20 il sonra yenə Talibanın əvvəlki hakimiyyəti… Ölkədə nələrin baş verəcəyini proqnozlaşdırmaq olmur!
Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi bütün dünyanın diqqətindədir.
“14 noyabr 2001-ci ildə coşqun izdihamı yarıb jurnalist dostlarımla Kabilə girəndə “Allaha çox şükür, gəldiniz” deyə qışqırmışdı yaşlı bir adam.
Əfqanıstanda ABŞ-ın və Qərb ölkələrinin dəstəklədiyi Talibana qarşı olan Şimal İttifaqı qüvvələri şəhərin ətrafını mühasirəyə almış, Talibana əngəl olmuşdu.
Beş il davam edən və son zamanların ən radikal dindar diktatorluğu olan idarəçilik başa çatmışdı.
Taliban idarəçiliyi altında Əfqanıstan hər cür radikallığın hökm sürə biləcəyi bir qara dəlik halına gəlmişdi.
Usame Bin Laden və Əl-Qaidə hərəkatının planlaşdırdığı, ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki 11 sentyabr hücumlarının üstündən sadəcə iki ay keçmişdi. O zamanlar Talibanın yenidən bir güc olacağı heç ağlıma gəlməzdi.
İndi də hər kəs bunun səbəblərini anlamağa çalışır. Amma səbəb tapmaq çətin deyil.
Taliban 1996-2001-ci illərdə Əfqanıstanı idarə etmişdi. Ardınca gələn Həmid Qərzai və Əşrəf Qani hökumətləri demokratik seçkilərlə hakimiyyətə gəlmişdilər, amma heç güclü administrasiya ola bilmədilər. Korrupsiya ən yaxşı işləyən sistem oldu.

Ancaq Donald Tramp ABŞ-da 2020-ci il seçkilərindən əvvəl ikinci dönəm seçilmək üçün xarici siyasətdə uğurlu bir addım atmasının zəruriliyini və Əfqanıstandakı uzunmüddətli müharibəyə son qoymağın bunu təmin edəcəyini düşünüb, ABŞ hərbçilərini geri çəkmə qərarı verməmiş olsaydı, bu gün Əşrəf Qani hələ də sarayında və Qərbdən gəlmiş bahalı maşını ilə gəzməkdə olacaqdı.
Tanıdığım bir çox əfqan siyasətçi və jurnalist ABŞ-ın 2020-ci ilin fevralında Qətərin paytaxtı Dohada Talibanın siyasi liderləri ilə müzakirələrdən çıxan nəticə qarşısında dəhşətə gəlmişdi. Yeni Prezident Co Baydenin də orada alınan qərarlara sadiq olacağını açıqlaması bu çaşqınlığı daha da artırdı.
Dohada Taliban liderləri nə qədər mülayim və sülhsevər görünsə də, nə vədlər versə də, Taliban yaraqlılarının müqavilənin təfərrüat olaraq gördükləri qaydalarına sadiq qalmayacaqları məsələsində xəbərdarlıqlar edilmişdi. Elə də oldu.
ABŞ, İngiltərə və digər Qərb ölkələri hərbçilərini çəkməyə başladıqdan sonra Əfqanıstan miqyasında Taliban yaraqlıları iqtidara oynadı. Məhkumların edam edilməsi xəbərləri bir şəhərdən digərinə yayıldı və təlaşa yol açdı. Nəticədə paytaxt Kabil də buna təslim oldu. Rəsmilər və hərbçilər şəhəri və ya ölkəni tərk etmək üçün hava limanına yığıldı.
Taliban, bəlkə də, polis, hərbçi və dövlət məmurlarının vəzifədə qalması üçün etdiyi çağırışlara, heç kimdən intiqam alınmayacağı ilə bağlı sakitləşdirici vədlərinə sadiq qalacaq.
Yenidən Qərbin müdaxiləsinə rəvac verəcək bir şey etməməyin daha təhlükəsiz olacağını düşünəcək, bəlkə.

Bəs Talibanın nəzarətindəki bir Əfqanıstan bu dəfə necə bir ölkə olacaq?
Buna dair əlimizdəki tək dəlil Talibanın 1996-cı ildə (yenə bir neçə gün içində – Əfqanıstanda işlər belə gedir) Əhməd Şah Məsud liderliyindəki mülayim mücahidlərin idarəçiliyini devirib iqtidarı aldığı və beş il ərzində əlində saxladığı dönəmə aiddir.
Talibanın iqtidarda olduğu dönəmdə Əfqanıstanda xeyli zaman keçirdim və olduqca qorxunc olduğunu gördüm.
Hər yerdə ən qatı şəriət qaydaları keçərli idi: hər kəsin ortasında insanların edam edilməsi kütləvi hal almışdı, insanlar daşlanırdı, qırbaclanırdı.
Küçə kənarlarında toplanan və ətrafı müşahidə etməyi özlərinə vəzifə hesab edən qruplar az-çox Qərb tərzində geyinən insanlara, ayaq biləkləri görünən kişilərə hücum edirdilər.
Qadınlar ancaq kişilərdən yazılı icazə alıblarsa və təbii ki, niqabla küçəyə çıxa bilərdi.
Bir dəfə Taliban səhiyyə naziri Molla Baluç oğruların əlini və ayağını kəsmək üçün onlara cərrah verməməsinə görə Beynəlxalq Qırmızı Xaç Təşkilatından şikayətlənmiş, bu işi özünün etmək məcburiyyətində qaldığını danışmışdı mənə və bundan zövq aldığı görünürdü.
Televiziyada işləmək kabus kimi idi; hər hansı bir canlının şəklini çəkmək dini səbəblərdən yasaqlanmışdı; şəkilli kitab satan kitabçılar hücuma məruz qalırdı.
Bacara bilənlər şəhərdən qaçmış və bir çox mağazalar bağlanmışdı.
Talibanın neft idxal edəcək pulu olmadığından gecə görə biləcəyiniz ən parlaq işıq pəncərə önlərindəki şamlar, eşidə biləcəyiniz ən yüksək səs tərk edilmiş itlərin hürüşməsi idi.
Müxtəlif əfqan hökumətlərinin və onların Qərbli dəstəkçilərinin uğursuzluqlarına rəğmən, Talibanın çökməsindən sonra Kabil və digər şəhərlərdə ticarət canlandı.
Yaşayış səviyyəsi yüksəldi. Bir zamanlar boş olan küçələr maşınlarla doldu. Xüsusilə qız uşaqlarının getməsi ilə məktəblər canlılıq qazandı; çünki Taliban dönəmində qızların təhsil alması qadağan idi. Yenə Taliban dönəmində yasaq olan musiqi də hər yerdə eşidilməyə başlandı.
Dörd bir tərəfdə yeni binalar inşa edildi. Kabilə ən son gedəndə – 2001-ci ildə BBC-dən dostlarımla qaldığım yeri belə tapa bilmədim. Bütün bölgə yenidən tikilmişdi.
Bir çox əfqan Talibanın iqtidarı ələ keçirməsini özləri və ölkələri üçün fəlakət olaraq görəcək. İndi əsas sual budur: Taliban instinktiv olaraq Əfqanıstanı 20 il əvvəl etdiyi kimi, radikal bir şəkildə keçmişə qaytaracaq, yoxsa keçmişdən dərs aldımı?”
Əfqanıstandakı vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
“Əfqanıstan iqtisadiyyatı son silahlı çevrilişədək inkişaf dövrünü yaşayırdı. 20 il öncə “Taliban” silahlı qruplaşmasından xilas olan zaman Əfqanıstanın Ümumi Daxili Məhsulu (ÜDM) 4 milyard dollar idisə, ötən müddətdə bu rəqəm 19 milyard dolları keçə bildi”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Əfqanıstan iqtisadiyyatındakı son vəziyyəti şərh edərkən yazıb.
Onun sözlərinə görə, Dünya Bankının qiymətləndirmələrinə görə, 40 milyon nəfərə yaxın əhalisi olan Əfqanıstanda əhalinin 54 faizi yoxsulluq səviyyəsində yaşayır və 42 faizi işsizdir: “Bununla belə, Əfqanıstanda dövlət borcu ÜDM-in 7 faizinədək azaldıla bilmişdi. Sözügedən dövrdə Əfqanıstan hakimiyyəti 7.8 milyard dollarlıq xarici valyuta ehtiyatları formalaşdırmağı bacardı. Bu müddətdə Əfqanıstan beynəlxalq qurumlar ilə yenidən əlaqələri inkişaf etdirə bildi. Həmçinin 2016-cı ildə Ümumdünya Ticarət Təşkilatına üzv oldu.
İlkin proqnozlara görə, son hakimiyyət dəyişikliklərindən sonra Əfqanıstanda həm iqtisadi tənəzzülün dərinləşəcəyi və beynəlxalq maliyyə institutları ilə münasibətlərin yumşaq olmayacağı gözlənilir”.
Deputat həmçinin Əfqanıstandakı vəziyyətin Azərbaycana necə təsir edəcəyi məsələsinə də toxunub. O qeyd edib ki, Azərbaycan Əfqanıstana strateji enerji məhsulları ixracatı həyata keçirir: “Əfqanıstanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 37.7 milyon dollar olub. Bu əvvəlki illə müqayisədə 2 dəfədən çox azalma deməkdir. İki ölkə arasında illik ticarət dövriyyəsi 2014-cü ildə ən yüksək məbləğdə, 275 milyon dollardan çox olub.
Son ilin statistikası göstərir ki, iki ölkə ticarət dövriyyəsi sadəcə Azərbaycandan Əfqanıstana ixrac üzərində formalaşıb. Göründüyü kimi, Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansı xüsusi təsirləri olmayacaq.
Bununla yanaşı, Əfqanıstanın da uzaq olmadığı Mərkəzi Asiya regionu yeni mərhələyə daxil olur. Bir sıra qərb ölkələrinin seyirci olduğu bu xəmir hələ çox su aparacaq”.

