Televiziyalar hələ də yeni dövr filmlərimizi rəflərdə çürüdür: səbəb?!
Aydın Xan Əbilov: “Hesab edirəm ki, yaxın günlərdə bununla bağlı Mədəniyyət Nazirliyinin kino sektoru ilə telekanallar arasında bir saziş bağlanmalıdır”

Müasir Azərbaycan kinosundan yerli tamaşaçılar xəbərsizdirlər. Çünki indiyə qədər istehsal edilən filmlərin, demək olar ki, çox cüzi bir hissəsi müxtəlif formalarda tamaşaçılara təqdim edilib.
Bu gün Azərbaycan televiziyaları yeni istehsal edilən filmləri deyil, artıq Azərbaycan kinosunun klassikası sayılan filmləri nümayiş etdirməklə məşğuldurlar. Eyni filmlər bütün telekanallarda göstərilir. Tamaşaçı haqlı olaraq soruşur ki, məgər bizim “Dəli Kür”, “Qaynana”, “Uzaq sahillərdə”, “Tütək səsi”, “Babək” və sair filmlərdən başqa filmimiz yoxdur? Var. Amma telekanallar ən müxtəlif səbəblər üzündən o filmləri alıb tamaşaçılara göstərmirlər. Əslində, telekanallarla müvafiq kino qurumları arasında müqavilə bağlanmalı və filmlər müəyyən edilən qaydada vəsait ödənilməklə telekanallar tərəfindən alınmalıdır. Ucuz şoulara pul tapan telekanallar filmləri almağa pul tapa bilmirlər.
Müasir Azərbaycan kinosunun beynəlxalq çapda tanıdılmasına, təbliğ edilməsinə iddialıyıq. Bu normaldır. Amma öz tamaşaçımızın görüb qiymətləndirmədiyi filmlərin beynəlxalq tamaşaçı kütləsi tərəfindən tanınmasına, qəbul edilməsinə şübhə var. Filmlərimizin səviyyəsini aşağı saymırıq, doğrudan da son illər çox gözəl filmlər çəkilib, amma onlar yerli tamaşaçılara təqdim edilmir.
Telekanalların təkrar-təkrar eyni filmləri göstərməsi, yeni filmlərin rəflərdə çürüməsi təəssüf doğurur.
- “Telekanallar pul verib film almaq istəmirlər, filmləri çəkən şirkətlər isə…”
Mövzunu şərh edən İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, ölkənin telekanallarında Sovet dövründən Azərbaycan filmləri ilə bağlı müəllif hüquqları sahəsində problemlər olub: ”Sözsüz ki, telekanalların öz, kino istehsalçılarının öz, kinoprokatçıların da öz maraqları var. Ümumiyyətlə, filmlər istehsal edilərkən, hansısa bir ölkəyə, yaxud yerli bazarda satılarkən əvvəllər alıcı dövlət orqanları idi. Amma indi özəl şirkətlər alır. Filmlər kateqoriyalara bölünür və kateqoriyalarda da qeyd edilirdi ki, böyük kinoteatrlarda müəyyən edilmiş baxış sayından sonra televiziyalar həmin filmləri neçə dəfə, yaxud həmişəlik nümayiş etdirə bilərlər. Amma SSRİ-nin süqutundan sonra bu sistem dağıldı. İndi isə kinoprokatla məşğul olan biznes strukturları hər hansı bir film alışı, Azərbaycanda bir neçə dəfə, yaxud həmişəlik nümayişi ilə bağlı müqavilə bağlayarkən orada elə bir bənd olmur ki, onların nümayişindən sonra o filmlər telekanallara veriləcək, onlar həmin filmlərin kütləvi nümayişini həyata keçirəcəklər. Bu baxımdan, telekanalların da üzərinə böyük məsuliyyət düşür. Onlar artıq dərk etməlidirlər ki, yeni filmlər kinoteatrlarda nümayiş etdirildikdən sonra onlara verilə bilməz. O filmi istehsal edənlər filmə kapital qoyurlar və xərclədikləri pulu o filmdən çıxarmalıdırlar. Bu, qanunla belədir. Azərbaycanda yeni çəkilən filmlərin gəlir gətirməmişdən əvvəl pulsuz şəkildə telekanallara verilməsi doğru deyil. Ümumiyyətlə, bu, dünyada belədir. Bizdə vəziyyət bir qədər fərqlidir. Bizdə filmlər əsasən dövlət hesabına çəkilir, bundan sonra onların bir dəfə təqdimat mərasimi keçirilir. Filmlər bir dəfə nümayiş etdirildikdən sonra rəflərə atılıb unudulur. Bir çox telekanal istehsalçılarla ümumi razılğa gəlib bəzi filmləri nümayiş etdirir. Dövlət büdcəsi hesabına çəkilən filmlərin telekanallarda nümayişi ilə bağlı bizdə çox ciddi problemlər yaşanır. Telekanallar pul verib film almaq istəmirlər, filmləri çəkən şirkətlər isə telekanallara filmlərin ödənişsiz kütləvi nümayişi üçün şərait yaratmırlar. Bu da kütləvi tamaşaçıya hesablanan filmlərimizlə bağlı problemlər yaşanması ilə nəticələnir”.
A.X.Əbilov hesab edir ki, dövlət tərəfindən telekanallara ayrılan yardım paketindən Azərbaycanda istehsal edilən yeni filmlərin alınmasına xərcləməlidirlər. “Onlar bu maliyyədən istifadə etməkdə film istehsalçıları ilə razılığa gəlməlidirlər. Hesab edirəm ki, yaxın günlərdə bununla bağlı Mədəniyyət Nazirliyinin kino sektoru ilə telekanallar arasında bir saziş bağlanmalıdır. Onlar ümumi qərar qəbul etməlidirlər ki, Azərbaycanda dövlət vəsaiti hesabına çəkilən filmlərin yerli televiziyalarda kütləvi nümayişi, piarı, reklamı üçün pul ayrılmalıdır. Burada bir ideoloji məsələ də var. Azərbaycan kinosu milli-mənəvi dəyərlərin bir hissəsidir, mədəniyyət hadisəsidir, zəmanəmizin ruhunu, nəfəsini özündə əks etdirir, bu, tamaşaçıya çatdırılmalıdır. Azərbaycanda bir “itmiş nəsil” var, onların, demək olar ki, Azərbaycan kinosundan xəbəri yoxdur. Onların baxdığı lağlağı kommersiya filmləridir. Bu kommersiya filmlərində də narkotik, ölüm, əxlaqsızlıq, meşşanlıq təbliğ edilir və onlar qara komediyadır. Bunlardan isə dünya çoxdan imtina edib” – deyə müsahibimiz vurğuladı.

