Çağdas Azərbaycan incəsənətində nə baş verir: qalmaqallar nə ücun artıb? Arifə Əliyeva yazır

Söz vaxtına çəkər, bildir bu vaxt idi Azdrama qalmaqalı, srağa gün də Opera və Baletin tüstüsü çıxmağa başladı. Dünya şöhrətli, mələk üzlü sənətkardan heç gözləməzdim, amma mənim bu dalağım sancmasın da. Sənətkar direktor təyin olunanda fikirləşmişdim ki, bu adam Bakıda oturacaq? Bolşoy Teatrın ən xod gedən qastrolyoru bizim xudmani teatrla məşğul olmağa vaxt tapacaq? Bir-iki ay əvvəl həftənin beş günü teatrın yanından keçirdim, fikirləşirdim ki, hasarı nə vaxt söküləcək, təmiri nə vaxt bitəcək, nə əcəb Vyanada Operamızdan böyük evi olan sənətkar təmirin belə uzanmasına səbrlənir?
Deməyəsən, şöhrətli soydaşımız milli teatrımızı bir rusa tapşırıbmış. Mən də tolerantam, amma məsələn, rusların çəkdikləri ” Hərb və sülh”lə amerikalıların ekranlaşdırdıqları eyni adlı film arasında fərq çoxdur. Eləcə də rus aktrisasının Anna Kareninası amerikalı həmkarının Anna Kareninasından daha tolstoyçudur. Musiqiyə tərcümə lazım deyil, amma direktorun təyin etdiyi rus Arif Məlikovun əsərini qayçılamaqdan çəkinməyib. Bizim milli dirijorumuz bu haqsızlığa dözməyib, hələ iki il əvvəl ərizəsini yazıb işdən çıxıb. Halal olsun. Belə başa düşürəm ki, o vaxt meydanda tək qalıb, həmkarları onu dəstəkləməyiblər. Mənə o qədər tanışdır bu durum… Atalara qurban olum, deyiblər, başına gələn başmaqçı olur, bu dəfə digər sənətkarların da başına gəlib, “qarışmıram” deyənlər qarışıblar bir-birinə. Dünən Mədəniyyət Nazirliyi dünya şöhrətli sənətkar-direktoru, necə deyərlər, qırmızı xalı üzərinə dəvət edib. Ucundan-qulağından bu gün xəbər çıxar. Bütün günü Xoşqədəmə, Zaurlara baxan vətəndaşlarımızı qınayırıq. Mədəniyyət ocaqlarımız əldən gedir, eynimizə deyil, ziyalılarımız cılızlaşır, üzdə bircür, arxada başqacür danışan, davranan nə qədər oxumuş, mədəni zənn etdiyimiz insanlar tanıyıram, cəmiyyətdən sıtqım sıyılır. Nə olub bu insanlara, nədən çəkinirlər, nəyi itirməkdən qorxurlar? Yəni ləyaqətdən, şərəfdən qiymətli nəsə var? Onsuz yaşamaq mümkündürmü?
Heç yazmaq həvəsim yoxdu, öz paylaşımımdan təsirləndim. İnşallah gələn il belə bədbəxtçiliklə qarşılaşmarıq. “İncəsənət xalqa məxsusdur, dünyanı gözəllik xilas edəcək” şüarlarını niyə yığışdırdıq axı?!

***

Artistlər, aktyorlar təkcə teatrda-kinoda olmur, həyatda elə insanlar gördüm ki, kaş səhnədə, kinoda oynayaydılar, dedim, bu cür istedadı batırıblar. Doğrusu, insanların çoxunda aktyorluq qabiliyyətinin olduğunu 50 yaşıma çatanda anlamağa başlamışam. İnsanların şəxsi mənfəətləri üçün buqələmunu necə arxada qoyduqlarını indi göydə tuturam. Teatrda qalmaqal var, həyatda olduğu kimi. Cəmiyyət bölünməyə dünəndən hazır. İstedadlı birini yıxmaq istəyirlər deyənlərin tərəzisi ağır gəlir, tanınmış insanlar özlərini o istedadlının talantdaşı hesab edirlər. İstedadlının tabeliyində çalışan narazıların da kifayət qədər tərəfdarı var, amma etiraf etmək lazımdır ki, əksəriyyət mənim kimi teatra 3 ildə, 5 ildə bir dəfə gedən, televiziyada xəbərlərə baxıb, həmən ekrandan uzaqlaşan insanlardır. Gündəm olan istedadlının repressiya haqqında televiziya filminə maraqla baxmışam və televiziyamızda bir yenilik kimi dəyərləndirmişəm. Şükür, biz də Rusiya tv-ləri kimi ciddi bir iş görməyə başlamışıq, demişəm. Doğrusu, istedadlı müəllifin aparıcılığından birtəhər olmuşdum, hər şərdə bir xeyir görmək xasiyyətimdən dolayı, bunu da mövzunun ağırlığına bağlamışdım. İstedadlının istedadına şübhə etmək günah olardı. Bir müddət sonra istedadlının şəxsi həyatı gündəm oldu, şəxsən mən “bizə nə, insanların şəxsi işlərinə qarışmaq ədəbsizlikdir” deyib, keçmişdim. Bir neçə ay əvvəl bir video çıxdı qarşıma, bir gənc sənət adamı istedadlının istedad və insanlıq səviyyəsini ölçüb-biçirdi. O dəqiqə repressiya haqqındakı telefilm yadıma düşdü, “aaa, heç gözləməzdim”, desəm də istedadlının simasındakı bozluqdan dalağımın sancdığı yadıma düşmüşdü. Sonra bir nəfər əliqələmli bu istedadlının kobudluğundan və mənim üçün yeni olan xüsusiyyətindən danışdı. Aha, şəxsiyyət və sənət məsələsi. Sənəti ilə şəxsiyyəti vəhdət olan insanlara sayğım sonsuzdur və mənim üçün ən böyük istedad elə şəxsiyyət olmaqdır. Doğrusu, təəssüfləndim. O cür istedadlı insan niyə belə edir axı? Az keçmədən istedadlının rejissorluğu ilə böyük dramaturqumuzun dram əsərinin premyerası haqqında rəsmi xəbər paylaşıldı. Premyerada yüksək dövlət məmurları da varmış. Gizlətsəm, mən də oyunçu olaram, ürəyimdə dedim ki, 1:0 istedadın xeyrinə. Daha buna zaval yoxdur. Ağır çəkili istedad tərəfdaşları bu premyeradan xəbərdar olmamış olmazlar. Gündəmdə yenə istedad və ondan narazılar var. Cəsarətlilər, cəsarətsizlər, biganələr, bitərəflər qarışıb bir-birinə. Gözümlə görməmişəm, qulağımla eşitməmişəm, obyektiv ola bilmərəm. Ona görə də ad çəkmirəm, tərəfdaşlıq etmirəm, sözümün canı odur ki, istedadlıdır deyə, kimsə kimisə əzə bilməz, təhqir edə bilməz. Rəhbərlik bacarığı da ayrı bir talantdır, yoxdursa, insanların taleyilə oynamaq olmaz. Yüksək ranqlı tərəfdaşlar və istedadlının tərəfdaşlarına xoş gəlmək istəyənlər konfliktin üstünə su səpməyə çalışsalar, Allaha da xoş gedər, bəndəyə də. İstedadı tərifləmək hələ ədalətli olmaq demək deyil, zərərdidələri haqsız çıxarmaq heç kimə şərəf gətirməz. Bu teatrdakı olaylar necə də cəmiyyətimizi əks etdirir… Müdirindən, müdirinin katibəsindən, katibəsinin sürücüsündən qorxan oyunbazlar, itirəcəyiniz çox olsa, 500-600 manatdır, insanlığınızın dəyəri bu qədərdirsə, əzildikcə-əzilin. Amma şəxsiyyətini əzdirməyənlərə də mane olmayın. O bayaq xatırlatdığım telefilmdəki repressiyaları törədənlər repressiyalara məruz qalmadılarmı? Türklərin bir sözü var, bizim aparıcılar şitini çıxarıblar, amma həyat göstərir ki, yaşatdığını yaşamadan bu dünyadan köçməzsən. Oyun da, oyunbaz da bir yerə qədər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir