Qərb xüsusi xidmət orqanları Putini bu yolla sarsıtmağa çalışır. CNN-in araşdırması. Stefen Kollinson yazır
Stefen Kollinson,Ağ Ev, ABŞ və dünya siyasətini işıqlandıran CNN Politics-in müxbiri
Qərbin xüsusi xidmət orqanları Ukrayna üzərindən Putinlə birbaşa psixoloji müharibə aparır. Başqa sözlə desək, bu sahədə mütəxəssis olan Putinin həmişə istifadə etdiyi silahını elə özünə qarşı çevirirlər.
Birləşmiş Ştatlar və onun müttəfiqləri bir tərəfdən döyüş meydanında ciddi itkilər verən, çıxılmaz vəziyyətə düşmüş, ruh yüksəkliyi və döyüşkənliyi olmayan Rusiya ordusunu göstərir, digər tərəfdən də Kreml daxilində artan siyasi gərginliyin görüntüsünü verir.
Onlar Rusiya liderinin təcrid vəziyyətə düşdüyünü, məsləhətçiləri tərəfindən düzgün istiqamətləndirilmədiyini və müharibənin nə qədər pis getməsi haqda ciddi kəşfiyyat məlumatına malik olmadığını iddia edirlər.
Qərb dövlətləri Putinin müharibənin gedişatını müəyyən etməyə imkan vermirlər, eynilə müharibədən əvvəl etdikləri kimi: Qərb xüsusi xidmət orqanları məxfiliyi qaldırılmış məlumatlara əsaslanaraq işğalı düzgün təyin ediblər, halbuki geosiyası analitiklər üçün belə bir ehtimal ağlabatan deyildi.
Elə özünün, xüsusilə ABŞ və Avropa seçkilərinə müdaxilə zamanı, daim informasiya müharibəsindən təsir vasitəsi kimi istifadə edən Rusiya liderinin düşdüyü vəziyyət heç də ürəkaçan deyil. Kəşfiyyat tərəfindən təqdim edilən və məxfiliyi qaldırılmış təhlillərin bu qədər təfərrüatlı olması da çox güman ki, keçmiş KQB zabiti və kəşfiyyat rəisi Putini çox qıcıqlandırır. Həmçinin Qərb kəşfiyyat orqanlarının Kremlin müharibə əməliyyatlarına və daxili siyasətinə dərindən nüfuz edə bilmə imkanlarına malik olması ehtimalı da Rusiya liderini hiddətləndirə və onun rejimində yeni çatlar aça bilər.
Qərb hökumətlərinin Ukrayna və Moskva daxilində gördükləri barədə açıq danışmağa hazır olması, hətta bəzi təcrübəli casusları da təəccübləndirib.”Bu, kəşfiyyat sahəsində çalışanları, hətta mənim kimi təqaüdə çıxanları da narahat edir, çünki təbii olaraq bizdə mənbə və metodları məxfi saxlamaq vərdişi kök salıb”, – Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya əməliyyatları idarəsinin keçmiş rəisi Stiv Hol CNN-in əməkdaşı Ana Kabreraya deyib.
ABŞ-Putin qarşıdurmasında kəşfiyyatın yeri ilə bağlı intriqanın bir hissəsi məxfi cəmiyyətin təbiətindən qaynaqlanır. Kənar şəxslər üçün liderlərinin ictimaiyyətə təqdim etdikləri məlumatların tam doğruluğunu müstəqil qiymətləndirmək imkanı yoxdur. Buna görə də bütün bu məlumatların haradan gəldiyini və kim tərəfindən ötürüldüyünü bilmirik. Amma təbii ki, məqsəd də elə budur; bu həm də rusların özlərini də şübhəyə salır.
Qərb rəsmilərinin Ukraynadakı müharibəni Rusiya üçün fəlakət kimi qələmə vermək cəhdi, Moskvanın Kiyevdə və başqa yerlərdə münaqişənin gərginliyini azaltması ilə bağlı dediklərinə məhəl qoymadığı bir vaxta təsadüf edir. Onların dediklərinə görə, əksinə, Putinin qüvvələri Ukraynanın şərqindəki bölgələrə intensivləşdirilmiş hücum hazırlamaq üçün “yerdəyişmə edirlər”. Moskva bu bölgələrdə dinc əhalini məhv, şəhərləri yerlə-yeksan etməkdədir. Belə bir taktika Putinin 2014-cü ildə ilhaq etdiyi Krımla Rusiyanın nəzarətində olan əraziləri birləşdirmək və Moskvaya Ukrayna üzərindən Qara dənizə birbaşa dəhliz əldə etmək üçün hazırlana bilər.
Mühəribənin daxili tarixçəsi
Son günlər Qərb rəsmiləri müharibənin dəqiq təsvirini cızıblar.
