Xanımların maşın sürməsi cəmiyyətdə niyə birmənalı qarşılanmır? Ekspertlqrin rəyi

“Qadınlar bütün sahələrdə olduğu kimi həm ictimai, həm də mülki nəqliyyatın idarə edilməsinə başlayıblar. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bu belədir. Qadın böyük qüvvədir və qadınlarımız istər mətbəxdə, istər ictimai və biznes işində, mədəniyyət, təhsil və digər sahələrdə artıq öz sözünü deyiblər. Elə xanımlarımız var ki, onlar həm də öz sahəsinin trendini və brendini yarada bilib. Bu baxımdan biz o xoşbəxt cəmiyyətlərdənik ki, qadınlarımızın həm ölkənin idarə edilməsində, həm də siyasətdə, bələdiyyələrdə, Milli Məclisdə, icra sturukturlarında, məhkəmələrdə iştirakına şərait yaratmışıq. Həm də onların istənilən sahədə özünü göstərməsinə heç bir maneə yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, 1918-ci ildən etibarən Azərbaycan qadınları ilə kişiləri arasında bütün sərhədlər demək olar ki, götürülüb və konstitusiyamızda da qadınla kişi arasında heç bir hüquq, haqq və digər istiqamətdə qeyri bərabərlik yoxdur: “21-ci əsrdə qadınlar kişilərin istifadə etdiyi bütün vasitələrdən, o cümlədən nəqliyyatdan maksimum yararlanmağa çalışırlar. Çox sürətlə irəliləyən bir zəmanədə yaşayırıq. Artıq Bakı ilə yanaşı, bölgələrdə belə sürücülük edən, yaxud öz fərdi avtomobilini idarə edən, hətta sürücülüklə məşğul olan qadınların sayı durmadan artır. Digər məsələ isə, “qadınlarımız əksər kişilər kimi normal maşın idarə edirlərmi?”, “onlar bütün qanun-qaydalara əməl edirlər?”, “nə qədər qəza törədirlər?”, “tıxaclara səbəb olurlar?” kimi suallardır”.
“Ümumiyyətlə, həmişə mübahisə mövzusu olub ki, qadın və kişi beyni eyni cür işləmir. Ona görə də xanımların sürücülük etməsinə bir qədər qəribə baxırlar. Amma bütün bunlar artıq 20-ci əsrdə qalıb və kimin necə qarşılamağından asılı olmayaraq qadın öz maşınını idarə edirsə, bunu ancaq alqışlamaq lazımdır. Çünki, bu insan həm pulunu, həm də zamanını idarə etməyi bacarır. Bu çox önəmli bir məqamdır”.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Azərbaycan mentaliteti açıqdır. Yəni, Avropadan və Şərqdən gələn istənilən müsbət, bəzən də mənfi tendensiyalı texnologiyaları qəbul edir. Qadınlarımızın avtomobil idarə etməsi, kişilərinə dayaq durması, ailənin iqtisadi vəziyyətinə kömək etməsi, öz şəxsi biznesini yaratması, zamanını idarə etməsi baxımından çox önəmlidir. Qadın əgər avtomobil idarə edə bilirsə, artıq onun həyat yoldaşı da rahat olur. Yəni, kişinin onu gəlib harasa aparmasına ehtiyyac qalmır”.
“Ümumən götürdükdə isə, sürücülük və yol mədəniyyəti baxımından insanları qruplara bölmək, qınamaq olmaz. Dayanma yerində dayanıb digər avtomobillərin hərəkətinə maneə olan qadın da, kişi də eyni şəkildə qınanmalıdır. Amma sən qadınsansa maşın sürməməlisən düşüncəsi, feodal və quldarlıq dövrünü tətbiq etməyə heç kim icazə vermir. Dövlət bunu qadağan edir. Cəmiyyətin normativ əxlaq dəyərləri də buna qarşıdır”.
“Bəzi insanlarda belə bir düşüncə var ki, əgər qadın maşın sürürsə deməli onu öz pulu ilə almayıb. Yəni, bu maşın ona hansısa əyləndiyi, sevgilisi olduğu məşuq tərəfindən alınıb kimi düşünürlər. Bakının yollarına baxdıqda. Orta nəsildən çox gənc qızların maşın sürdüyünün şahidi oluruq. Bəlkə də, ictimai qınaq buna görədir. Yəni, sən gənc olaraq heç bir yerdə işləmirsən və birdən birə çox bahalı maşın sürürsən?! Bu əlbəttə şübhə doğuracaq və bu şübhənin arxasında həqiqət dursa-durmasa da cəmiyyət bunu qınayacaq. Bu qonşu ölkələrin cəmiyyətində də belədir. İnsanları hansısa bir sahədə çalışdığına, nəqliyyat vasitəsi idarə etdiyinə görə qınağa çəkmək olmaz. Bu ən azı əxlaqsızlıqdır. Xanımlara bir tövsiyyəm var ki, avtomobili yaxşı idarə etsinlər. Təlimlərə getmədən pul ilə sürücülük vəsiqəsi aldıqları üçün müəyyən qəzalar törədirlər. Bunlara fikir vermək lazımdır. Ümumiyyətlə, qadınlı kişili insanlar minimalist və sadə olmalıdır”.

Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov da münasibət bildirib: “Bildiyimiz kimi qadın sürücülər son vaxtlar çoxalmağa başlayıblar. Müstəqillik dövründən əvvəl Azərbaycanda bəlkə də 10-15 qadın sürücüyə rast gəlmək olardı. Hətta müstəqilliyin ilk illərində, təxminən 2000-ci illərdə də qadın sürücülər çox az olub. Amma 2000-ci ildən başlayaraq onların sayı artmağa başladı. Hal-hazırda bu müəyyən mənada bu dəb halını alıb. Əvvəl qadınlar düşünürdü ki, “görəsən mən maşın sürə bilərəmmi?” və yaxud “maşın sürsəm cəmiyyət məni necə qarşılayar və nə deyər?”. Kişilərdə düşünürdü ki, “mənim qızım, anam və yaxud da həyat yoldaşım maşın sürsə, cəmiyyət mənə nə deyər?”. Düşünürəm ki, biz artıq bu baryeli aşmışıq. İndi qadının avtomobil idarə etməsinə qarşı çıxan çox nadir insan var. Demək olar ki, hər kəs bunu normal qarşılayır”.
Onun sözlərinə görə, dünyanın ən nəhəng ölkələrindən biri olan ABŞ-da qadın sürücülər kişilərdən çoxdur: “Orada təxminən 210-215 milyon sürücü var və bu miqdarın təxminən 110 milyonu qadın sürücülərin payına düşür. İran İslam Respublikasında da qadın sürücülərin sayı daha çoxdur. Baxmayaraq ki, orada islam şəriət qaydaları var, amma yenə də buna normal baxılır. Yanaşmanın birmənalı olmaması psixoloji bayrellə bağlıdır. İndi isə bu problem biraz azalıb”.
Ekspert sözlərinə belə davam edib: “Qadınların yollarda az olması onların daha diqqətçəkən olması deməkdir. Belə bir fərqli duyum var. İndi isə çox az adamın diqqətini cəlb edir. Statistikaya nəzər salsaq, Azərbaycanda ağır yol qəzalarının əksəriyyətini kişilər törədir. Çox nadir hallarda qadınlar ağır qəza törədə bilər. Həmçinin, qadınlar avtomobili daha asta idarə edir. Burada əsas peşəkarlıqdır. Peşəkar olduqdan sonra sürücünün qadın və kişi olmasının heç bir əhəmiyyəti yoxdur. Müasir avtomobillərin idarə olsunması da rahatdır”.
Ayşən Vəli, Səs qəzeti/sayti

