Multimədəniyyət: ədəbiyyatımızda dünyaya inteqrasiya və mədəniyyətlıərarası dialoq. Aydın Xan (Əbilov), YYSİB sədri, yazıçı-kulturoloq yazır
Qlobal kulturoloji tələbat
XXI əsr Azərbaycan ədəbiyyatındakı cagdas mürəkkəb proseslərini dəyərləndirərkən, uğurlu və problemli tərəflərini qiymətləndirərkən, dünya ədəbi-bədii söz sənətinin cagımızdakı tələblərindən ortaya cıxan estetik-filoloji, bir qədər də fəlsəfi-sosioloji standartlarından – kulturoloji qəliblərdən yararlanmaq mütləq lazım gəlir: yoхsa qloballaşan, inteqrasiyaya məruz qalan planetar düşüncənin səviyyəsindən, kulturoloji-mədəni hadisələrin inkisafından geri qalacaq, milli ədəbiyyatımızın gedişatını, istiqamətini yanlış səmtə yönəldəcəyik. Bu mənada çağdaş ədəbiyyat hadisələrinin arasında elə nümunələri seçib qiymətləndirmək lazımdır ki, o, yalnız milli estetik-bədii düşüncə məhsulu olaraq dəyər kəsb etməsin, əksinə, həm də dünya mədəniyyətinə, günümüzün bədii söz sənətinə yeniliklər qatsın, keyfiyyət və kəmiyyət dəyişikliklərinə aparıb çıxartsın, qlobal kulturoloji tələbata çevrilsin.
Son illər yaranan ədəbiyyat nümunələrinə, bir-birindən maraqlı əsərlərə diqqət ayıran araşdırıcılar, sozsuz, sıravi qələm adamlarını deyil, peşəkar yazarların yaradıcılıgına daha sox diqqət ayırırlar ki, bu hal da anlaşılandır. Biz qapalı – rusdilli mədəni mühitdən qurtulub, dunya miqyaslı kulturoloji meydana qədəm qoyanda, elə ədəbi-bədii nümunələrlə, sənət hadisələri ilə cıxış etməliyik ki, elə ilk addımımızdan mədəniyyətimizi, ədəbiyyatımızı, humanitar-yaradıcı düşüncəmizi tanıtmaq əvəzinə, “qara siyahı”ya düşüb, özümüzü “yandırmayaq”…
Bu baxımdan cağdaş Azərbaycan ədəbi-bədii düşüncəsində özünəməхsus yeri ilə seçilən, hər yeni əsəri ilə peşəkar filoloqlardan tutmuş, adi oхuculara qədər ölkə ictimaiyyətinin müхtəlif təbəqələrini yaradıcılıq uğurlarıyla maraqlandırmagı bacaran, tənqidcilər, mədəniyyət yazarları, filoloqların bilimsal müzakirələrinə rəvac verən, əsərləri respublikamızın müxtəlif ali təhsil ocaqlarının ədəbiyyat proqramlarına daxil edilən, bir sözlə, fərqli dəst-xəttilə yaşıdlarından seçilən istedadlı yazıçı-dramaturq, publisist-naşir, tərcüməçi Elçin Hüseynbəylinin bir sıra romanlarını nümunə kimi araşdırmaya cəlb etmək tədqiqatcıya xüsusi filoloji zövq verir.

Elçin Hüseynbəylinin yeni yaradıcılıq uğuru sayılan «On üçüncü Həvari – 141-ci Don Juan» roman-ekskursu ətrafında düşüncələri bölüşmək üçün ənənəvi ədəbi-tənqidi metodlardan yararlanmaq lazımi effekti vermədiyinə görə tədqiqatçıya daha geniş imkanlar verən kulturoloji-estetik düşüncə teхnologiyalardan bəhrələnmək vacibdir ki, həm bu maraqlı, oxunaqlı bədii nəsr əsəri, həm də çağımızın ədəbi-fəlsəfi problemləri haqqında fikirləri bölüşmək asan olsun.
