Onları televiziyadan qovurlar: Tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovdan HƏYƏCAN siqnalı

Son zamanlar televiziya kanallarında yeni dəb işə düşüb. Yeni rəhbər yeni komanda yaradaraq köhnələrlə vidalaşır. Nümunələr göstərir ki, yeni heyət sadəcə kəmiyyət dəyişikliyi yarada bilir. Keyfiyyət isə yerində sayır.

Bu dəb nədən qaynaqlanır və nə dərəcədə doğrudur?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Musavat.com-a açıqlamasında deyib ki, Azərbaycanda hər sahədə olduğu kimi, televiziya sahəsində də problemlər var.

“Doğrudur, milli efirimiz inkişaf etdikcə, bu problemlər yavaş-yavaş aradan qalxır. Həm kəmiyyət, həm keyfiyyət məsələlərinə üstünlük verilir. Əvvəlki kimi iki dövlət kanalı yox, özəl kanallar, internet kanalları, kabel televiziyası var. O cümlədən dövlət televiziyasının 2 kanalı və İctimai Televiziya böyük bir telerəqabət mühiti yarada bilib. Amma bu telerəqabət mühitinin dünya və Avropa səviyyəsində televiziya verilişlərinin və efirin hazırlanmasına təsiri çox böyük deyil. Ona görə də istər özəl, istərsə də dövlət kanallarında tez-tez rəhbər dəyişiklikləri olur. Köhnə rəhbərlə yanaşı, komandasının da dəyişilməsinə normal baxmaq lazımdır. Əgər televiziyada problem varsa, deməli, həmin komandada da problem var. Ona görə də həmin komandanın dəyişilməsinə start verilir”, – kulturoloq bildirib.

Aydın Xan Əbilovun sözlərinə görə, bütün bunlara rəğmən, köhnə komandada olan peşəkarları dəyişmək düzgün deyil:

“Hər hansı bir qurumda, televiziyada dəyişiklik zamanı oradakı peşəkarları geriyə atmaq olmaz. İllərlə öz həyatını bu işə sərf etmiş şəxslərlə vidalaşmaq olmaz. Birincisi, Əmək Məcəlləsinə görə, layiqli, peşəkar şəxslə əmək müqaviləsinə xitam vermək olmaz. Əgər verilirsə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, məhkəməyə müraciət oluna bilər. İkincisi, bizdə bütün sahələrdə peşəkarlar öz gələcək karyerası üçün qayğılana bilərlər. Bu, növbəti “beyin axını”na səbəb ola bilər. Əgər bir peşəkar hansısa rəhbərin dəyişikliyi ilə işini itirmək qorxusu ilə yaşayırsa, ölkədən gedə bilər. Bu da müxtəlif sahələrdə boşluq yarada bilər.

Bəli, televiziyalarımızda tez-tez dəyişikliklər olur. Buna normal baxmaq lazımdır. Çünki TV canlı bir aləmdir. Televiziya həm də biznes strukturudur, pul gətirməlidir, reklam axtarmalıdır. Televiziya hər bir tamaşaçı üçün mübarizə aparmalıdır, çünki TV ilə yanaşı, sosial şəbəkələr, internet televiziyaları tamaşaçı uğrunda mübarizə aparır. Beynəlxalq imkanları geniş olan kanallar belə hər bir tamaşaçı uğrunda mübarizə aparır. Çünki hər bir tamaşaçı hər bir efir imkanı və reklam, pul deməkdir. Ona görə də rəqabət normaldır.

Ancaq bizim milli telekanallarımız peşəkarları itirməməlidirlər. Onlarla işləməyi bacarmalıdırlar. Əks halda onların efirində problemlər yarana bilər. Hesab edirəm ki, efirdə müəyyən problemlərə görə rəhbərlik, komanda dəyişikliyi olanda peşəkarlarla sağollaşmaq olmaz. Məsələn, texniki işçinin nə günahı ola bilər? Aparıcı var ki, onun yaxşı verilişi var. Onun nə günahı var? Bunun üçün monitorinq, bazar araşdırması olmalıdır. Telemenecerlər, teletənqidçilər olmalıdır ki, düzgün nəticə hasil olsun”.

Aytən Novruz,

https://musavat.com/news/onlari-televiziyadan-gonderirler-kulturoloqdan-heyecan-siqnali_959256.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir