Milyonlarla insanın ölüm sirri: hər nəfəsimizdə ona bir addım yaxınlaşırıq…

Dünyada hər il milyonlarla insanın ölüm səbəbi açıqlanıb.

Bu barədə hesabat “Lancet” tibb jurnalında dərc olunub. Hesabat müəllifi olan tibb mütəxəssislərinin fikrincə, ətraf mühitin çirklənməsi, hava və suyun standartlardan daha artıq çirklənməyə məruz qalması müharibə, xəstəlik, aclıq və təbii fəlakətlərdən daha çox insan öldürür.

İnsanlar nədən ölür?

Amerikalı mütəxəssislərin araşdırması 2015-ci ildə aparılıb. Həmin ilin məlumatları göstərib ki, hər 6 vaxtsız ölümdən birinin səbəbi məhz bu olub. Bu isə 10 milyondan artıq insanın ölümü deməkdir. Həmin 10 milyon nəfər toksik zəhərlənmədən dünyasını dəyişib. Mütəxəssislər belə hesab edir ki, bu, ancaq təxmini rəqəmlərdir. Əslində isə ətraf mühitdən alınan zəhərlə həyatını itirənlərin sayı bundan dəfələrlə artıqdır. Dəqiq say əldə etməyin çətinliyi bütün ölkələrdə inkişaf etmiş monitorinq sisteminin olmamasıdır.

Ən təhlükəli regionlar Afrika və Asiya hesab edilir. Hesabat müəlliflərinin qeydinə görə, Hindistan su və havanın çirklənməsinə görə ölüm hallarının daha çox olduğu ölkələrin siyahısına rəhbərlik edir. Burada hər il 2,5 milyon insan məhz bu səbəbdən dünyasını dəyişir. İkinci yerdə Çin dayanır. Orda ekoloji problemlər 1,8 milyon insanın ölümünə yol açır. Banqladeş, Pakistan, Şimali Koreya, Cənubi Sudan və Haiti də liderlərdən hesab edilir. Mütəxəssislərin qiymətləndirməsinə görə, çirklənmədən vəfat edənlərin sayı siqaretdən ölənlərin sayından artıqdır. Bu artım QİÇS, vərəm və malyariyadan ölənlərdən 3 dəfə, müharibə və zorakılıqdan ölənlərdən isə 15 dəfə çoxdur.

Qədim Romada qurğuşun ölüm səbəbi olub

Hələ bir müddət əvvəl Fransa və Amerikadan olan tədqiqatçılar müəyyən etmişdilər ki, qədim romalılar qurğuşun borular tikiblər. “Proceedings of the National Academy of Sciences”də dərc olunan məqaləyə görə, yaşayış məntəqələrinə su vermək üçün belə borular tikilirdi. Eyni zamanda qrunt sularının atılması üçün də borular çəkilirdi. Su boruların tərkibində qurğuşun olması araşdırma zamanı təsdiqlənib. 177 məntəqdən götürülən nümunələrin analizi aparılıb və həqiqət ortaya çıxıb. Məlum olub ki, Ostiya və Portus məntəqələrində bizim eradan əvvəl 200-cü illərdə yağışlar nəticəsində qurğuşunun konsentrasiyası artıb. B.e.ə. 250-ci ilə qədər də bu yüksək həddə qalıb. Bu isə insanların səhhətinə mənfi təsir göstərib. Həmn dövrdə sözügedən yaşayış məntəqəsinin sakinləri ağır metallarla xroniki zəhərlənməyə məruz qaldıqları da cəsəd qalıqlarından götürülən analizlərlə təsdini tapıb. Başqa sözlə desək, təbiət hadisəsi insan orqanizmində öz izlərini buraxıb.

Ürək xəstəlikləri bu səbəbdən artır

İndi isə araşdırmalar göstərir ki, təkcə Avropada ildə 500 min nəfər məhz havanın çirklənməsi nəticəsində dünyasını dəyişir. Danimarkada fəaliyyət göstərən Avropa Agentliyinin araşdırmasına görə, ətraf mühitin insanın ölümünə təsiri birbaşadır. Avropada ekoloji tarazılığın getdikcə daha çox qaydaya düşdüyünü deyən mütəxəssislər buna baxmayaraq hələ də təhlükənin qaldığını bildirir. 41 Avropa ölkəsində insan ölümlərinin əsas faktorlarından biri də ətraf mühitin çirklənməsidir. Havadakı kiçik hissəciklər ağciyərlərə və qana asanlıqla daxil olur və 80 faiz ölümlə nəticələnir. Şəhər əhalisinin 82 faizində bu vəziyyətə rast gəlinir. Məsələn, kardioloqlar bildirir ki, onlar nə qədər kiçikdirsə, sağlamlığımız üçün bir o qədər zərərlidirlər. Ürək üçün ən təhlükəli hissəciklərin PM 2.5 və PM 0.1 olduğu müəyyən edilib. PM “hissəciklər və ya hissəcikli maddələr” sözünün ingiliscəsi olan ‘particulate matter’ sözünün baş hərfləridir. Rəqəmlər isə hissəciyin mikron cinsindən ölçüsünü göstərir. Bir bölgənin havasında bu hissəciklərdən nə qədər çoxdursa, orada yaşayan insanların ürək-damar xəstəliyindən ölmə ehtimalları artar. Qlobal miqyasda ciddi tədbirlər görülməzsə, 2050-ci illərə qədər çirkli hava ildə 6.6 milyona yaxın insan öldürəcək.

