“Yad bir xalqın bayramını biz niyə qeyd etməliyik?!” – Ekspert Aydın Xan Əbilov ciddi tənqid etdi

“23 fevral keçmiş SSRİ və indiki MDB ölkələrində Qırmızı Ordunun yaranması münasibətilə təntənəli qeyd edilən bir gün idi. Yalnız SSRİ coğrafiyası daxilində olan respublikalarda bu gün qeyd edilirdi. Lakin ideoloji bir hadisə olduğuna görə SSRİ beyin mərkəzləri elə etmişdilər ki, bu gün həm də kişilər bayramı kimi qeyd olunurdu. Çünki ordu və hərbiçilər dedikdə oğlanlarla kişilər yada düşür. Onların da bayramı milli bir bayram kimi keçmiş SSRİ respublikalarında qeyd edilirdi”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.


Onun sözlərinə görə, bunun digər bir tərəfi də var idi: “Belə ki, kişilər həmişə şikayətlənirdilər ki, “8 Mart Beynəlxalq Qadınlar Günü var və SSRİ-də bu gün çox təmtəraqlı qeyd edilir. Bəs, kişilərin bayramı niyə yoxdur?!”. Ona görə də 23 fevralı belə ideoloji və psixoloji hadisə olaraq qeyd etməyə başladılar”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Daha sonra bu ənənə davam etdirildi. Orta məktəb dövründə də uşaqlar 23 fevralda hədiyyələşirdilər. İndi isə MDB ölkələri arasında yalnız Rusiyada bu gün “Kişilər Günü” kimi qeyd edilir. Rusiyada, rusdilli insanlar arasında, Qazaxıstanın bir hissəsində bu gün bayram olaraq qeyd edilir. Həmçinin, bu gün əvvəllər Ukraynada da qeyd edilirdi. Lakin Rusiya-Ukrayna müharibəsindən sonra Ukrayna bu günün qeyd olunmasını qadağan etdi.

Əslində, bu gün normal bir bayram olsaydı mən də qeyd edilməsinin tərəfdarıyam. Amma düşünürəm ki, bayramların cinsi olmamalıdır. Başa düşüləndir ki, xanımlar və bəylərin biri-birini təbrik etməsi çox maraqlıdır. Bu səbəbdən insanları da anlamaq olar. Əlamətdar günlər nə qədər çox olsa, həyatımız bir o qədər rəngarəng olar.

Amma ideoloji, bir qədər də xalqımızın həyatında 20 Yanvar və 31 Mart faciələri zamanı fəal iştirak etmiş Qırmızı Ordunun adı ilə bağlı olan hadisənin kişilər bayramı kimi qeyd edilməsi məntiqli deyil. Bu gün Azərbaycanda niyə kişilər bayramı kimi qeyd olunmalıdır?! Bununla əlaqədar Azərbaycanda kifayət qədər qəhrəmanlar var. Həmçinin Ordu günü və Zəfər günü var ki, onlar da “Kişilər Günü” kimi qeyd edilməlidir. Yad bir xalqın bayramını biz niyə qeyd etməliyik?! Bizim öz kişilər də, analar da, sevgililər günümüz də var”.

Ayşən Vəli,https://sia.az/az/news/social/1036947.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir