Kulturoloji itki. Sözümüzün, sənətimizin Rüstəm İbrahimbəyovu… Aydın Xan Əbilov yazır…
Ustad idi, sözün bütün mənalarında və kulturoloji-fəlsəfi çalarlarında, Rüstəm İbrahimbəyov XX və XXI əsrdə Azərbaycanın yetişdirdiyi ən böyük yaradıcı intellektuallarından idi, dünyanın tanıdığı, saydığı, dəyərləndirdiyi, Vətənində isə daş-qalaq edilən, sağlığında az qala düşmən çıxarılan dahi şəxsiyyətin nəşinə sahib çıxdıq…
1993-cü ildən Azərbaycan ədəbiyyatında, mədəniyyətində, humanitar – estetik düşüncəsində birazcana kreativ nuru olan şəxslərin hər biri ilə uzaqdan-yaxından tanışlığım, yaxınlığım olub, bəyəndiklərim də var, saymadıqlarım da. Ümimiyyətlə, mənim üçün qadın və kişi ayırımı yoxdur, zəkalı intellektuial, sadə bioloji varlıq deyə, adamları iki yerə təsnifatlandırıram.
Həyatda yalnız Səttar Bəhlülzadə, Azad Mirzəcanzadə və bir də indi xatırlamağa ərindiyim bir neçə şəxsiyyət var ki, onlarla imkan olsa da, şəxsən görüşüb dostluq etmədiyimə – idraki enerji mübadiləsi aparmadığıma görə heyiflənirəm, bəlkə də elə yaxşıdır, canlı görsəydim, daha çox təəssüflənərdim: ümumiyyətlə, çaslışıram ki, əksər real fərdlərlə üz-üzə gəlməyim. Tutalım, yazımın baş qəhrəmanının qardaşı Maqsud İbrahimbəyovu heç vaxt görmək istəməmişəm: onun ana dilimizə bərbad gündə tərçümə edilmiş hekayə və povestlərinin vurğunu olsam belə…
Qədim gizli elmlərdə, Zərdüştdən üzübəri bizim Ağ Sufi Ocağının nümayəndələri (hər ocaqdan bir nəfərin bəxtinə düşər) istədikləri zaman, məkan və şəxsi yaşamaq, görmək və sevmək istəsələr, problemsiz onunla rastlaşırlar.
Rüstəm müəllim, mənim tipajımda şəxs olmasa da (düzü, indi özüm birazcana ona oxşamağa başlayıram), Rusiya yazılı və elektron KİV-in və TV-lərin təsirindən ona həmin vaxtlar simpatiyam oyanmışdı: könlümdən hələ o zamanlar ustadlaşmış bu şəxslə reallıqda görüşüb söhbətləşmək keçmişdi.
1997-ci ildən “Ədəbiyyat qəzeti”ndə çalışmağa başlamışdım: ozamankı baş redaktorumuz Ayaz Vəfalı ən çətin həmsöhbətlər, dəlisov yazışı-şairlər, diliaçılmaz yaradıcı “müəmmalar”la müsahibəyə elə o dəliintellektuallardan geri qalmayan mən sütülyazarı yollayardı.Nə qədər ağrılı səslənsə də, sabiq sovetlər vaxtından üzü bu yana o zamanlar anadillilərə yuxarıdan baxan bir dəstə rusdilli humanitarları dirəşməkdən, öz aləmimdə, onları “sındırmaqda” zövq alırdım.
Hər kəsin əla bildiyi və kənardan dilə gətirdiyini indi söyləyəcəyəm, Müslüm Maqomayev, Polad Bülbüloğlu, Rüstəm və Maqsud İbrahimbəyov qardaşları, mədəni ifadə etsəm, “çuşkalarla” heç araları yox idi. İndi onlardan qəhrəman düzəldənlərin çoxunun lazımi məqamda elələrini yerində oturtmağa o vaxtlar hünəri çatmırdı ki, başqaları da eyni yanlışlığa yol verməsin: zatən, o vaxtlar Moskvaya köçənlərin əksəriyyəti yuxarıda adını çəkdiklərim kimi sapıbaltalıq iddiasında idilər, hərdən lap ağını çıxarıb xalqımızı başqa millətlərin ayağına da verirdilər. Fəqət, belələrinin əksəriyyəti o qədər böyük və dahi şəxslər idi ki, onların bəzi qüsurlarına da göz yummaq lazımdır…
Rüstəm müəllim də, nə azərbaycandilli qrafomanları sevirdi, nə bulvar mətbuatımızdan xoşu gələrdi, nə də özünün təbirincə yazsam, divar qəzeti saydığı “Ədəbiyyat qəzeti”ndən razıydı, baxmayaraq, deyəsən, bizim redaksiyanın Redaksiya Heyətinin üzvü idi…
Ozamankı mətbuatı dərindən izlədiyimə görə, Rüstəm müəllimin Bakıda olduğundan xəbər tutdum, şəhər telefonuyla ustadın “qır-saqqızını oğurlayıb” görüşməyə razı saldım. Beşinci günə görüşməyə razılıq versə də, onun yubileyi üçün yazını baş redaktorun ciddi tapşırığına əsasən, qəzetin səhifələnərək mətbəəyə göndərildiyi dördüncü günə çatdırmalı olduğumdan, şeytani dilimi, özüməməxsüs psixoloji metodumu işə salıb ustadla elə sabahsı gündə də görüşüb yarımsaatlıq söhbət razılığını “qoparandan” sonra girişdim onun əsərlərini vərəqləməyə. Bir nasir kimi Rüstəm müəllimin bədii nəsr əsərləri məni açmasa da (ruscadan zəif tərcüməyə görə idimi, yaxud əlimə düşən kitabdakı əsərlərdəndir, bilmirəm), onun pyeslərinin, eləcə də ssenarilərinin, müsahibələridəki mövqe və fikirlərinin, estetik düşüncələrinin vurğunu idim….
Rüstəm müəllim iki saat gözlətdirəndən sonra gəlib Hökümət evindəki rəhbərlik etdiyi AKİ-dəki kabinetində mənlə görüşdü. Əvvəlcə yorğunluğunu və işlərin çoxluğunu bəhanə gətirib məni başından eləmək istədi, fəqət, dünya ədəbiyyatı və onun yaradıcılığının bəzi incə məqamları haqqında mübahisəli mülahizələrimi ortaya atan kimi onun maralandıra bildim. Əvvəlcədən 30 dəqiqəliyə razılaşdığı, 2 saatdan çox çəkən o maraqlı söhbətimizin sonunda da Ustad etiraf etdi ki, Azərbaycanda ilk dəfədir mənim kimi “erudisiyalı və intellektual” ədəbi jurnalistlə rastlaşıb…
Sonra qəzetimizdə müsahibənin ütülənmiş variantının bir hissəsi verildi, amma Rüstəm İbrahimbəyov mənim yaddaşıma əbədi həkk olundu. Həmin həftə məni dəvət etdiyi Bakı Beynəlxalq Kino Festivalında xarici qonaların birinə şəxsimi tərifli təqdim edəndə, sıxıldığımdan qızardığımı görüb zarafatlaşdı da: kişi utancaq olmaz…
Rüstəm müəllim, hətta məni mətbuatla əlaqələndirici vəzifəsinə çağırsa da, yaddaşımdakı Kamil Ustad surətinə xələl gətirməyim deyə, qəbul etməmişdim…
Sonralar əlaqələrimiz itdi, hətta arada onun erməniləri idealizə etməkdə suçlanan bədii filmi haqqında hansısa qəzetdə ekspert rəyimi açıqladım, tənqidi fikirlərimi də bildirmişdi. Fəqət, bütün bunlara rəğmən, Rüstəm İbrahimbəyov elə bir nəhəng Ustad, Kamil kreativ Şəxsiyyət idi ki, onu heç vaxt unuda bilmirdim…
Ruhu şad olsun, Kamil Ustadın!
Aydın Xan Əbilov, yazıçı-kulturoloq
13.03.2022, saat 0.57