Bir ölkə istehsal edir, başqa ölkədə insan ölür

2017-ci ilin martında Kanada, Çin, Böyük Britaniya və ABŞ-da aparılan araşdırma da bu məsələyə həsr olunub. 2007-ci ildə adıçəkilən ölkələrdə baş verən ölümləri araşdıran mütəxəssis qrupu müəyyən edib ki, sözügedən hissəçiklər insan həyatına son qoymağa qadirdir. Şərqi Avropada 47 mindən artıq sakin Qərbi Avropadakı zavodlardan atılan tullantılar nəticəsində dünyasını dəyişib. Qərbi Avropada isə ABŞ sənaye istehsalı nəticəsində 2,3 min nəfər ölüb. Beləliklə, müəyyən edilib ki, bir ölkənin sənaye istehsalı digər bir ölkədə də ölümlərə yol aça bilər. Sənaye tullantıları nəticəsində ölümlərin sayı getdikcə artır. Təkcə 2007-ci ildə mütəxəssislərin hesablamalaırna görə 3,45 milyon insan məhz bu səbəbdən ölüb. Yaponiya və Cənubi Koreyada 31 min erkən ölümün baş verməsinin səbəbi Çindəki sənaye tullantıları olub. Bu qəbildən ölümlərin ən çoxu Çinin payına düşür. Bu ölkədə təkcə araşdırma dövründə 1,19 milyon erkən ölümün səbəbi məhz sənaye tullantılarıdır. Ölənlər əsasən ixrac məhsulları istehsal edən bölgələrin əhalisidir. Növbəti yerlərdə Şərqi Asiya, Hindistan dayanır. Rusiya da bu siyahıda var. Bu ölkədə erkən ölümlərin 114 mini məhz bu səbəbdən baş verir. Sənaye çirklənməsi nəticəsində ən az erkən ölüm Latın Amerikası və Afrikadadır. Səbəb bu ölkələrdə sənayenin inkişaf etməməsidir.

QİÇS və eboladan da təhlükəli

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumaıtna görə, dünyada baş verən hər 8 ölümdən biri havanın çirklənməsi ilə bağlıdır. Təşkilat xəbərdarlıq edir ki, artıq iri şəhərlərdə havanın çirklənməsi üzündən insan sağlamlığı üçün mövcud olan risklər böhran həddinə çatıb. ÜST bu statistikanı dünyanın 2 min iri şəhərində ekoloji vəziyyəti araşdırandan sonra açıqlayıb. Ümumdünya Səhiyyə Təşkilatının havanın çirklənməsini insanların sağlamlığı üçün “ən təhlükəli təhdidlərdən biri” adlandırıb. Təhlükə dərəcəsinə görə hətta QİÇS və ebola viruslarından da öndədir. Qurum bildirir ki,çirklənmiş havanın uşaqlar və gənclərə təsiri daha çoxdur. Çirkli hava səbəbindən uşaqlar pnevmaniya (ağciyər iltihabı) və digər tənəffüs xəstəliklərindən əziyyət çəkirlər. Hər il beş yaşa qədər 600 mindən çox uşaq ağciyər iltihabından dünyasını dəyişir. Dünyada yalnız hər 10 insandan biri ÜST-ün standartlarına cavab verən, keyfiyyətli hava olan ərazilərdə yaşayır.

Sumqayıtı zavodlar, Bakını nəqliyyat çirkləndirib

Amerikanın “Ekoloji Blacksmith Institute” Fondu ekoloji cəhətdən insan həyatı üçün təhlükəli sayılan şəhərlərin siyahısını hazırlayıb. Sumqayıtın adı da bu “qara siyahı”ya daxil edilib. Fondun hesabatına görə, Sumqayt hələ Sovetlər zamanında kimya sənayesi mərkəzi idi. Buna görə də şəhərin həm torpaq qatı, həm də atmosferi kifayət qədər çirkləndirilərək “ölü şəhər” statusu qazanıb. Sumqayıtda buna səbəb kimi kimya zavodlarının fəaliyyəti göstərilirsə, paytaxt Bakıda atmosferin çirklənməsinin əsas mənbəyinin nəqliyyat olduğu deyilir. Statistik məlumatlar paytaxtın nəqliyyat sektorunda son onillklərdə vəziyyətin ciddi şəkildə dəyişikliyin olduğunu göstərir. Əgər 1982-ci ildə şəhərin atmosferinin ümumi çirklənməsində nəqliyyatın xüsusi çəkisi 49 faiz idisə, 1990-cı ildə 64,6 faiz, 2000-ci ildə 75,6 faiz, 2010-cu ildə 77,5 faiz , 2011-ci ildə 77,6 faiz, 2015-cı ildə isə bu rəqəm 70 faizi olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, təkcə 2015-ci ildə atmosferə atılan tullantıların miqdarı respublika üzrə 1milyon 150 min ton olub. Bunun 978 min tonu avtomobillərin, 178 min tonu isə stasionar mənbələr, əsasən də fəaliyyətdə olan zavodların payına düşür.

Təmiz və çirkli şəhərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən atmosfer havasının çirklənməsinin monitorinqi aparılıb. Monitorinq ölkənin 8 iri sənaye şəhərini – Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkini 26 müşahidə məntəqəsini əhatə edib. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə ötən il 93 297 nümunə üzərində 18 adda çirkləndirici üzrə 94 853 analiz aparılıb. Bakıda əsas çirkləndiricilərdən toz və formaldehidin orta aylıq qatılığı 2,0 dəfə, azot 4-oksidin 1,5 dəfə, hidrogen flüoridin isə 1,8 dəfə yol verilən qatılıq həddinin keçdiyi qeydə alınıb. Sumqayıtda isə azot 4-oksidin orta aylıq qatılığı 2,25 dəfə, xlorun 2,7 dəfə, hidrogen flüoridin isə 2,2 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib. Mingəçevirdə atmosfer havasının tərkibindəki tozun orta aylıq qatılığı 1,3 dəfə, fenolun 1,7 dəfə, Gəncədə hidrogen flüoridin orta aylıq qatılığı 1,2 dəfə, Şirvanda azot 4-oksidin orta aylıq qatılığı 1,5 dəfə normanı keçib. Şəki, Naxçıvan və Lənkəranda atmosfer havasının çirklənməsi norma daxilində olub.

Köhnə maşınları sürməyək, amma…

Bakını çirkləndirən əsasən köhnə avtomobillərdən atılan maddələrdir. Bu maddələrin tərkibində 200-dən çox zəhərli birləşmə var. İndi dünyanın əksər ölkələrində Avro-4 standartı tətbiq olunur. Azərbaycanda da bu standartlara 2014-cü ildən keçib. Həmin dövrdən etibarən, Azərbaycana idxal edilən, Avropa Birliyi ölkələrinin istehsalı olan avtomobillərin istehsal tarixi 2005-ci ildən, ABŞ istehsalı olan avtomobillərin istehsal tarixi 2004-cü ildən, Yaponiya, Çin istehsalı olanlar 2011-ci ildən, Koreya istehsalı olanlar 2006-cı ildən, Türkiyə istehsalı olanlar 2009-cu ildən yuxarı olmalıdır.

Avropa -3 standartına görə, minik avtomobilində bir kilometr yolun qət edilməsi üçün havaya buraxılan dəm qazının miqdarı 2 qr, Avro-4 standartında 1 qr-dır. Ancaq təbii ki, bütün köhnə minik avtomobillərinin istismardan çıxarılması mümkün deyil və ekpsertlər bunun ancaq əvəzi ödənilmək şərtilə mümkünlüyünü bildirir. Ekoloqlar havanın təmizlənməsi üçün istehsal müəsssisələrinin Bakıdan kənara çıxarılmasını çıxış yolu kimi görür. Bu zaman ziyanı yarıbayarı azaltmaq olar. Ekoloq Telman Zeynalovun sözlərinə görə, Bakını çirkləndirən tullantıların təkrar emali da vəziyyətin yaxşılaşdırılması üçün əsas tədbirlərdən biri kimi diqqətə alınmalıdır: “Təkrar emal tullantı miqdarını 53 milyon tondan sıfıra qədər endirə bilər. Əgər biz tullantılarımızı səmərəli təkrar emala buraxsaq, atmosferə sıfır tullantı atacağıq, çünki əsas tullantı onlardan gedir. Biz 100% tullantıları təmamilə idarə edə bilsək, dünyada analoqu olmayan ən varlı dövlətlərin birinə çevrilərik “.

Nazirlik yaxşıya ümid edir

ETSN narahatlıqları bölüşsə də vəziyyətin yaxşılığa doğru dəyişdiyini bildirir. Nazirliyin məlumatına görə, “Environmental Performance Index”də Azərbaycanın “ekoloji effektivlik indeksi” 180 ölkə arasında 31-ci yerə yüksəlib. Qiymətləndirmə 9 istiqamət və 20 göstərici üzrə aparılıb. Bunların bir çoxu üzrə Azərbaycan ilk onluqda olub. “Bu o demək deyil ki, Azərbaycanda ekoloji vəziyyət əladır. Bu o deməkdir ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər effektivlidir”, – deyə nazirlik məsələyə şərh verib.

Sevil Ağazadə

Cebhe.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir