Leyla Məcidova. Hər zaman yaşa, Vətən!

Dünyada Tanrıdan sonra gələn sevgilər içində ən uca bir məhəbbət var: Vətən eşqi.
Vətən eşqi qanla keçən məhəbbətdir, torpaga, anaya yönəli sevgi kimi. O, göylərdən süzülən elə bir ilahi könül eşqdir ki, hər kəs onu anlamaz.
Bizim xalq vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirərkən, ruhuna Vətən eşqindən bir zərrə də salar – əsl ilahi sevgi oduna çevrilən könül istəyi…
Qəhrəmanımız şəhid baş leytnant Vüsal Kamran oglu Kazımov kimi Vətənsevər qəhrəmanımız da elə Vətəsevdalılardan idi…
Şəhid olmağı özünə şərəf bilən, heç də hər kəsin qəlbində yuva qura bilməyən yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidəsi vardı Vüsalın. O, Vüsal ki, müqəddəs torpaqlarımız uğrunda gözünü qırpmadan canının fəda etməsindən 40 gün keçir. Düz 33 gün müqəddəs nəşi bütün Vüsalsevənlər tərəfindən axtarıldı.
Onu canından artıq sevən atası Kamran müəllim yeganə balasının dərdindən çarəsiz durumda yataga düşdü. Sevdiyi övladının şəhidlik zirvəsinə ucaqldığı xəbərini atanın belini qırsa belə, güclü iradəsi, mətinliyi və vətənpərvərliyi bu dəhşətli, kədərli hisslərin hamısına qalib gəldi.

O, başını dik tutdu, göz yaşlarını qəhrəman şəhidin yadigarları – körpə Nurayla Aynur duymasın deyə özünü ovundurdu günlərlə. Gənc övladını torpağa tapşıranda heç bir təsəlli ilə ovunmayan, “Vətən sağ olsun!” – deyib, oğlunun nəşi üstünə sərilən, onun qan ətri hopmuş bayrağımızdan öpən şəhid anası…

Döyüş yoldaşlarından Vüsalın yaralı əsgərlərə necə kömək etməsi haqqında kədərli hadisələri dinləyib, qürurla köks ötürüb, təskinlik tapmağa çalışır….

Hər kəs baş əyir məzarının önündə! İgidliyinlə fəxr edirik, şəhidim. İllərdir tapdaq altında qalan müqəddəs Vətən torpaqlarımız məhs sizin qanınız hesabına azad oldu.
Sizin qəhrəmanlıgınız əsrlərlə unudulmayan dastanlara çevriləcək.
Valideynlərin sağ ikən onlara cənnəti qazandıran qəhrəman Vüsal, ruhun şad, məkanın cənnət olsun.

Ölməz şəhid

Sən öz hünərinlə, şücaətinlə,
Səngərdə hər kəsə bir örnək oldun,
Keçib öz canından, igid qəhrəman
Torpağın uğrunda sən şəhid oldun.

Çiynində daşıdın əsgərlərini,
Yarasın sarıdın öz əllərinlə.
Möhkəm ol qardaşım deyib necə də, –
Təsəlli olurdun, sönən gecədə.

Sinəni düşmənə sipər edərək
Neçə yoldaşına xilas oldun.
Silahın əlindən düşmədi yerə, –
Ömürlük Vətənə miras oldun.

Torpağı yoğurub sən öz qanınla,
Özün də əbədi torpaq olmusan.
Cənnətin qapısın açıb üzünə,
Sən Vətən yolunda şəhid olmusan.

Başınız uca olsun, ay Vətən oğlu!
Vətən qanınızla, bax, azad oldu.
Sizin tək igidlər keçib canından, –
Hər biri əbədi bir dastan oldu.


Leyla Qadir qızı Məcidova,

Lənkəran Dövlət Universitetinin baş müəllimi
Tarix üzrə fəlsəfə doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir