“Kasıb da, ortabab da krallara məxsus toy etməməlidir”. Toy islahatı baş tutmur – yenə həmin dəbdəbə, həmin israfçılıq…

Toy islahatı baş tutmur – yenə həmin dəbdəbə, həmin israfçılıq…
Pandemiya da “dərs” olmadı; sosioloq: “Bir qədər sonra müvafiq qurumların müdaxiləsi mütləq olacaq, yəni buna ümid edirəm”…

Artıq bir neçə gündür ki, Azərbaycanda toyların keçirilməsinə icazə verilib. İyulun 1-dən etibarən demək olar ki, bütün şadlıq sarayları və restoranlarda vağzalı havası səslənir. İl yarımdır ki, toy keçirə bilməyən cütlüklər tez bir zamanda onu həyata keçirməyə çalışırlar.

Lakin müşahidə olunur ki, hər kəs keçirilən toylardan narazıdır. Məyusluqla bildirilir ki, pandemiya da “dərs” olmadı və toylar yenə də dəbdəbəli, israfçı şəkildə keçirilir. Sual olunur ki, məgər pandemiyadan sonra bu sahədə böyük “inqilabi dəyişiklik” gözlənilirdi? Azərbaycan xalqı toy mərasiminə hər zaman xüsusi diqqətlə yanaşıb. Yəni nə qədər pandemiya və digər qlobal problemlər ortaya çıxsa belə, imkanı çatsa da, çatmasa da dəbdəbəli, təmtəraqlı toy keçirməyə çalışacaq. Təkcə toy deyil, dəbdəbəli ad günü, xına mərasimi keçirənlərin də sayı kifayət qədər çoxdur.

Qeyd edək ki, mətbuatda, mediada mütəmadi olaraq dəbdəbəli toylar, onun yaratdığı fəsadlar haqqında çoxlu sayda müzakirələr, fikir mübadiləsi aparılıb, tövsiyələr verilib. Lakin yenə də bu məsələ öz həllini tapmamış qalır. Bəzi mütəxəssislər təbliğatla deyil, inzibati yolla bu məsələnin həll olunmasına çağırışlar edirlər. Hansı ki, Tacikistanda, Özbəkistanda inzibati qaydada dəbdəbəli toyların keçirilməsi qadağan olunub. Azərbaycanda isə yalnız Naxçıvan MR-də dəbdəbəli toyların keçirilməsi ilə bağlı məsələ qismən də olsa tənzimlənib.

Əhməd Qəşəmoğlu - Publika.Az

Əhməd Qəşəmoğlu

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb:

“Artıq bir neçə gündür ki, toyların keçirilməsinə icazə verilib. İnsanlar il yarımdır ki, toylar keçirə  bilmirdi. Ona görə də nə qədər xərci çıxmasına baxmayaraq, təmtəraqlı toy keçirməyə çalışır. Yəni ”köhnə hava” ilə gedirlər.

Düşünürəm ki, bunun qarşısını xüsusi mexanizmlə almaq mümkündür. Bu mexanizm  artıq Naxçıvanda mövcuddur. Yəni belə anlaşılır ki, rəsmi olaraq qərar qəbul edildikdən sonra məsələnin həlli yolu mümkündür. Hələlik bu cür qərar yoxdur və insanlar bir müddət əvvəlki qayda ilə toylarını keçirəcək. Lakin bir qədər sonra müvafiq qurumların müdaxiləsi mütləq olacaq, yəni buna ümid edirəm”. 

Aydın Xan Əbilov: “Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan  edilməsi bizə bir çox fürsətlər verəcək”

Aydın Xan Əbilov 

Kulturoloq Aydın Xan Əbilov isə məsələyə bu cür mövqe bildirdi:

“Azərbaycan digər dünya xalqlarından fərqlənən bir topluma malik ölkədir. Onun bir çox xüsusiyyətləri var ki, nəinki 10 illiklər, hətta yüzilliklər  ərzində formalaşıb. Azərbaycan üçün toy çox möhtəşəm mədəniyyət, iqtisadi, ictimai, hətta  siyasi bir hadisədir. Yəni toy yalnız iki nəfərin ailə qurması, nikaha girməsi deyil, həm də bu nikahın rəsmiləşməsinin xalq, toplum tərəfindən təsdiqlənməsi hadisəsidir.

Daha bir məsələ, məlum olduğu kimi, Azərbaycanda toy şou-biznesin bir hissəsinə çevrilib və onun ətrafında xeyli sayda mərasim və məclisləri toplayır. Keçmişdə belə idi – əvvəl qadın son kişi elçiliyi, daha sonra ağsaqqalların plov yeməsi mərasimi, ardınca nişan, paltarkəsdi, xınayaxdı mərasimi, qız, oğlan toyu, toy axşamı məclisləri və digərləri keçirilirdi. Avropada və digər böyük ölkələrdə olduğu kimi insanlar konsertlərə gedə bilmədiyi üçün ailəsini toya gətirir və toyda əylənirdi. Toy insanlar üçün həm konsert, həm var-dövlətini nümayiş etdirmək üçün bir məclis idi, həm də gənclər bir-birini bəyənirdi, ailələrin təməli orada qoyulurdu. Bəzən mən də toyları tənqid edirdim. Problem ondan ibarət idi ki, biz bütün bunları bilmədən tənqid edərək, bu cür gözəlliklərə malik mədəniyyət hadisəsi olmasını yerə vurduq. Axı burası Azərbaycandır, nə Rusiya, nə Avropa, nə də Amerikadır. Rus insanı və yaxud  avropalı ailəsini də götürüb konsertə, baletə, operaya və yaxud restorana, bara əylənməyə gedir. Keçmişdə Azərbaycanda bunlar olmayıb və onları əvəzləyən toylar olub. Beləliklə, biz bütün bunları tənqid etdik, daha sonra isə pandemiya gəldi.

Doğrudur, pandemiya bu tənqidlərin bir çoxunun haqlı olduğunu göstərdi. İndi bir çoxu qeyd edir ki, çadır toyları keçirilsin. Lakin bu istidə  çadır toyu keçirmək axı mümkün deyil. Şadlıq saraylarına gəldikdə isə məlum məsələdir ki, bu sahə qeyri-neft sektorunda ən çox gəlir gətirən sahədir. Amma biz neylədik? Camaata çağırış etdik ki, şadlıq saraylarından əl çəkin, toy məclisinə girmək üçün COVİD-19 pasportun olmalıdır, mütləq şəkildə maskalı gəzməlisiniz, məclis qonaqlarının sayı 150-dən artıq ola bilməz və sairə. Nəticədə böyük bir şadlıq evini saxlamaq üçün sahibləri avtomatik olaraq qiymətləri artırmaq məcburiyyətində qaldılar. Gəlin baxaq, işığın, qazın, nəqliyyatın qiyməti artırılıb, işsizlik baş alıb gedir, həmçinin pandemiyanın, müharibənin, daha sonra postmüharibənin çətinlikləri ona gətirib çıxartdı ki, bir masanın qiyməti 50 manatdan 150-200 manata qalxdı. Təbii ki, bu da ictimaiyyətdə böyük narazılıq yaratdı.

Bəs toy edənlərə yeni nəsə təklif etdikmi? Bəli, etdik. Dedi ki, unikal, sadələşdirilmiş toy edək və sairə. Bəs sadələşdirilmiş toylara insanlar gəlirmi?

Deyirlər ki, Naxçıvanda keçirilən toyları nümunə götürək. Düşünürəm ki, kimsə varlıdırsa, varlı toyu, kimsə kasıbdırsa, kasıb toyu etsin. Niyə hamı şahanə, krallara məxsus toy etməlidir? Axı toyun məğzi bu deyil. Keçmişdə varlılar 7 gün, 7 gecə toy edirdi. Amma bu toyda kasıblar pulsuz yeyib-içirdi və bir növ ehsan xarakteri daşıyırdı. Eləcə də indi şadlıq evlərində toylar keçiriləndə nə qədər insan oradan qazanc əldə edir. Məsələn, tələbələr, taksi sürücüləri, günəmuzd işləyənlər pul qazanırdılar. Amma biz bütövlükdə bu sistemi dağıtdıq və az qala iflas vəziyyətinə gətirib çıxartdıq. Çıxış yolu isə hələ ki görünmür”.

Xalidə GƏRAY,

https://musavat.com/mobile/news/toy-islahati-bas-tutmur-yene-hemin-debdebe-hemin-israfciliq_812215.html

“Kasıb da, ortabab da krallara məxsus toy etməməlidir”

“Kasıb da, ortabab yaşayan da krallara məxsus toy etməməlidir”.


Bu sözləri AZXEBER.COM-a açıqlamasında VCA və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.  
O, bildirib ki, toy edənlər çalışmalıdır ki, minimal vəsaitlərlə məclis qursunlar:
“Toy təkcə bir nəfərin nikahı, iki nəsili birləşdirən adət-ənənə deyil. Toy həm də böyük mənada sosial, iqtisadi, mədəni hadisədir. Belə bir hadisə olduğuna görə istər-istəməz onun ətrafında da müxtlif hadisələr baş verə bilər. Toyun iqtisadi tərəfi isə bizi hər zaman maraqlandırır. İllərdir ki, biz islahatlarla bağlı təkliflərimizi verirdik. İsrafçılığın çox olduğunu, 20-dən çox təamın təqdim olunmasına ehtiyac olmadığını qeyd edirik. Buna sərf olunan vəsaiti cəmiyyətin digər problemlərinə sərf etmək daha yaxşı olar. 

Kulturoloq qeyd edib ki, pandemiyadan sonra vəziyyət çox dəyişməyib: 
 “Pandemiya insanları və rəsmi qurumları məcbur etdi ki, toyları bu cəhətdən bir az formata salsınlar. Amma yenə də narazılıqlar var, bildiyiniz kimi, 50 və 150 nəfərlik toylar təklif olunur və bu toylar keçirilən zaman şadlıq evləri məcburdurlar ki, qiymətləri qaldırsınlar. Belə olan halda da sifarişçilər məcburən hər hansı formada bunun qarşılığını verməyə çalışırlar. Bu da yenə də əvvəlki kimi israfçılığa, vəsaitin göyə sovrulmasına səbəb olur. Amma onu da deyim ki, insanlara azadlıq da vermək lazımdır. Elə şəxslər var ki, onların pulu çoxdur, onlara istədiyi kimi toy etməyə şərait yaratmaq lazımdır. Amma hər kəs, yəni kasıbı da, ortababı da krallara məxsus toy etməməlidir. Hər kəs öz yorğanına görə ayağını uzatmalıdır. Çalışmaq lazımdır ki, minimal vəsaitlərlə məclis qursunlar”.


Aydın Nuri,

https://azxeber.com/az/kasib-da-ortabab-da-krallara-mexsus-toy-etmemelidir/sosial/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir