“Elədirsə, xalq dastanları, nağıllarını da qadağan etməliyik!” – YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıçı-kulturoloq Aydın Xan Əbilov
Türkiyədə baş verən hadisələrdən sonra seriallarda olan şiddət səhnələrinin çıxarılması müzakirələrə səbəb olub. Bu addımı müəyyən şəxslər normal qəbul etsə də, əksəriyyət belə səhnələrin çıxarılmasını düzgün hesab etmir. Onlar bildirir ki, təkcə seriallardan şiddət səhnələrinin çıxarılması ilə iş bitmir.
Məsələ ilə bağlı Yeni Yazarlar və Sənətçilər UB sədri, tanınmış ictimai və mədəniyyət xadimi, yazıçı-kulturoloq Aydın Xan Əbilov YeniMedia.net portalına, eyni zamanda Demokrat.az-a bildirib ki, 20-ci əsrdən etibarən sənət, incəsənət, bədii əsərlər, kitablar, romanlar, detektiv ədəbiyyat, daha sonra radio, kino və fotoqrafiya, hətta televiziya verilişləri, o cümlədən kino filmləri və serialların insan psixologiyasına, xüsusən də yeniyetmələrin dünyagörüşünə təsiri və onların fərd kimi formalaşmasına göstərdiyi təzyiq barədə çoxlu mübahisələr gedir:
“Sosioloqlar, kulturoloqlar, yazıçılar, incəsənətçilər, ədəbiyyatşünaslar, cəmiyyətşünaslar, kriminalistlər, hüquqşünaslar və ictimai xadimlər bu polemikada öz fikirlərini ortaya qoyublar. Amma bu müzakirələr hələ də yekun deyil.
Sözsüz ki, insanı formalaşdıran digər amillər kimi, kriminal elementləri əks etdirən sənət nümunələrinin də yeni nəslin, xüsusən uşaqların və yeniyetmələrin formalaşmasına müəyyən təsiri var. Amma uşaqlıqda oxuduğumuz dastanlar, nağıllar, romanlar, baxdığımız filmlər, seriallar və kompüter oyunlarının bizi birbaşa cinayətə yönəltdiyini demək düzgün deyil. Təsir ola bilər, amma bu həlledici deyil. Qonşuluqda baş verən yanğın və ya qətl hadisəsi kimi qəbul olunmalıdır. Bütünlükdə, əgər filmlər və kitablar insan psixologiyasına mənfi təsir göstərirsə, onda dastan və nağıllara da qadağa qoymalıyıq. Klassik filmləri, cizgi filmlərini, ümumiyyətlə kompüter, sosial şəbəkə və internet resurslarını bağlamalıyıq ki, uşaqları bu cür təsirlərdən qoruyaq. Amma bu, absurddur. Bəli, bəzi psixoloqlar və insanlar bu barədə fərqli fikirlər irəli sürür. Şiddət səhnələri həddini aşdıqda müəyyən təsir göstərə bilər. Amma mədəni, intellektual və estetik düşüncəyə sahib insan üçün bu təsir həlledici olmur”.
O bildirib ki, “Məlikməmməd” nağılına və ya “Koroğlu” dastanına baxıb heç kim qılınc götürüb döyüşə getmir:
““Yeddi oğul istərəm” filmindən sonra da heç kim silah götürüb inqilabi hərəkətə qoşulmur. Şiddət kompüter oyunlarından tutmuş seriallara qədər həddindən artıq təbliğ olunarsa, müəyyən təsir göstərə bilər. Amma insanın psixologiyası və mənəviyyatı sağlam olmalıdır ki, bu təsirlərdən qorunsun.
Psixologiyada qeyd olunur ki, alt şüurda şiddətə, qaranlığa, ölümə, güc nümayişinə maraq mövcuddur. Amma bu istəklərin şüura keçməsi üçün filtr var. Bu filtri formalaşdıran təhsil, elm, mühit və dəyərlərdir. Bu filtr vəhşi instinktlərin qarşısını alır və şüurlu insan belə addımlar atmır. Kriminalistikada cinayəti anlamaq üçün onu hərtərəfli araşdırmaq tələb olunur. Təhlil zamanı aydın olur ki, sosial, iqtisadi, psixoloji və mənəvi amillər insanın kriminal yola yönəlməsində əsas rol oynayır. İnsan özünü başqa sahələrdə təsdiq edə bilmirsə, təhsil, peşə və ya işdə fərqlənə bilmirsə, kriminal düşüncə tərzinə meyl edə bilər”.
Kulturoloq deyib ki, qaçaqçılıq, qoçuluq və oxşar davranışlar müəyyən dövrlərdə gənclərin diqqətini cəlb edib:
“Bəzən gənclər sevgi və diqqət çatışmazlığını, işsizliyi və sosial gərginliyi örtmək üçün bu yollara üz tutur. Filmlər və seriallar müəyyən maraq yarada bilər, amma insanın formalaşmasında həlledici rol oynamır. Əgər belə olsaydı, eyni filmlər gəncləri alim, kosmonavt və ya mədəniyyət xadimi kimi də formalaşdırardı.
Bu məsələdə əsas rol təhsilin, tərbiyənin, ailənin və cəmiyyətin üzərinə düşür. Filmləri və serialları günahlandırmaqla problemi həll etmək olmaz. Bu yanaşma həm psixologiya elminə, həm də cəmiyyətə yanlış istiqamət verir. Məsələ kompleks şəkildə müzakirə olunmalıdır. Gənclərin və ailələrin dəstəklənməsi üçün mərkəzlərə və ictimai təşəbbüslərə ehtiyac var. Əgər filmlərin mənfi təsiri ilə bağlı ciddi əsaslar ortaya çıxarsa, bu məsələ yenidən müzakirə edilə bilər. Amma ümumilikdə, məsələyə birtərəfli yanaşmaq düzgün deyil”,- deyə o bildirib.
Hazırladı:
Ceyhun Süleymanov
YeniMedia.net
Əfsanə Kamal
https://demokrat.az/az/news/277339/eledirse-xalq-dastanlari-nagillarini-da-qadagan-etmeliyik

