antalya və Konya şəhərlərində keçirilən mötəbər teatr festivallarında Azərbaycan teatr sənətini layiqincə təmsil etmişdir.
Ustad sənətkarın uzunillik fədakar əməyi, çoxşaxəli bədii fəaliyyəti təkcə tamaşaçılar tərəfindən deyil, dövlət səviyyəsində də yüksək qiymətləndirilmişdir. Miraslan Ağayev teatr sənətinin inkişafındakı xidmətlərinə görə 10 mart 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
Səhnə maşinistliyindən aparıcı səhnə ustalığına qədər uzanan bu şərəfli yol Miraslan Ağayevi sadəcə bir aktyor kimi deyil, Lənkəran teatrının canlı tarixinə, onun sütunlarından birinə çevirmişdir. Səhnədə yaratdığı yüzlərlə fərqli talelər, klassik və müasir bədii nümunələr aktyorun adını Azərbaycan teatr sənətinin publisistikasına və salnaməsinə qızıl hərflərlə həkk etmişdir. Miraslan Ağayev bu gün də öz zəngin təcrübəsi ilə gənc nəsil aktyorlarına örnək olmaqda, sənətin işığını gələcəyə daşımaqdadır.Allah ömrünüzə bərəkət versin,doğma insan!
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