28 martda Avstraliyada Britaniyanın yüksək səviyyəli kəşfiyyat rəislərindən biri Ceremi Fleminq deyib ki, Putin müharibəni, Ukrayna xalqının müqavimətini və eləcə də öz ordusunun imkanlarını “tamamilə yanlış qiymətləndirib”, eyni zamanda tabeliyində olanlar tərəfindən ona yaxşı “xidmət” göstərilməyib. “Biz, silahsız və mənəvi cəhətdən çökmüş rus əsgərlərinin əmrləri yerinə yetirməkdən boyun qaçırdığını, öz texnikalarına qarşı təxribat etdiyini və hətta təsadüfən öz təyyarələrinin vurulduğunu görmüşük”, – Böyük Britaniyanın Milli Təhlükəsizlik Agentliyinin ekvivalenti olan GCHQ-yə rəhbərlik edən Fleminq belə deyib. Aparıcı xüsusi xidmət orqanlarının birinin rəhbəri olan Fleminqin belə açıq danışması qeyri-adi idi. Amma buna bənzər hadisə 30 martda Birləşmiş Ştatlarda, müharibə və Putinin yaxın ətrafı haqqında məlumat verən yeni hesabatların açıqlanması ilə baş verdi.
Bir səlahiyyətli CNN-in müxbiri Ceremi Daymonda deyib ki, müşavirləri Putini Rusiya ordusunun uğursuzluqları və sanksiyaların rus iqtisadiyyatına təsiri barədə “səhv məlumatlandırırlar”. Ağ Evin kommunikasiya direktoru Keyt Bedinqfild daha sonra kamera qarşısında deyib ki, Rusiya liderinin müşavirləri “ona həqiqəti söyləməkdən çox qorxurlar”. Onun sözlərinə görə, hazırda Putinlə onun hərbi rəhbərliyi arasında “davam edən gərginlik” var.Məxfiliyi qaldırılan yeni məlumatlar axını 30 martda mətbutda başlıqlara çevrildi. Bir gün sonra prezident Co Baydenə ictimaiyyət qarşısında bu barədə sual verildi, rəsmilər çox güman ki belə bir sualın veriləcəyini təxmin edirdilər. Belə məlumatların ardıcıllığı prezidentə ABŞ narrativlərini daha da qətiləşdirməsinə imkan verdi.
Bayden “çox fərziyyələr var” dedi, əlbəttə ki, bu fərziyyələr Ağ Evin açıqladığı məlumatlardan qaynaqlanırdı.
Putinə müşavirləri tərəfindən nə dərəcədə yanlış məlumat verildiyi ilə bağlı suala Bayden belə cavab verib: “Bunu qətiyyətlə demirəm – o, özünü təcrid edir və bəzi müşavirlərini işdən çıxardığına və ya ev dustaqlığına saldığına dair bəzi əlamətlər var”.
Bayden, ABŞ-ın çox ciddi dəlillərinin olmadığını desə də, onun şərhləri Putinin hazırkı vəziyyətinə tamamilə yeni bir diqqət axınına səbəb oldu.
Bəs Qərb hökumətləri məxfiliyi qaldırılmış bu kəşfiyyat məlumatlarını yenilik edərək açıq şəkildə istifadə etməklə nəyə nail olmaq istəyirlər? Xüsusilə nəzərə alsaq ki, əvvəlki bir çox geosiyasi böhranlarda kəşfiyyat məlumatları bir qayda olaraq gizli saxlanılırdı.
Aydındır ki, işğaldan əvvəlki məlumatlarda olduğu kimi, ABŞ Rusiyanın dezinformasiya vasitəsilə müharibə haqqında öz dominant hekayəsini yaratmağına mane olmaq istəyir. Uğursuz müharibənin təsvirinin yaradılması həm də Qərbin Putinə qarşı sərt mövqeyini dəstəkləməyə kömək edir. Bu, həm də Rusiya işğalına müqavimət göstərən ukraynalılarda əhval-ruhiyyənin yüksəlməsinə kömək edə bilər. Eləcə də Qərb liderlərinə müharibə ilə bağlı ictimai rəyi idarə edərkən həyata keçirdikləri siyasətlərinin effektiv olduğunu göstərən siyasi bir arqument verir.
Müttəfiqlər Rusiya qüvvələri arasında yaranmış qarışıqlığa nəzər salmaqla Kremlə daxili siyasi təzyiq yaradırlar. Moskva hökumətinin müstəqil medianı darmadağın etdiyini nəzərə alsaq, az adamda rus xalqının hadisələrin ABŞ versiyasını dinləyəcəyinə dair illüziya yarana bilər. Düzdür, texnologiyadan xəbərdar olan gənc rusların VPN parolları ilə xarici internet xidmətlərinə çıxması ilə bu mümkün ola bilər.
Lakin Rusiya üçün alçaldıcı xəbərlər hərbi, siyasi və kəşfiyyat elitaları arasında daha da böyük nifaq yarada bilər. Son günlər sanki Qərb rəsmiləri müharibədəki vəziyyəti bu qədər açıq müzakirə etməklə Putinə və onun müşavirlərinə birbaşa müraciət etməyə çalışırlar.
Kəşfiyyata əsaslanan strategiyanın çətinlikləri
Kəşfiyyat məlumatı axınının tezliklə “quruması” ehtimalı azdır. Ona görə ki, bu, Rusiya ordusunda dinləmələr vasitəsilə üzə çıxan mənəvi problemlərdən qaynaqlanır.
“Onlar cib telefonlarını çıxarıb bir-birləri ilə danışmağa çalışırlar, mexaniki olaraq “Haradasan? Bölməniz harada yerləşir?” deyə soruşurlar. Bu, məlumat toplamağı çox asanlaşdırır”, – Hol bildirir.
“Bu maraqlı bir siyasi qərardır: bəlkə də deyirlər ki, ruslara məlumat yığmaqda necə yaxşı olduğumuzu göstərməyə dəyər; həm də rus ordusunun əsl vəziyyəti haqqında hər iki ölkənin vətəndaşlarına, dünyaya xəbər çatdırmaq üçün yaxşıdır”, – deyərək Holl əlavə edib.
“Maraqlı bir qərardır, bu, həm də maarifləndiricidir”.
Amma yenə də müharibəni şərh etmək üçün sadəcə Qərbin məxfiliyi qaldırılmış məlumatlarına əsaslanmaqdan çəkinmək lazımdır.
Kəşfiyyatın elə özü gizli bir işdir. Rusiyanın Ukraynadakı əməliyyatları və Putinin Moskvada guya təcrid olunması ilə bağlı məlumatlar Qərbin xüsusi xidmət orqanlarının xarici dünyaya yalnız açıqlamaq istədikləridir. Buna görə də, kənar şəxslər üçün belə məlumatların müharibənin tam təsvirini verib-vermədiyini müəyyən etmək mümkünsüzdür.
“Süzgəcdən keçən” məlumatlar hələ də məhduddur. CNN-in müxbiri Daymond və Kevin Liptakin istinad etdiyi məmur, Putinin müşavirləri tərəfindən dezinformasiyaya məruz qalması ilə bağlı əlavə məlumat verməkdən imtina edib. Kəşfiyyat icması materialın özünü yox, onun xülasəsininin statusunu dəyişərək məxfiliyini qaldırıb.
Həmişə olduğu kimi, kəşfiyyat orqanları öz mənbələrini və kəşfiyyat məlumatları toplama üsullarını ciddi səylə gizli saxlayırlar.
Amerikanın yaxın tarixində, məsələn, 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən əvvəl olduğu kimi, ABŞ kəşfiyyatının qiymətləndirmələrinin səhv olduğu sübuta yetirilib. Ancaq bu böhranda kəşfiyyat icması öz reputasiyasını qismən bərpa edə bildi. ABŞ həftələrlə Putinin öz qüvvələrinin Ukraynaya qarşı təcavüzə hazırlaşdığı barədə xəbərdarlıq edirdi. Hətta ukraynalılar da buna şübhə ilə yanaşırdılar.
Sonra da, işğalın faktik olaraq başlamasından bir neçə saat əvvəl, ABŞ müdaxilənin yaxınlaşdığı barədə xəbərdarlıq etdi və haqlı çıxdı.
Yenə də Rusiya işğalçı qüvvələrinin qarşılaşdığı problemlər Qərb kəşfiyyat orqanlarını təəccübləndirdi və Rusiyanın hərbi qüvvələrinin və rəhbərliyinin ehtimal edilən gücü ilə bağlı fərziyyələrin yenidən qiymətləndirilməsinə səbəb oldu.
ABŞ-ın Avropa Komandanlığının rəhbəri general Tod Uolters Senatda keçirilən dinləmələrdə deyib ki, ABŞ-ın Rusiyanın gücünü həddən artıq şişirdilməsinə və Ukraynanın müdafiəsini lazımi səviyyədə qiymətləndirməməsinə səbəb kəşfiyyat məlumatlarında boşluqlar ola bilər.
Amma hətta bu məlumat çatışmazlığı belə Rusiya qüvvələrinin zəifliyini daha çox ön plana çıxardaraq diqqəti buna yönəldir və beləliklə, Qərbin hədəflərinə doğru daha da irəliləməsinə imkan yaradır.
Mənbə: CNN
Tərcümə: Nizami Bağırov
Qaynarinfo