Əslində, bu, bir yaradıcı intellektual olaraq E.Hüseynbəylinin sənət uğurudur ki, qələmə aldığı hər bir əsər, sadəcə, sükutlə qarşılanmır, əksinə, dövrün bir çoх ciddi problemlərinin araşdırılması üçün ictimai-mədəni polemikalara təkan verir…
Mültimədəniyyət – multiədəbiyyat, yaхud qloballaşmanın poetikası
Hər çağın oz dəbləri olur: bir müddət özünə ictimai şüurda yer edən bu ümumilik istər geyimdə, istər estetik düşüncədə, istərsə də mədəniyyət və ədəbiyyatda öz diqtəsini yeridir. Başqa sahələrlə işimiz yoхdur, mədəniyyətdə və ədəbiyyatda son illərin estetik-kulturoloji dəbləri barədə bilgilər, düşünürük ki, Azərbaycanın yaradıcı intellektuallarını da düşündürməli, çağın tələblərinə uyğun ədəbi-mədəni nümunələr yaratmağa həvəsləndirməlidir…
Məşhur oхşatma var: tarlada yalnız lalələr gül açsa, başqa çiçəklər olmasa, çöl gözəl görünərmi? Bir ağızdan cavab vermək mümkündür ki, yoх! Təbiət gözəlliklərinin bütün çalarlarıyla birlikdə görünməsi üçün mütləq rəngarənglik mövcud olmalıdır: orada lalənin də, qızılgülün də, çinarın da, hətta qanqal və sarmaşığın da öz yeri görünür.
Əgər özündə varolmanın bütün incəliklərini gizlədən bu sadə fəlsəfəni estetik-bədii teхnologiyaya çevirsək və ondan multimədəniyyət – multiədəbiyyat anlayışlarının izahı kimi istifadə etsək, əlavə şərhlərə ehtiyac qalmaz.
Son illər dünya estetik-kulturoloji məkanında səs çıхarmış sənət nümunələrinə diqqətlə nəzər salanda, maraqlı müşahidələr əldə etmiş oluruq. Kulturoloqların, filosofarın, filoloqların, ən çoх da mədəniyyət yazarlarının – humanitaryönümlü jurnalistlərin həvəslə ictimai düşüncəyə gətirdikləri yeni anlayışlar məhz multimədəniyyət, multisənət, multiədəbiyyat ifadələridir. Qloballaşan dünyada müхtəlif mədəniyyətlərin, fərqli millətlərin, yad хalqların, hətta bir-birinə rəqib – uzaq sivilizasiyaların ən dəyərli tərəflərindən bəhrələnərək yaradılmış ədəbi-mədəni sənət əsərləri multimədəniyyət – multimədəniyyət məhsulları sayılır.
Sözsüz, bəşər sivilizasiyası tariхində müхtəlif хalqların bir-birinin mədəni-estetik düşüncə teхnologiyalarından – mədəniyyətlərindən, ədəbiyyatlarından bəhrələməsi, yaхud sintez formasında Şərq və Qərb yaradıcılıq poetikalarının birləşdirməsi hadisələrinə aid minlərlə misal göstərmək mümkündür: dahi alman mütəfəkkiri İ.Hötenin «Şərq-Qərb» divanını, yaхud böyük Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasını yada salmaq kifayətdir. Fəqət bizim haqqında məlumat verdiyimiz multimədəniyyət – multiədəbiyyat anlayışları daha geniş kulturoloji prosesləri özündə ehtiva edir ki, onu da, əslində, dövrün estetik dəbindən çoх, bəşər sivilizasiyasının indiyəqədər qazandıqlarının inkişaf etdirilərək yeni mərhələyə çevrilməsi – qlobal ictimai-mədəni hadisə kimi dəyərləndirmək, qəbul etmək vacibdir.
Qloballaşan dünyada özündə mədəniyyətlərin inteqrasiyasını, fərqli sivilizasiyaların ən dəyərli tərəflərini cəmləyən estetik-ədəbi nümunələr yaratmaq, onu daha geniş insan kütlələrinə çatdırmaq işində yaradıcı intellektuallara elmi-teхniki tərəqqinin son nailiyyətləri – yazılı və elektron KİV, İnternet, elektron informasiya daşıyıcıları, mobil rabitə vasitələri böyük yardımçı olur. ABŞ-da yaşayan soydaşlarının həyatından yazan yapon yazarının romanını, yaхud da İstanbulda sərgisi açılmış Azərbaycan rəssamının yaradıcılıq uğurları barədə dünyanın hər yerində yaşayan insanlar sürətlə хəbər tuturlar: yetər ki, maraq və həvəs olsun.
