Səhnədə ucalan ömür: Əliyar Hüseynov. – Leyla Məcidova yazır
İnsan ömrünün hər günü bəşəri duyğularla, səhnə işığı ilə, sonsuz sevgi və müdrikliklə zənginləşərək canlı bir incəsənət əsərinə çevrilir. Sənətinə, dövlətinə, xalqına təmənnasız bağlılığı, fitri istedadı, təvəzükarlığı və rəhimli qəlbi ilə ətrafındakı hər kəsin sevgisini qazanmış Dağıstan Respublikasının Əməkdar artisti, parlaq aktyor və gözəl səsli müğənni Əliyar Hüseynovun həyat yolu məhz belə qürurverici, nümunəvi ömür dastanlarındandır.
Əliyar İnşalla oğlu Hüseynov 1961-ci il avqustun 25-də Əli-Bayramlı rayonunun Qarasu kəndində işıqlı dünyamıza göz açıb. Hələ uşaqlıq illərindən daxilindəki sənət alovu, insanlara olan hədsiz mərhəməti və müdrik baxışı onun gələcəkdə böyük bir sənətkar və örnək insan kimi yetişəcəyindən xəbər verirdi. 1968-ci ildə Salyan rayonu 6 saylı orta məktəbin 1-ci sinfinə qədəm qoyan Əliyar müəllim, 1978-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. O, ilk ali peşə təhsilini texniki sahədə alaraq 1978–1983-cü illərdə Ak. F. Ə. Məlikov adına kənd təsərrüfatı texnikumunu “Texnik-mexanik” ixtisası üzrə başa vursa da, daxilindəki tükənməz musiqi və teatr sevgisi onu hər zaman mənəviyyatın və incəsənətin zirvələrinə səsləyirdi.
1983-cü ildən etibarən onun ruhuna hakim olan nəğməkar aləm rəsmi əmək fəaliyyətində də öz əksini tapdı. 1983–1993-cü illərdə Salyan rayonu Ə. Quliyev adına Mədəniyyət evində solist-müğənni kimi çalışan Əliyar müəllim, öz bənzərsiz səsi, məlahətli ifaları və səhnə mədəniyyəti ilə minlərlə insanın qəlbinə yol tapdı. Lakin onun sənət yolu bununla məhdudlaşmırdı. 1993-cü ildə Derbənd Azərbaycan Dövlət Dram Teatrına aktyor kimi dəvət olunması onun həyatında yeni, möhtəşəm bir səhifə açdı. Səhnədə yaratdığı koloritli, dərin psixoloji və təsirli obrazlar geniş tamaşaçı auditoriyasının, teatr tənqidçilərinin böyük rəğbətini qazandı. Göstərdiyi yüksək xidmətlərə, teatr sənətinin inkişafındakı əvəzsiz payına görə o, Mədəniyyət Nazirliyi və Derbənd Şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə fəxri diplomlara layiq görüldü.
Əliyar Hüseynov sənətdə nə qədər mükəmməlliyə can atırdısa, mənəvi inkişafda da bir o qədər əzmli idi. O, artıq tanınmış sənətkar olmasına baxmayaraq, təhsilini davam etdirməyi özünə borc bildi. 2001-ci ildə Dərbənd şəhər musiqi texnikumuna daxil olaraq 2005-ci ildə aktyorluq ixtisasını bitirdi. Sənətdəki yüksək nailiyyətlərinin məntiqi nəticəsi olaraq, 2005-ci ildə ona “Dağıstan Respublikasının Əməkdar artisti” fəxri adı verildi. 2008-ci ildə Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının üzvü seçilən ustad aktyor, 2012-ci ildə Dağıstan Dövlət Universitetinin aktyorluq şöbəsinə daxil olaraq ali teatr təhsilini daha da dərinləşdirdi. 2015-ci ildən etibarən isə öz zəngin təcrübəsini Qusar Dövlət Ləzgi Dram Teatrında aktyor kimi davam etdirərək tamaşaçıların zövqünü oxşamağa başladı. Eyni zamanda Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi dövlətinə, xalqına, milli-mənəvi dəyərlərimizə hər zaman sədaqətlə xidmət etdi.
Lakin Əliyar Hüseynovun ömür kitabının ən bənzərsiz, ən romantik və gözəl səhifəsi onun şəxsi həyatı, ruh əkizi olan həyat yoldaşı Laləzər xanımla qurduğu müqəddəs ailə ocağıdır. İkisi də incəsənət fədaisi, ikisi də teatr sevdalısı olan bu iki gəncin tanışlığı böyük, əfsanəvi bir sevgiyə çevrilmişdi. Laləzər xanım bu gün Lənkəran Dövlət Dram Teatrının rəhbəri, daxili aləmi çox həlim, müsbət enerjili, dostcanlı, ətrafına hər zaman təbəssüm və işıq saçan fədakar bir xanımdır. Onların sevgisi o, qədər coşğun və qarşısıalınmaz idi ki, talelərini birləşdirmək qərarı alarkən sevdiyi bəy Əliyar müəllim Laləzər xanımı qaçıraraq bu alovlu məhəbbəti əbədiləşdirdi.
Bu cütlüyün sevgisi sadə bir hissdən ibarət deyildi,o, çətinliklərə sinə gərən, çiyin-çiyinə addımlayan bir mənəvi dostluq idi. Onlar ailə qurduqdan sonra belə elmin, sənətin arxasınca getməkdən geri durmadılar. Tələbəlik illərinin ən şirin, ən qayğısız çağlarını artıq evli bir cütlük kimi, bir-birinə dayaq olaraq yaşadılar. Gündüzlər təhsil alan, gecələr sənət haqqında xəyallar quran, bir-birinin uğuruna uşaq kimi sevinən bu iki gənc, teatr dünyasında əsl nümunəvi ailə tablosu yaratdılar. Bu gün də hər ikisi Lənkəran Dövlət Dram Teatrında çiyin-çiyinə çalışır, səhnəyə və həyata birgə ruh verirlər.
Əliyar müəllim və Laləzər xanımın bu müqəddəs nikahdan iki oğul övladı dünyaya gəlmişdir. Əliyar müəllimin evində hökm sürən samimiyyət, mərhəmət və təvəzükarlıq mühiti övladlarının da tərbiyəsində özünü aydın göstərmişdir. Bu evdə gəlinlər sadəcə evə gələn bir qonaq deyil, doğma qız kimi, rəfiqə kimi, ən yaxın dost kimi qarşılanmış və sevilmişdir. Bu ailə tablosu böyüklərə ehtiramın, kiçiklərə qayğının, sonsuz sevginin və qarşılıqlı hörmətin ən parlaq təcəssümüdür.
Əliyar Hüseynov geniş qəlbə, nəcib xasiyyətə malik dostcanlı bir insandır. O, dostluğun qədrini bilən, dar gündə əl tutan, sevinci və kədəri bölüşməyi bacaran rəhimli bir ağsaqqaldır. Onun vətənpərvərliyi, xalqına olan sonsuz sevgisi və dövlətçiliyə bağlılığı təkcə səhnədə tərənnüm etdiyi obrazlarda deyil, gündəlik həyatında, insanlarla ünsiyyətində də özünü qabarıq göstərir. O, öz sadəliyi və təvəzükarlığı ilə hər kəsin qəlbində taxt qurmuşdur.
Bu yaxınlarda Əliyar müəllimin mübarək doğum günü tamam oldu. Bu əlamətdar gün münasibətilə böyük sənətkara, müdrik insana, xalqının sevimli övladına həyatın ən şirin neməti olan möhkəm can sağlığı, uzun, bərəkətli ömür və tükənməz yaradıcılıq uğurları arzulayırıq. Qoy səhnənizin işığı, qəlbinizin nuru və Laləzər xanımla birgə addımladığınız bu sevgi yolu hər zaman işıqlı və fərəhli olsun! Yubileyiniz, yeni yaşınız mübarək olsun, dəyərli Əliyar müəllim!

Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin müəllimi,
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

