Şuşanın “alın yazısı”na toxunmayın! – YYSİB sədri, ictimai xadim, layihə rəhbəri Aydın Xan Əbilovdan təsirli mövqe

Şuşada tarixi və təbii əhəmiyyət daşıyan qayaların, daşların və ağacların üzərinə adların, müxtəlif yazıların, işarə və şəkillərin çəkilməsi son günlər yenidən gündəmə gəlib. Şəhərin tarixi-mədəni mühitinin ayrılmaz hissəsi olan bu məkanlara müdaxilə yalnız onların görünüşünü dəyişmir, həm də gələcək nəsillərə çatdırılmalı olan təbii və tarixi mənzərəyə zərər vurur.
“Şuşanın bütövlükdə şəhər-muzeyə çevrilməsinin vaxtı çatıb”
Yeni Yazarlar və Sənətculər İctimai Birliyinin sədri, ictimai və mədəniyyət xadimi, yazıçı- kulturoloq Aydın Xan Əbilov Hafta.az-a bildirir ki, Şuşa həm Azərbaycanın, həm Qafqazın, həm də Türk dünyasının unikal incəsənət və estetik mərkəzlərindən biridir:
“İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində Şuşa uğrunda çox sayda şəhidimiz oldu. Şuşa strateji baxımdan olduqca mürəkkəb və əlçatmaz ərazidə yerləşirdi. Babalarımız da Şuşanı dağların arasında elə mövqedə salmışdılar ki, düşmənin ora çatması çətin olsun.
Bu baxımdan Şuşanın hər qarışı, hər qayası, hər daşı tariximizi və milli sivilizasiya yolumuzu özündə ehtiva edən təbii abidə, təbii yadigardır. Onların üzərinə hər hansı yazı yazmaq, ad həkk etmək yolverilməzdir. Biz buna qəti etiraz edirik. Şuşa həm də Azərbaycanın zəngin etno-kulturoloji irsinin mühüm mərkəzlərindən biridir. Ona görə də şəhər bütöv bir muzey kimi qorunmalı və inkişaf etdirilməlidir. Şuşanın yerləşdiyi ərazi, təbii qayalıqları, dərələri, çayları, bulaqları, qədim ağacları və bütövlükdə landşaftı şəhərin tarixi-mədəni mühitindən ayrılmamalıdır.
Bu baxımdan, Şuşanın bütövlükdə şəhər-muzeyə çevrilməsinin vaxtı çatıb. Burada həm təbii, həm tarixi, həm də mədəni mühit qorunmalıdır. İstər Azərbaycan vətəndaşının, istərsə də beynəlxalq turistin gəlib yazı yazması, daşları cızması və təbiiliyi pozması qəti qadağan edilməlidir.
Şuşa bizim üçün müqəddəs məkandır. Vətən müharibəsində qəhrəmanlarımız məhz burada öz qanları ilə müasir tariximizin qızıl hərflərini yazıblar. İndi isə kiminsə hansısa qara marker və ya digər vasitə ilə qayaya öz adını yazaraq iz qoymağa çalışması bu müqəddəsliyə ziddir.
Şuşa insan deyil ki, ona tatu vurasan. Bu, təbiətin qoynunda yerləşən, öz tarixi və mədəni yaddaşı olan şəhərdir. Onun qayalarında, meşələrində, bulaqlarında artıq Şuşanın öz “yazısı”, öz “alın yazısı” var. Həmin yazını qorumaq lazımdır”.
Onun fikrincə, insanlara izah etmək lazımdır ki, Şuşada özündən iz qoymağın ən doğru yolu qayaya ad yazmaq deyil. Kiminsə iz qoymaq arzusu varsa, bunu yaxşı əməllə edə bilər. Məsələn, dağıdılmış bulağı bərpa edə, ağac əkə, ekoloji və mədəni aksiyalarda iştirak edə bilər.
Şuşanın işğal dövründə çoxsaylı tikililəri dağıdılıb, ağacları kəsilib, meşələri və bulaqları zərər görüb. İnsan istəyirsə, həmin ərazilərin bərpasına töhfə verə bilər. Dövlət tərəfindən bunun üçün müəyyən imkanlar yaradılarsa, görülən işlə bağlı məlumatlandırıcı lövhə də yerləşdirilə bilər. Belə iz daha qiymətlidir və əsrlər, nəsillər keçsə də, həmin xeyirxah əməli xatırladacaq:
“Şuşanın təbiiliyini və qədimliyini qorumaqla biz həm öz tariximizə hörmət edirik, həm də gələcək nəsillərə əvəzsiz miras ötürürük. Şuşa Azərbaycanın qəlbidir və bu qəlbin üzərinə öz adımızı yazmaq yox, onu qorumaq bizim əsas vəzifəmiz olmalıdır”.
“Şuşanı sevmək onun daşını cızmaqla ölçülmür”
Şuşa şəhər sakini, Yeganə xanım Şuşada tarixi əhəmiyyət daşıyan daş və qayaların üzərinə müxtəlif yazıların, adların, işarə və şəkillərin çəkilməsini pisləyib.
Şuşa sakininin sözlərinə görə, şəhərin hər daşı, hər qayası onun tarixi yaddaşının bir parçasıdır və bu irs göz bəbəyi kimi qorunmalıdır.
“Şuşa bizim göz bəbəyimizdir. Onu göz bəbəyimiz kimi qorumalıyıq. Keçən illəri yada saldıqca bu gün gördüyümüz bəzi mənzərələr heç də ürəkaçan deyil. Düzdür, insanları çox da qınamayacağam. Onlar istəyirlər ki, Şuşada xatirələri qalsın, şəhəri bağırlarına bassınlar, özlərindən bir iz qoysunlar. Amma bu, daşları cızmaqla, üzərinə yazılar həkk etməklə, hətta şəhidin adını daşa yazmaqla olmur”, – deyə o bildirib.
Şuşa sakini hesab edir ki, bəzi hallarda insanların şəhərə olan sevgisi düzgün istiqamətlənmədikdə belə hallar meydana çıxır.
“Demirəm ki, həmin yazını yazan insanlar torpağını, Şuşanı sevmirlər. Bəlkə də bu, onların məhəbbətinin bir təzahürüdür. Amma insan yazını yazarkən bir az düşünməlidir. Mən insanlarımızdan xahiş edərdim ki, Şuşaya gedərkən, o mənzərəni seyr edərkən və özündən bir iz buraxmaq istəyərkən bir dəfə dayansın və düşünsün: bu, sadəcə daş deyil, Şuşanın bir parçasıdır. Mən onu cızıramsa, üzərinə yazı yazıramsa, deməli, həmin tarixi yadigara zərər vururam. Özündən yaxşı iz yox, əksinə, korlanmış bir görüntü qoyuram”, – deyə Şuşa sakini vurğulayır.
O, xüsusilə Şuşanı ziyarət edən azərbaycanlılara bu məsələdə daha həssas olmağı çağırıb.
“Bir Şuşalı kimi Şuşaya zəfər edən hər bir azərbaycanlı qardaş və bacıdan xahişim budur: belə bir hərəkət etmək istəyəndə dayansın, düşünsün və nə etdiyini anlasın. Təsəvvür edin, biz bu 30 ildə Şuşasız nələr çəkdik. Şuşasızlığın nə olduğunu yaşadıq. Çox ağır idi. Allah heç kəsi vətənsiz, yurdsuz qoymasın”, – o qeyd edir.
Şuşa sakini şəhərin qayalarına və daşlarına baxarkən ilk növbədə bu torpağın azadlığı uğrunda canından keçən qəhrəmanların xatırlanmalı olduğunu bildirib.
“Mən şəhidlərimizin qarşısında baş əyirəm. O qayalara əliyalın, silahsız çıxan igidlərimiz var. Onlar artıq öz izlərini orada qoyublar. Biz o qayaya, o daşa, o cığırlara baxanda qəhrəman igidlərimizi, qazilərimizi, şəhidlərimizi düşünməliyik. Şuşanı sevmək onun daşını cızmaqla ölçülmür. Şuşanı sevmək onun yaralarını sarmaqdır, ona yeni yara açmaq deyil”, – deyə Şuşa sakini əlavə edir.
Tahirə Qafarlı
https://hafta.az/susanin-alin-yazisina-toxunmayin!-426515-xeber.html