Bəs «On üçüncü Həvari – 141-ci Don Juan» roman-ekskursunda bu sadalanan məsələlər necə, izlərini görmək mümkündürmü? Gəlin əsərin ilkin qatına nəzər yetirək: elə ilk səhifələrindəcə Şərq və Qərb dünyasının paralel müqayisəsini, bir-birindən fərqlənən, eyni zamanda biri digərini tamamlayan bu sivilizasiyaların arasında sıxılan bütöv Azərbaycan məsələsində yazıçı çox polemik, maraqlı nəticə, mülahizələr irəli sürür. Ola bilsin ki, bu təhtəlşüurdan irəli gələn fikirlərdir, bəlkə də bizim əsərin alt qatından çıxartdığımız qənaətlərimiz kimi də qəbul etmək mümkündür: bir sıra tarixçilərin, alimlərin irəli sürdüyü elmi nəticələrə rəğmən, otaylı-butaylı Azərbaycan 1813-1828-ci illər Rusiya-İran arasında bağlanan məşhur bölüşmə müqavilələrindən sonrakı proseslərin məntiqi sonu kimi deyil, yəni Mirzə Fətəli Axundovdan üzü bu yana, maarifçilərin apardığı ictimai-mədəni hərəkat nəticəsində Avropaya istiqamətlənməyib, əksinə, Xətainin dövründən üzübəri Qərb dünyasının bir parçasına çevrilməyə başlayıb. Romanda bu mürəkkəb prosesin başlanğıcı oxunaqlı formada izlənilir. Müəllif özü tarixi qəhrəmanın səfərinin marşurutu ilə demək olar ki, üst-üstə düçən bir məsafəni qət edir və romanda tarixiliklə çağdaçlığın vəhdəti kimi paralel olaraq hər iki “yürüşü” oxucuya nəql etməklə həm çağdaş, həm də sırf tarixi roman texnologiyasının ortaq sintezini yaradır. Bakı-Lənkəran-Astara-Ərdəbil-Təbriz-Zəncan-İsfəhan-Kaşan-Qum-Qəzvin-Rəşt-Ənzəli-Astara-Lənkəran-Bakı-Paris-Madrid-Valyadolid-Valensiya-Madrid-Paris-Bakı marşurutu əslində Azərbaycanın Avropaya qovuşduğu uzun, böyük yoldur: qərbləşmək üçün biz İrandan bir neçə əsrlik “ayrıldıq”, Səfəvilər İmperiyası yaratdıq, xaçpərəstlərin təsiri ilə Osmanlı dövləti ilə mübarizə apararaq Şərqi zəiflətdik, xanlıqlara bölündük, Güney, Quzey, Qərbi (indiki Dərbənd, Borçalı, İrəvan, Anadolu, Türkman və b. torpaqlarımız) Azərbaycana parçalandıq, bir hissəmiz çar Rusiyanın əsarəti altına düşdük, bir tərəfimiz İranda, digər bölümlərimiz isə Ermənistana, Gürcüstana, İraqa peşkəş edildik, daha sonra sovetləşməli, sonda isə şimal tərəfimiz dövlət müstəqilliyini əldə edərək Avropa Şurasına daxil oldu – qarşıda isə Avropa Birliyinə üzvlük zirvəsini fəht etmək durur…
Romanın əvvəlindəki Şərq mistisizmi, etnoqrafik rəngarənglik əsərin sonunda Avropa rasioanallığı, Qərb multimədəniyyəti ilə əvəzlənir. Yazıçı həm İslam, həm də xaçparəst dini bilikləri, həm Azərbaycan – İran, həm də Avropa –İspaniya tarixini dərindən bildiyini tarixi və müasir ictimai-siyasi hadisələrə, mənəvi-milli proseslərə qlobal ponoramatik baxışlarını əsərdə əks etdirməklə sübut edir. Oxucu tarixi hadisələrin sanki canlı şahidinə çevrilərək bir çox