Elvin Əli ilə fəlsəfədə gəzişmələr – 2. Elmi-texniki tərəqqi, yaxud mənəvi böhran?!

Dərindən fikir verəndə, XX əsrin ilk yarısında yaşayan filosofların yaradıcılığında demək olar ki, böyük əksəriyyətində anti-elmi, anti-fəlsəfi mövqeni müşahidə etmək olur. Bunun da əsas səbəbi elmi sürətli inkişafı nəticəsində texnoloji tərəqqinin dağıdıcı təsiri, elmi-texnoloji nailiyyətlərin insan mənəviyyatına vurduğu zərbələr idi. Dövrün filosoflar bütün bunların səbəbini Avropanın elmi və fəlsəfi dünyagörüşündə görürdülər.

Edmund Husserlə (Edmund Husserl. 1859-1938. Çexiyada doğulub. Fenomenologiya cərəyanının banisidir. – red.) görə, Avropanın süqutunun səbəbi elmin və fəlsəfənin obyektivliyə (xariciləşdirmə) yönəlməsində gizlənir. Antik Yunan dövründən sonra obyektə yönəlmiş Avropa fəlsəfəsi subyekti kənara atıb, bununla da insanın təbiətlə, dünya ilə harmoniyasını pozmuşdur. Belə olan halda insanın özü də obyekt kimi görülür, hər cür subyektivlikdən arınır və əşyalaşır. Elmiləşmə isə vəziyyəti daha da ağırlaşdırıb, dünyanı tamamilə ruhilikdən, irrasionallıqdan kənar sırf maddi, fiziki varlıq olaraq görmüşdür. Elmi dünyagörüşünü mənimsəyən fəlsəfə, Husserlə görə, fəlsəfənin deqradasiyasıdır. Bu dünyagörüşü elmə, fəlsəfəyə və bunun nəticəsində sosiuma yaydıqda insan və dünya, insan və insan arsında münasibətlər texninasiyaya məruz qalır, robotləşır, qanuniləşir, bir sözlə, insan azadlığı, mənəvilik arxa plana keçir. Bütün bunlar öz nəticəsini dünya müharibəsində, Avropa nihilizmində göstərib.

E.Husserlə görə, fəlsəfə müasir fəlsəfəyədək olan sağlam fikir dövrünə geri dönməli, obyektivliyi bir kənara atıb subyektə, fenomenlər, mahiyyətlər və idealar dünyasına keçid etməlidir. Obyekt və subyekt, dünya və insan, ümumilikdə, hər şey bir ruhun törəmələridir. Bu isə radional qanunlarla deyil, intellektual intuisiya ilə, sevgi ilə hiss olunur, sezilir. E.Husserl zəkadan intuisiyaya, rasionallıqdan irrasionallığa, elmi dünyagörüşündən daha çox dini baxışlara uyğun olan fəlsəfə ilə Avropanı müalicə etməyin mümkün olduğunu deyirdi. Onun fikrinə görə, yalnız bu halda insanlar robotikləşməkdən, zombiləşmədən, disharmoniyadan uzaqlaşa və xoşbəxt yaşaya bilərlər. Yeni, radikal çevriliş edən fəlsəfə, dünya görüşü gəlməsə Avropada total fəlakətin qaçılmaz olduğunu bildirən Husserlin uzaqgörənliyini tarix çox qısa müddət ərzində sübut etdi.

Beləliklə yaşayarıq, görərik: Elmi-texniki tərəqqi bəşəriyyəti mənəvi böhrana aparır, yoxsa inkişafa?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir