Aydın Xan Əbilov: belə getsə, Mədəniyyət Nazirliyini ləğv etmək lazım gələcək. Nazirlikdən xalq artistinin dəfninə laqeydlik sosial şəbəkələrdə müzakirə olunur…

Fevralın 21-də Xalq artisti, tamaşaçıların yaddaşında “Həzi Aslanov” obrazı ilə qalan Ramiz Novruz son mənzilə yola salındı. Aktyorun sənət yoldaşları, dostları, yaxınları onunla vidalaşmaq üçün evinə yollanmışdı.

Maraqlı məqam ondan ibarətdir ki, Xalq artisti, Prezident təqaüdçüsünün dəfn mərasimində Mədəniyyət Nazirliyinin bir nümayəndəsi belə iştirak etmədi.

Xalq artisti Əli Nur həmkarı Ramiz Novruzun vida mərasimində iştirak etməyən nazirlik nümayəndələrindən elə mərhumun cənazəsi üzərində narazılıq etdi: “Bu sənətkar gərək şərəflə, ləyaqətlə, həmçinin Azərbaycan mədəniyyətinin, dövlətinin adına layiq dəfn olunaydı. Axı bu cür aktyorlar səhnədə 50 il can qoymuş adamlardır. Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsindən götürülməliydi, Mədəniyyət Nazirliyinin yüksək səviyyəli məmurları heç olmasa hərəsi bir-iki kəlmə söz deməliydi. Ramiz Novruzu gizli dəfn etmək axı ayıbdır!”.

Xalq artistinin dəfninin bu cür formada olması sosial şəbəkədə də böyük narazılığa səbəb olub. Aktyorla vida mərasimi Akademik Milli Dram Teatrında  baş tutmadı, dəfn prosesində Mədəniyyət Nazirliyindən heç kim iştirak etmədi.

  • Aydın Xan Əbilov: “Həzi Aslanov obrazını ustalıqla yaradan sənətkarın dəfnində biz məmurları görmədik, bu nə səhlənkarlıqdır?”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yenimedia.net saytının və  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mədəniyyət Nazirliyi bölgələrdən olan, xüsusən də cənub zonasından olan sənətkarlara, xalq artistlərinə qarşı ayrıseçkilik edir: “Mədəniyyət Nazirliyinin xaricdə oxuyub gəlmiş kadrları böyük sənətkarların dəfnində ya iştirak etmir, ya da soyuqqanlılıq nümayiş etdirir. Həzi Aslanov obrazını ustalıqla yaradan sənətkarın dəfnində biz məmurları görmədik. Bu nə səhlənkarlıqdır? Təəssüf ki, analoji hal bir neçə xalq artistinin dəfnində yaşanıb. Xalq artisti Yalçın Rzazadə, əməkdar artist Baloğlan Əşrəfov, xalq mahnıların gözəl şəkildə ifa edən Səyyad Əlizadə və digər sənət adamlarının dəfnində səhlənkarlıq müşahidə edilib. Təəssüf ki, bu sahə ilə məşğul olan məmurlar Azərbaycanın xalq sənətkarlarının ölüsünə belə hörmət qoymurlar”.

Həmsöhbətimizin dediyinə görə, xaricdə dövlət proqramı ilə oxuyub geri qayıdan şəxslərlə bağlı hər kəsin  gözləntisi böyük idi: “Ancaq bugünkü vəziyyət başqa şey deyir. Bəllidir ki, Mədəniyyət Nazirliyində dəfələrlə yoxlama keçirilib. Mədəniyyət nazirləri dəyişdirilib, məmurlar həbs olunub. Buna baxmayaraq, adıçəkilən qurum lazımi şəkildə öz fəaliyyətini qura bilmir. Bu nazirliyin keçmiş tarixçəsi göstərir ki, bura “Mədəniyyətsiz” nazirliyə çevrilir. Müxtəlif muzeylərdən oğurlanmış sənət əsələrinin, xalçaların, unikal rəsm əsərlərinin xaricdə satılması ilə bağlı dəfələrlə məlumat yayılıb. Buna baxmayaraq bu qurumda inkişaf yoxdur”.

Kulturoloq deyir ki, Mədəniyyət Nazirliyinin xalq artisti Ramiz Novruza etdiyi hörmətsizlik ictimaiyyətin qəzəbinə səbəb olub: “Məncə bu qurumu ləğv edib, onun yerində yeni struktur yaradılmalıdır. O cümlədən, nazirliyin tərkibində olan İctimai Şura da ləğv edilməlidir. İctimai Şuranın üzvləri öz adlarını yaza bilməyən, uzun müddət xəstə olanlar, heç bir iş görməyən şəxslərdən ibarətdir. İctimai Şuranın üzvləri heç bir məsələdə fikir bildirmir. Xalq artistinin urvatsız şəkildə dəfn olunmasına İctimai Şura üzvlərinin reaksiya verməməsi, qorxaq şəkildə sakitlik nümayiş etdirməsi  bir daha göstərir ki, bu işdə böyük boşluqlarımız var. Onu da deyim ki, biz bölgələrə səfər edirik. Orda baş verən mədəniyyət hadisələrinə öz fikrimizi, tənqidi mövqeyimiz bildirəndə Mədəniyyət Nazirliyi bizi qara siyahıya salır. Istənilən mövzularla bağlı məsələdə ölkənin bir nömrəli kulturoluqu həmişə unudulur. Ancaq UNESKO  və digər beynəlxalq təşkilatlara Azərbaycanla bağlı məktub yazılmalı olanda  Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri yada düşür. Bu münasibət nəinki ölülərə, elə dirilərə də var. Ona görə də Mədəniyyət Nazirliyində narazılıqlar, etirazlar var. Bu səbəbdən də Mədəniyyət Nazirliyinin ləğv olunması kimi kəskin mövqe ortaya qoyulur”.

A.Əbilovun fikrincə, Azərbaycan dövlətinin apardığı beynəlxalq siyasi, diplomatik münasibətlərinə Mədəniyyət Nazirliyi lazımi cavab verə bilmir. Bu səbəbdən də adıçəkilən nazirliyin strukturu dəyişdirilməlidir. Böyük islahatların aparılmasına ehtiyac var: “Məmur balaları nazirlikdən uzaqlaşdırılmalıdır. Onların yerinə bu işləri bacaran, peşəkar mütəxəssislər cəlb edilməlidir”.

  • Mədəniyyət Nazirliyi: “Xalq artistinin dəfn mərasiminin təşkili ilə Mədəniyyət Nazirliyi birbaşa məşğul olub”

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindın bildirildi ki,  xalq artistinin dəfn mərasiminin təşkili ilə Mədəniyyət Nazirliyi birbaşa məşğul olub: “Eyni zamanda, qurumun 4 nümayəndəsi – nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak edib”.

  • İlham Quliyev: “Sənətkarlar olmasa, bu sahəyə məsul olan Mədəniyyət Nazirliyi kimə lazımdır?”

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirdi ki, xalqın sevimlisinə çevrilən, dövlətin ali mükafatlarına layiq görülmüş sənət adamlarının dəfn mərasimlərinin təşkili ilə bağlı xoşagəlməz mənzərə yaşanır: “Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzun dəfn mərasimində bir daha bunun şahidi olduq. Ömrünü Azərbaycan teatrına və kinosuna həsr etmiş, ölkənin bir nömrəli teatrının onurğa sütunu olan, xalq tərəfindən sevilən sənətkarla adi bir vida mərasimi də keçirilmədi. Bu, xüsusi maliyyə tələb edən bir iş deyil ki, deyəsən büdcə vəsaitini sərf etmək istəmirlər, qənaət edirlər. Bunu etmək yalnız diqqət və sevgi tələb edir. Sadəcə, sahəni bilmək, onun əsas fiqurlarına ehtiram nümayiş etdirmək lazımdır. Sənətkarlara həm sağlığında, həm də ölümündən sonra dəyər vermək lazımdır! Əvvəllər heç olmasa, ölülərimizə qiymət verməyi bacarırdıq. Təəssüf ki, son illər bunu da unutmağa başlamışıq. Sənətkarlar olmasa, bu sahəyə məsul olan Mədəniyyət Nazirliyi kimə lazımdır?”.

İ.Quliyev hesab edir ki, böyük sənətkarların, dövlətin ali mükafatlarına layiq görülmüş şəxslərin dəfn mərasimlərinin təşkili ilə bağlı icrası məcburi olan qaydalar hazırlanmalıdır. Hansısa tanınmış şəxs dünyasını dəyişəndə yaxınları onunla vida mərasiminin harada keçiriləcəyi, dəfninin harada olacağı ilə bağlı nazirlikdən gələcək zəngə möhtac olmamalıdırlar.

Günel CƏLİLOVA,https://www.baki-xeber.com/medeniyyet/162677.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir