“Əmək yalnız qazanc mənbəyi deyil, həm də cəmiyyətin inkişafına töhfədir” – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilovdan sosioloji təhlil
“Fiziki və zehni əmək, zəhmət və insanın müxtəlif əmək sahələri ilə məşğul olması hər zaman hörmətə layiq olub. Bəşəriyyətin insanın şüurlu varlığa çevrilməsi, yalnız qida əldə etmək və nəslini davam etdirmək kimi ilkin tələbatlardan kənara çıxaraq əmək alətlərini kəşf etməsi, oddan istifadəni öyrənməsi və ətraf mühiti dəyişdirməyə başlaması ilə əmək insan həyatının əsas amillərindən birinə çevrilib. Həmin dövrdən etibarən əməyə və zəhmətə həm fərdi, həm ictimai-sosial, həm də siyasi və dövlətçilik baxımından müxtəlif münasibətlər formalaşıb”.
Bunu SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, Azərbaycanda da dünyanın bir çox yerlərində olduğu kimi, fiziki əməyə və ümumilikdə zəhmətə hər zaman xüsusi diqqət və qayğı göstərilib. Ənənələrimizdə zəhmətkeşlərə, əməkçilərə, fəhlələrə və kənd təsərrüfatı ilə məşğul olan insanlara xüsusi münasibət olub. Novruz bayramı və digər mərasimlərdə də zəhmətə, əməyə və əməksevərliyə xüsusi dəyər verilib.
Zəhmətkeş insan Azərbaycanda heç vaxt aşağı tutulmayıb. Hətta feodalizm və kapitalizmin ən ağır dövrlərində belə zəhmət adamına hörmətlə yanaşılıb, onun gördüyü işə halal və zəhmət prinsipləri baxımından qiymət verilib. Milli-mədəni və dini baxışlarımızda da əməksevər insanlara, kəndlilərə, əkinçilərə, çobanlara və digər zəhmət sahiblərinə xüsusi münasibət formalaşıb:
“Toylarda, yaslarda, oruc və ehsan günlərində, bayramlarda insanların sosial vəziyyətindən asılı olmayaraq bir-birinə hörmət göstərməsi də bu ənənənin göstəricilərindən biridir. İnsanın varlı və ya kasıb olmasından asılı olmayaraq, onun zəhmətkeşliyi və əməksevərliyi həmişə xüsusi qiymətləndirilib.
Tarixin müxtəlif dövrlərində zəhmətkeşliklə bağlı fərqli yanaşmalar səsləndirilsə də, əməyə olan ehtiyac heç vaxt aradan qalxmayıb. Azərbaycanın tarixində kəndlinin və zəhmət adamının öz əməyindən məhrum edilməsi ilə bağlı müxtəlif sosial münasibətlər olsa da, xalqın azadlıq və ədalət uğrunda mübarizəsi də daim mövcud olub.
Müasir dövrdə əməyin hüquqi baxımdan qorunması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda Əmək Məcəlləsi mövcuddur, əmək münasibətlərinin tənzimlənməsi ilə məşğul olan dövlət qurumları fəaliyyət göstərir. Pensiya sistemi də sosial təminat mexanizmlərinin əsas istiqamətlərindən biridir.
Əmək hüquqlarına, zəhmətkeşlərə və insan əməyinə göstərilən diqqət və qayğı ölkənin inkişafına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, ekologiyanın və səhiyyənin qorunmasına, insanların daha çox yaratmasına və istehsal etməsinə xidmət edir. Təsəvvür edək ki, şəhərdə və ya kənddə əkinçi, fermer, heyvandarlıqla məşğul olan insan, tullantıları toplayan işçi, zavodda və ticarət sahəsində çalışan zəhmətkeşlər olmasaydı, ölkənin gündəlik həyatı necə olardı? Şəhərlərin küçələri zibillə dolmazdımı? Ərzaq təminatı necə həyata keçirilərdi?
Son illərdə fiziki əməyin bir sıra sahələrdə avtomatlaşdırma, mexanikləşmə, rəqəmsal texnologiyalar, süni intellekt və robotlaşdırma ilə əvəzlənməsi prosesi sürətlənib. Lakin bu, insanın həm fiziki, həm də zehni əməyinin əhəmiyyətini itirməsi demək deyil. Əksinə, texnologiyaların inkişafı əmək proseslərini dəyişsə də, insan əməyinə olan ehtiyac qalır.
Azərbaycan insanı tarixən zəhmətkeşliyi ilə seçilib. Ölkəmizdə öz əməyinə deyil, başqalarının hesabına yaşamağa üstünlük verən insanların azlıq təşkil etdiyi qənaətindəyəm. İnsanlarımız ailələrini dolandırmaq, övladlarını böyütmək və daha yaxşı həyat qurmaq üçün uzun saatlar işləyirlər. Bu da əməyə və zəhmətə verilən xüsusi önəmin göstəricisidir.
Azərbaycan xalqının zəhmətə və əməyə olan bu münasibəti ölkənin inkişafında mühüm rol oynayıb. Zaman dəyişsə də, dövlət və cəmiyyət üçün əməksevərlik, məsuliyyət və yaradıcı fəaliyyət öz əhəmiyyətini qoruyur.
1 May bir çox ölkələrdə Əmək Günü kimi qeyd olunur. Azərbaycanda da əməyin və zəhmətkeş insanların dəyərinin vurğulanması baxımından bu gün xüsusi məna daşıyır. Müəssisələrdə, iş yerlərində və müxtəlif sosial platformalarda əməkçilərlə bağlı sosial təşəbbüslər həyata keçirilir. Dövlət qurumları, Heydər Əliyev Fondu, qeyri-hökumət təşkilatları və müxtəlif ictimai təşəbbüslər sosial dəstəyə ehtiyacı olan insanlara yardım göstərirlər.
Bütün bunlar Azərbaycan cəmiyyətində əməyə, zəhmətə və zəhmətkeş insana verilən dəyərin göstəricisidir. Əmək Günü də məhz insan əməyinin, zəhmətin və əməksevərliyin cəmiyyətdəki əhəmiyyətini bir daha xatırlatmaq üçün mühüm gündür”.
Günel Fərzəliyeva

