Eynulla Fətullayev: klassik media-mafiozların sonu, yoxsa?! Aydın Xan Əbilov kodları açır
Azərbaycan kiçik bir məkandır – təsiredici ictimai-sosial, siyasi-mediativ mühiti sanki təkcə əhalinin 50 faizinin yaşadığı/işlədiyi paytaxt Bakıdan ibarətdir, – ki, bu məmləkətdə baş verənlərin arxasında nələrin gizləndiyini böyük əksəriyyət yaxşı bilir, sadəcə özlərini bilməmiş kimi aparırlar, ta ki onların özlərinin qolları burulmayana qədər…
Son günlər məşhur/məlum Haqqın.az saytı ətrafında baş verənlər gözlənilən idi, məntiqlidir: vaxtilə Ramiz Mehdiyevlə Əli Həsənovun sevimli – ağır mediativ dronu kimi fəaliyyətləri ilə sayrışan, ulduz media kapitanlarından sayılan (onu arada həbs edib brendindən kreativ-intellektual qəhrəman yapmışdılar) Eynulla, həmçinin, o sıralarda olanlara yaradılan reket-media imkanlar artıq yox edilir. Çağımızdakı quşağıl/ətcəbala bloqqerlərin dəbə mindiyi zəmanədə isə 1990-cı illərdən sonrakı ikinci dönəm müstəqillik dövrünün klassik media-mafiozlar yavaş-yavaş yoxa cıxarılırlar.
İctimaiyyətin ünvanladığı sual məntiqlidir: özünü haqqın səsi sayan jurnalist və redaktorun – bu halda, qalmaqallı Eynulla bəyin, yəni ki, vaxtilə sıralarında oldğu sosial demokratlar həbs edilərkən, çalışdığı “Monitor” dərgisinin baş redaktorunun məlum aqibətindən, olayların birbaşa iştirakçısı olan erməni məşuqəsi ilə Avropaya qaçan keçmiş Bakı merinin faciəsindən, yaxud ermənilərə qamar çıxması kimi qalmaqallarından, ANS TV bağlanandan, daha nələr-nələr baş verərəndən sonra odda yanmaz, suda batmaz bu supermediacəngavəri – bu qədər var-dövləti, maşınları, evləri, hətta restoranı hardandır – hansı gəlirlərlə əldə olunub?!
Vaxtilə obyektlərdən və subyektlərdən (dövlət, özəl, biznes, siyasi, tibbi təsisatlardan və tanınmışlardan) gen-boluna haqq yığan media-reketlərin naqqası sayılan bu intellektual ziyanlının taleyi necə oldu, birdən niyə yuxarıların (öz təbirincə desək, bəzi məmurların) qara siyahısına düşdü, görəsən!?
Eynulladan əvvəl silsilə ifşaedici videoları çıxan neo-mediamafiozlar bəs kimlərin qəzəbinə gəldi?
Olmazdı ki, lap əvvəldən onları saf-cürük edilməsinə diqqətlə yanaşılaydı?
O müqəddəs siyahıda daha hansı adlar var və başqa kimlərin tifaqı dağıdılacaq?!
Ümumiyyətlə, İnternet resurslarımızı və yeni mediamızı ölüvay milli mətbuatımızın qara durumuna salanlar tarixin vicdan məhkəməsinə veriləcəkmi?!
Qayıdaq Eynullaya, özünün müəmmalı-atmacalı qeyri-dəqiq açıqlamalarından bir şey anlaşılmasa da, məlum məsələdir: oturuşmuş/qudurmuş saytların “ovuna” başlanılıb, daha dəqiq ifadə ilə sorğulasaq, həqiqətənmi, onların harınlamış, istismar etdikləri sıravi jurnalistlərin babalına tutulmuş növbəti “təsisçi/baş redaktor”un özünə uyğun yerə, yaxud həbsxanaya otuzdurma kampaniyası başlanılıb?!
Növbə kimlərindir: bəzi iriranqlı məmurın, eləcə də rəsmi qurumların yaratdıqları saytların, İnternet TV-lərin başçıları, bloqqerlər, tiktokerlər, yutuberlər, yoxsa başqa qudurmuşların?!
Hər halda dövlətin və bizim kimi Prezidentin ictimai-mediativ əsgərlərinin nəzarət mexanizimi işləkdir və kimin hansı yuvanın quşu olduğu, hara, hansı xarici və daxili qüvvələrə işlədiyini təxmin edə bilirik.
Eynullanın vaxtilə Fərhad və Rafiq Əliyevin “Monitor” dərgisindən başlamış, Rusiyada yaradılmış və sonralar dövlətimiz tərəfindən ifşa edilmiş “milyadelər ittifaqı”na qədər, eləcə də liberal və radikal müxalifətdən tutmuş, ta Ramiz Mehdiyev, Eldar Mahmudov, Əli Həsənov, (biz info-yemlədiyi xarici media və bloqqerləri hələ xatırlatmırıq) və beşinci kalona qədər bərəkətli/hərəkətli əlaqələri ciddi araşdırılacaqmı?!
Vaxtilə bir-birini şantaj etmək üçün qəzet/sayt açan məmurlara Prezident İlham Əliyev ciddi tarixi – qəti qənaətlərini səsləndirəndə, onları layiq olduqları yerə yolladanda, bir ara qızışmış mediativ mühit sakitləşdi. Amma sonralar həm daxildə, həm də, – güman ki, ölkədən aradan çıxsa, Eynullanın da qoşulacağı, – xaricdə bloqqerlər (oxu, – bic-media balaları) göbələk kimi artan zaman onların arxasında duranların heç də hamısının Azərbaycandan kənarda yaşamadıqları/işləmədikləri gün kimi məlumdur…
Cavabını təqribi bilsək də, yenə mənə maraqlıdır, növbə hansı media-mfiozun, yaxud kimlərindir?!
Aydın Xan Əbilov,
İctimai və mədəniyyət xadimi, YYSUİB sədri, yazıçı-kulturoloq