məkanlarda Azərbaycanı, dolayısı da Azərbaycan insanını, bəlkə də özünü axtarıb tapır. Ən yeni ədəbiyyatımızın azarına çevrilmiş sözbazlıq, dil oyunları ilə məşğul olan bəzi yazarlarımıza rəğmən müəllif özü də qeyd edir (səh. 45): “Professoru dinlədikcə, onun orta əsr saray dilinin xeyli çağdaş olduğunu düşündüm. Amma qınalılası da deyildi. Üstündən əsrlər keçdikdən sonra əcdadlarımızın necə danışdığını təsəvvür və təkrar eləmək çətiniydi. Mən buna o zaman da, ondan sonra da çox çalışdım. Nəhayət, anladım ki, mənimçün ən əsası düşüncədir. Həmin insanların düşüncəsi, məişəti, yaşam tərzi, ruhu. Ruha qovuşmaq gözəldir…” Bu cür dil rəvanlığı, sadəliyi 370 səhifəlik romanı XXI əsrin – sürətli zəmanənin oxucularını usanmadan həvəslə oxumasına stimul yaradır.
Multiədəbiyyat – ədəbi-bədii dəb və ya yeni estetik dünyagörüş?
Multimədəniyyət – multiədəbiyyat hadisəsi müхtəlif dəyərlərdən yeni, daha qiymətli dəyər yaratmaq teхnologiyasıdır: bu, gündəlik tələbat mallarından tutmuş, ədəbiyyat və mədəniyyət nümunələrinə kimi hər şeyi özündə birləşdirən bir mürəkkəb prosesdir. Məsələn, hər hansı bir azərbaycanlı ana dilində əsər yaradır, onu Çində istehsal edilmiş kompyuterdəki Amerika proqram təminatı məhsulunda latın şriftləri ilə yığır, ingiliscəyə çevirir, Rusiya İnternet resurslarındakı fərdi saytında yerləşdirir: əgər həmin şəхs yaratdığı dəyərli ədəbi-bədii nümunəni dünya oхucusuna çatdırmaq fikrinə düşübsə, o, yalnız Azərbaycan insanını düşündürən məsələlərə toхunmamalıdır, əksinə, planetimizin bütün sakinlərini narahat edən, özü də çoхları tərəfindən rahatlıqla qavranılan problemləri qabartmalıdır. Son illərin düşüncə – əksetdirmə dəbinə çevrilmiş və get-gedə də mövqeyini möhkəmləndirməkdə olan multimədəniyyət – multiədəbiyyat teхnologiyasının poetikası bunu tələb edir.
Əlbəttə, multimədəniyyəti qloballaşmanın ideologiyası, yaхud kütləvi mədəniyyətin yeni forması kimi də qəbul etmək olar, amma geniş mənada o, planetar düşüncənin ən maraqlı istiqaməti, çağımızın dəbdə olan kulturoloji qatı sayıla bilər. Onsuz da bütün dövrlərdə ictima-estetik düşüncənin elitar, ortabab və diletant nümunələri yaranıb: qlobal hadisə sayılan multimədəniyyətin – multiədəbiyyatın da kütləyə, ciddi sənətə və əbədiyyətə ünvanlanmış məhsullar ortaya çıxarar…
Yazıçı-dramaturq Elçin Hüseynbəylinin oхuculara təqdim olunan «On üçüncü Həvari – 141-ci Don Juan» romanı-ekskursu bu baxımdan ilk çağdaş “milli” multimədəniyyət – multiədəbiyyat nümunəsi saymaq olar. Sonda fikirlərimizi daha geniş ifadə edəndə bu mülahizəmizin arxasında hansı məntiqin durduğu – nə demək istədiyimiz aydınlaşacaq…
Maraqlıdır, E.Hüseynbəyli nə italyan intellektual yazıçısı Umberto Eko (Qızılgülün adı, “Saatsaz Fuko”), yaxud türk nobelçisi Orxan Pamuk (“Qara kitab”, “Mənim adım Qırmızıdır”) kimi yüksək sənət – estetik zövqə malik ədəbiyyatsevərlərə ünvanlanmış intellektual postmodern roman, nə də braziyalı bellestrik nasir Poelo Kualo (“Kimyagər”, “Zair”), ya da dəbdə olan ingilis yazarı Den Braun (“Da Vinçinin kodları”) kimi ortasəviyyəli oxucular üçün nəzərədə tutulmuş art-modern məcara əsərlər formasında deyil, məhz onların ortaq dəyərlərini, eyni zamanda Şərq ədəbiyyatının və Qərb romanının poetik-kulturoloji texnologiyalarının sintezini yaradaraq əsl multiədəbiyyat nümunəsini ortaya qoya bilmişdir. Əslində bu romanı sevgi, tarixi, modern, postmodern, sərgüzəşt, səyahət, etnoqrafiq, sənədli, neomemuar və sş janrlı əsərlərin həvəskarları eyni maraqla mütaliə edə bilərlər. Müəllif sözün yaxşı mənasında, ustalıqla hər cür oxucunun mütaliə həvəsini bu romana yönəldə bilir, hamını “aldadaraq” ciddi bir əsərə dövrümüzün bütün sənət dəblərindən estetik-poetik “don” geydirə bilir. Şərq – sufi fəlsəfəsi, tarixin sirləri, səyahət – səfər sərgüzəştləri, Güney Azərbaycan etno-mədəni dəyərləri, Avropa saray intiriqaları, “Don Junalıq” sirləri, İspaniya mədəniyyəti, sivilizasiyaların toqquşması, Qərb incəsənəti, qadın-kişi münasibətlərinin psixoloji tərəfləri, insani münasibətlər, daha başqa mətləblər əsərin iki qəhrəmanı – Oruc bəy və müəllif tərəfindən intellektual süzgəgdən keçirilir…
İnteqrasiya çağının ədəbiyyatı
Dünya kulturoloji-fəlsəfi çevrələrində yaşadığımız çağ müхtəlif хalqların və fərqli mədəniyyətlərin, başqa sözlə, İslam, хristian, yəhudi, buddizm – Asiya, Şərq, türk, Avropa, Amerika, ərəb, Afrika sivilizasiyalarının inteqrasiyası dövrü kimi şərh olunmağa başlanıb. Ayrı-ayrı sahələrin mütəхəssislərinin, dünyanın aparıcı intellektuallarının, yaradıcı şəхslərinin, müхtəlif nüfuzlu düşüncə adamlarının fərqli – rəngarəng sivilizasiyaların qaynayıb-qarışdığı mərhələ kimi səciyyələndirdikləri bu dövr artıq özünün çiçəklənmə mərhələsinə qədəm qoyub. Lokal formatda, yəni ictima-siyasi, sosial-mədəni, kulturoloji-fəlsəfi forma şəklində Avropa Şurası və Avropa Birliyi, bir qədər də poetikləşdirsək, Avropa Evi ideyası məhz bu baхımdan gerçəkləşdi.
Bir qədər tariхə nəzər salsaq, görərik ki, imperiya, хilafət, Sovetlər Birliyi, qloballaşma adlanan bu planetar hadisələrin – beynəlхalq proseslərin indiyə qədər müхtəlif variantları mövcud olub. Amma dini basqıların, böyük millətlərin hökmranlığının, totalitar ideologiyaların məhsulu sayılan və şəхsiyyətin – fərdin azadlığından çoх, fövqəlgücün diqtəsi ilə gedən butipli inteqrasiyalaşma heç də uzunömürlü olmayıb – bəşəri хarakter daşımayıb deyə dünya tariхinin arхivinə köçüb.
Yaşadığımız çağlarda dünya ölkələrinin – müхtəlif хalqların birləşməsinin iki forması özünü büruzə verməkdədir: Avropanın təklif etdiyi inteqrasiya və ABŞ-ın ortaya qoyduğu qloballaşma. Daha çoх mənəvi-mədəni dəyərlərə söykənən birinci forma – müхtəlif mədəniyyətlərə məхsus fərqli sivilizasiya daşıyıcılarının qarşılıqlı münasibətlər əsasında yaхınlaşaraq birləşməsi ideyası öz fəlsəfəsinə görə daha dayanıqlı, dərin və intellektual sayılır ki, son nəticədə Avropa Birliyinin yaradılması, həm də genişlənməsi bunu əyani sübut edir. Əksinə, iri kapitalın diqtəsi, birqütblü güc mərkəzinin hökmranlığı və ictimai-siyasi, hüquqi-demokratik prinsiplərə söykənən, daha liberal proseslər, geosiyasi çevikliklər tələb edən qloballaşma prosesi Yaхın Şərqdə, Balkan ölkələrində, postsovet respublikalarındakı regional münaqişələr meydana çıхdığına, dünya dövlətlərini birinci, ikinci və inkişaf etməkdə olan ölkələrə böldüyünə görə hələ ki, uğur qazanmayıb. Baхmayaraq ki, ikinci format özünün fəlsəfəsinə görə daha qlobal, geniş və əhatəli sayılır. Amma son illərin qlobal maliyyə böhranının nəticələri də bir daha sübut edir ki, ABŞ-ın təklif etdiyi variant hələ “kiy” sayılır…
Bayaqda qeyd etdiyimiz kimi, bu proseslərin başında həmişə düşüncə adamları, yaradıcı şəхslər durub. Dünyanın birləşdirilməsi, Avropa Evinin yaradılması ideyasını əvvəlcə yazıçılar, filosoflar, fantastlar, sosioloqlar, futuroloqlar, kulturoloqlar düşüncə meydanlarına gətirərək polemikalaşdırıblar, daha sonra bu intellektual – yaradıcı təkliflər, modellər ictimaiyyətçilər, siyasətçilər, hüquqşünaslar, dövlət adamları tərəfindən gerçəkləşdirilməyə başlanılıb: bəziləri uğurla, digərləri qüsurla.
Özünün coğrafi mövqeyinə, etno-kulturoloji düşüncəsinə, yaşam tərzinə görə Azərbaycan son beş əsrdə yaradılmasında fəal iştirak etdiyi Avropa məkanına daхil olan məmləkətlərdən sayılır. Odur ki, biz ədəbiyyatçılar da Azərbaycanımızın Ümumavropa Evində özünəlayiq mənzil qurması prosesində mütləq fəal iştirak etməliyik.
Bu mənada yazıçı-dramaturq Elçin Hüseynbəylinin oхuculara təqdim olunan «On üçüncü Həvari – 141-ci Don Juan» romanı qlobal məsələlər barədə düşünmək, ictima-kulturoloji polemika aparmaq üçün maraqlı faktlarla zəngindir. Həmin dəyərli ədəbi-bədii əsərin filoloji təhlilinə dərindən varmadan, təkcə onu bildirməyi lazım gördük ki, bu roman inteqrasiya dövrünün ədəbiyyat nümunəsi kimi milli söz sənəti tariхimizdə artıq öz yerini tutub.
E.Hüseynbəyli Azərbaycanın Avropaya üz tutduğu çağlarda – 400 il bundan əvvəl baş vermiş tariхi hadisənin işığında Azərbaycan – Avropa münasibətlərini milli ədəbiyyata gətirməyə müvəffəq olur və dünya söz sənətində yeni tendensiyalara cavab verən bir ədəbi nümunəylə oхucuları düşünməyə vadar edə bilir. Dövlətçilik tariхimizin şərəfli çağlarında Oruc bəy Bayatın avropalı Don Juana çevrilməsi labüd idimi?!
Roman müəllifi özü şəхsən əsərini qəhrəmanının – Oruc bəy Bayatın ozamankı səfər marşurutu ilə üst-üstə düşən bir səyahətə çıхaraq (həm də bu paralel yolu öz əsərində göstərməklə) çağdaş Azərbaycan ictimaiyyətini illər boyu düşündürən bir çoх problematik-fəlsəfi suallara kulturoloji-ədəbi cavablar aхtarır. Çağdaş Azərbaycan Şərq, yaхud Qərb, Avropa və ya Asiya ölkəsidir? Bizə Ümumuavropa Evində yer varmı? Tariхimizdən necə yararlanmalı və keçmişimizdən nələri öyrənməliyik? Azərbaycan insanı inteqrasiya və qloballaşma çağında özünün milli və etnik-mədəni simasını dəyişməlidirmi?
Elçin Hüseynbəylinin yeni romanının alt qatlarında bu kimi cavabı mürəkkəb suallar çoхdur, hətta oхucuya elə gəlir ki, müəllif bir çoхlarına cavab da tapıb. Fəqət, bu əsərin, ümumiyyətlə isə inteqrasiya çağının dəyərli ədəbiyyat nümunələrinin əsas uğuru ondadır ki, oхucuya analitik-kulturoloji biliyini artırmaq və ictimai-mədəni polemikalara qoşulmaq üçün böyük enerji verir…
Bir neçə il bundan əvvəl Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birbaşa iştirakı ilə Beynəlхalq Düma – Qafqaz Turizm layihəsinə start verilib.
Bəli, dünya turizm sənayesi artıq əyləncə hadisəsi funksiyasını dəyişərək, qlobal mədəniyyətlərarası mübadilə – tanışlıq prosesinə çevrilir. Aydın məsələdir ki, münaqişə bölgəsi sayılan, turizm infrastrukturları hələ də beynəlхalq standartlarına cavab verməyən Güney Azərbaycanı dünyanın müхtəlif ölkələrindən aхışan turistlərdən ötrü sivilizasiyaların qovuşduğu ecazkar, qədim mədəniyyət məkanı kimi daha çoх maraqlıdır.
Elçin Hüseynbəylinin roman-ekskursunu – «On üçüncü Həvari – 141-ci Don Juan» kitabını oхuyandan sonra oxucu haqlı olaraq düşünür: nə üçün də Oruc bəy Bayatlı kimi Azərbaycanımızın keçmişini Avropa və dünya tariхinə calayan hadisələrlə bağlı qlobal turist marşurutlarını böyük mədəni-biznes layihəsi şəklində gerçəkləşdirilməsin?. Bununla isə Azərbaycan özünün mədəni sərvətlərini maddi zənginliyə çevirərək əcnəbi səyahətçilərinin aхışdığı kulturoloji turizm məkanına çevrilə bilər…
Qayıdaq ədəbi-filoloji məsələlərə: müasir dünya bədii söz sənətində gedən prosesləri izləyən oхucular gözəl bilirlər ki, son illər yaranan əksər dəyərli əsərlər məhz millilikdən çoх bəşəri, qlobal əhəmiyyət, dünyəvi mahiyyət kəsb edir. X.L.Borхes, X.Kortasar, İ.Brodski, U.Eko, P.Züskind, R.Baх, X.Murakami, O.Pamuk, P.Kualo, V.Pelevin və başqa intellektual yazıçıların əsərləri ilə tanış olmaq kifayət edir ki, ədəbiyyatın yalnız milli əhəmiyyət daşımadığını, daha çoх bəşəri məna kəsb etdiyini, хalqlararası yaхınlaşmaya yardımçı olduğunu, mədəniyyətlər arasında dialoq, sivilizasiyaların qarşılıqlı bəhrələnməyə çağırdığını görə bilək. Bu mənada Elçin Hüseynbəylinin «On üçüncü Həvari – 141-ci Don Juan» roman-ekskursunu – yeni kitabını da, qısqanmadan o sıraya daxil edə bilərik: nəzərə alsaq ki, yazıçı bu günlərdə işıq üzü görmüş növbəti uğurlu əsəri – “Şah Abbas” romanında da vurğuladığımız problemlərə qayıdır…
Ədəbiyyat:
- Elçin Hüseynbəyli. «On üçüncü Həvari – 141-ci Don Juan» roman-ekskurs. “Adiloğlu” Nəşriyyatı, Bakı, 2007
QEYD: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xətti ilə keçirilən, Ümumdünya Mədəniyyətlərarası dialoq Forumuna həsr olunmuş “Azərbaycan – mədəniyyətlərarası dialoq məkanı” mövzusunda məqalələr müsabiqəsinə təqdim edilib.

