Zamana sığmayan xatirələr: Qabil Əmənullayev. – Leyla Məcidova yazır
Qəlbimdə daim böyük bir minnətdarlıq və ehtiramla yaşatdığım bir xatirə var. Müəllim xatirəsi. Zəngin ensiklopedik təfəkkürü, insanlara olan tükənməz sevgisi və böyük mənəviyyatı ilə ətrafındakı hər kəsin yoluna nur saçan Qabil Əmənullayevi xatırlayarkən ağla gələn ilk və ən dürüst ifadə elə budur.O, təpədən dırnağa qədər Müəllim idi. O, Lənkəran elmi mühitinin formalaşdığı o, çətin illərdə təkcə fəlsəfə fənnini tədris etmədi, həm də bizə yaşamın, ləyaqətin və insan olmağın ən dərin fəlsəfəsini öyrətdi.
Ömür var ki, sadəcə təqvim vərəqlərinin dəyişməsi, günlərin bir-birini əvəz etməsi ilə ölçülür. Amma elə ömürlər də var ki, onlar zamana sığmır toxunduğu hər qəlbdə, işıqlandırdığı hər zəkada və yetişdirdiyi nəsillərin yaddaş qatında silinməz, parlaq izlər qoyur. Zaman keçdikcə bəzi simalar unudulur, bəzi xatirələr kölgədə qalır. Lakin elə şəxsiyyətlər var ki, onların mənəvi varlığı keçdiyi hər yolda, addımladığı hər dəhlizdə və dərs dediyi hər auditoriyada bir nur kimi yaşamağa davam edir. Təhsilin təşəkkül tapdığı və formalaşdığı dövrdə – 90-cı illərin çətin, keşməkeşli və sınaqlarla dolu mühitində adını bu elmi mühitin zərli tarixinə qızıl hərflərlə həkk etmiş fədakar alimlərimizdən biri də fəlsəfə fənlərini tədris edən, kafedra müdirinin müavini kimi məsuliyyətli vəzifəni ləyaqətlə icra edən, ensiklopedik təfəkkürlü ziyalı Qabil Əmənullayev olmuşdur.
O, mənəviyyat zirvəsi, həyatın hər üzünü görmüş əsl filosof, hər cür sınaqda mənəvi bütövlüyünü və ləyaqətini qoruyan misilsiz bir şəxsiyyət idi.
Tarixin və taleyin ən ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Qabil müəllimin həyat yolu hələ uşaqlıq illərindən böyük zəhmətlə, sarsılmaz iradə və əzm dəyərləri ilə yoğrulmuşdu. Bəzən fəlsəfənin dərinliklərindən bəhs edən, cəmiyyət və insan mahiyyətini tədris edən alimlər həyatı yalnız kitabların saralmış səhifələrindən öyrənirlər. Lakin Qabil müəllim həyatın bütün çətinliklərini şəxsən görmüş, onun acısını da, şirinini də öz taleyində yaşamış canlı bir müdriklik məktəbi idi. 1938-ci ilin yazında dünyaya göz açan Qabil müəllimin uşaqlıq illəri İkinci Dünya müharibəsinin dəhşətli, məşəqqətli illərinə, kənd həyatının amansız məhrumiyyətlərinə və ağır quraqlıq dövrlərinə təsadüf etmişdi. Ailədə böyüyən dörd qardaş və iki bacının arasında balaca Qabil hələ ilk yaşlarından kitaba, elmə, mütaliəyə olan sonsuz həvəsi və parlaq zəkası ilə tay-tuşlarından köklü surətdə fərqlənirdi. Atası Abış kişinin və anası Narxanım ananın zəhmətkeş ailəsində boy-başa çatan Qabil müəllim, Noda kənd yeddiillik məktəbini əla qiymətlərlə bitirərək elm yolundakı ilk böyük addımını atdı.
Qarşısına çıxan min bir çətinliyə, maddi və mənəvi maneələrə baxmayaraq, o, geyməyə geyim, yeməyə çörək tapılmayan o, ağır illərdə gündüzlər kolxozda çalışır, öküzlə dərz daşıyır, axşamlar isə ev işlərinə kömək edərək mütaliəsindən bir an belə qalmazdı. Biliyinin, sarsılmaz əzminin sayəsində Lənkəran Pedaqoji Texnikumuna qəbul olunmuş, 1956-cı ildə buranı bitirərək Lerik rayonunda riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdı. Lakin elmə olan həvəsi onu daha böyük zirvələrə səsləyirdi. Bütün ədalətsizliklərə, qarşısına çıxarılan süni əngəllərə, yoluna atılan daşlara və mənəvi təzyiqlərə baxmayaraq, o, səbirlə, təmkinlə və işıqlı zəkası ilə hər sınaqdan qalib çıxaraq, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olaraq oranı fərqlənmə diplomu ilə bitirdi.
Akademik mühitdə fəaliyyətə başladığı ilk günlərdən etibarən Qabil müəllim kollektivin və tələbələrin sevimlisinə çevrildi. O, bizim üçün sadəcə kürsüdə durub quruca mühazirə oxuyan akademik və ya inzibati vəzifə daşıyan kafedra müdir müavini deyildi. O, gəncliyimizin mənəvi dayağı, yolumuzu işıqlandıran müdrik bir yol göstərəni, səmimi bir insan idi. 90-cı illərin o,mürəkkəb, keçid dövrünün gərgin və qayğılı mühitində Qabil müəllim bir valideyn həssaslığı ilə hər birimizə diqqət yetirərdi. O, sadəcə dərslərimizlə, elmi axtarışlarımızla maraqlanmazdı, bizim duruşumuza, mənəvi aləmimizə, davranışımıza, hətta bir ziyalıya yaraşan geyimimizə, zahiri görünüşümüzə belə böyük diqqətlə nəzarət edərdi. Çünki onun nəzərində “Müəllim” adı müqəddəs bir məbəd idi və bu adı daşıyan hər bir kəs cəmiyyətə nümunə olmalı idi.
Qabil müəllim elə bir insan idi ki, o, sözün həqiqi və mənəvi mənasında çörəyini hər kəslə bölən idi. Hər gün evdən çörək gətirərdi, kafedrada toplanıb bir ata ocağının istiliyini duyaraq hamılıqla süfrə arxasına əyləşərdik. O halal çörək süfrəsi ətrafında keçən hər anımız böyük bir həyat dərsinə çevrilərdi. Biz Qabil müəllimdən hər zaman xoş sözlər dinləyər, onun canlı həyat məktəbindən bəhrələnərdik. O, həyatı boyunca öz zəhmətinə sadəcə bir çörək pulu qazanmaq vasitəsi kimi baxmadı. Deyərdi ki, peşəsinə yalnız çörək mənbəyi kimi baxan insan ömrünün mənəvi ruhunda böyük bir boşluq tapacaq. Məhz buna görə də o, öz mənəvi ömrünü hər gün zəka ilə, insanlıqla, xeyirxahlıqla doldururdu.
Bizə həyatın bütün çətin və keşməkeşli yollarında necə mətin durmağı, mənəviyyatı qorumağı və ləyaqətlə idarə olunmağı o öyrədərdi. Bir filosof, zəngin biliyə malik bir tarixçi olmaqla yanaşı, o, həm də əvəzsiz, fədakar bir dost idi, öz zəhməti və nəcibliyi ilə ehtiyacı olan hər kəsə arxa durar, əlini uzadardı. Onlar üçün müəllimlik təkcə peşə deyil, ruhun və mənəviyyatın yaşam tərzi idi.
Unudur özünü, unudur tənha,
Sənin səadətini düşünür yalnız.
O, bir çeşmə kimi axır daima,
Sizisə dənizə çevirir, əziz müəllim!
Ömrünü şam kimi əridərək o,
Zülmət yollarında bir işıq yandırır.
Sənə bilik verir, mənəviyyat verir,
Səni insan edib, boya çatdırır…
Qabil müəllim də öz ömrünü bir şam kimi əridərək çevrəsindəki hər bir tələbənin, gənc mütəxəssisin yoluna işıq saçdı. Əlində olanı, biliyini, təcrübəsini və bir tikə çörəyini hər kəslə şəstlə bölüşməyi mənəvi borc bilən bu böyük insan fəlsəfəni yalnız kitab səhifələrindən değil, öz nəcib davranışları, sadəliyi, dərin pedaqoji savadı, zərif yumoru və canlı nitqi ilə tədris edirdi.
Qabil müəllim vətənini, torpağını, dövlətini təmənnasız və sonsuz bir sevgi ilə sevən əsl azərbaycanlı idi. Onun milli təəssübkeşliyi, dərin dövlətçilik təfəkkürü və torpaq sevgisi hər addımında, hər bir dərsində, hər səmimi söhbətində açıq-aydın hiss olunardı. Bu səmimi vətənpərvərlik, mənəvi zənginlik və ali insani keyfiyyətlər onun ailə ocağında da öz parlaq əksini tapmışdı. Həyat yoldaşı Qızbəs müəllimə uzun illər məktəblərdə gənc nəslin tərbiyəsinə xidmət etmiş, cəmiyyətimiz üçün faydalı vətəndaşlar yetişdirmişdir. Bu müqəddəs ocaqda üç oğul övladı, bir qız övladı pərvazlanmışdır. Övladları valideynlərinin qocalıq və ahıllıq illərində Qabil müəllimə və Qızbəs xanıma böyük məhəbbətlə, pərvanə kimi qayğı göstərmiş, ata yolunu və ziya ocağını ləyaqətlə yaşatmışlar. Üç oğlundan ikisinin Azərbaycan Tibb Universitetini bitirərək insan səhhətinin keşiyində duran şərəfli həkim peşəsini seçməsi, böyük oğlu İqbal Əmənullayevin və digər övladlarının ata irsinə sədaqəti bu ocağın hansı yüksək mənəvi sütunlar üzərində qərar tutduğunun bariz sübutudur.
Qabil Əmənullayev həyatın çətin, tikanlı yollarından keçib ucalan, elm, mərifət və mənəviyyat çırağını daim gur yandırran müstəsna bir şəxsiyyət kimi tariximizə və yaddaşımıza həkk olunub. Bu gün elmi məclislərdə, auditoriya və kafedralarda, onu tanıyan, onunla çörək kəsən, məsləhətini alan hər bir insanın qəlbində onun işıqlı xatirəsi, ata qayğısı və müdrik tövsiyələri yaşayır. O, həyatı boyunca yalnız elm vermədi, həm də insanlığı, mənəviyyatı, ləyaqəti öyrətdi. Bəli, o, təpədən dırnağa qədər Müəllim idi, nuru yaddaşlara həkk olunmuş unudulmaz filosof idi və bu şərəfli adı ömrünün son anına qədər böyük fəxarət və ləyaqətlə daşıdı.
Allah rəhmət eləsin,ruhunuz şad, məkanınız cənnət olsun, əziz Müəllimim!
Leyla Qadır qızı Məcidova
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, LDU-nin dosenti

