Dolan və boşalan həyatı bəzəyənlərdən idi, ömür-gün yoldasım… Arifə Əliyeva yazır
Bakının qışı gözümə durmaz, soyuq baharı səbrimi kəsər. Bu ilin ilıq martı məni yaman qorxudurdu. Bir dəfə bir həkimdən eşitmişdim ki, bir yazda, bir də payızda xəstəliklər aktivləşir. Ailəmizin atası yeddi il əvvəlin yazında şəkərin acısını dadmışdı. Ardınca ürək “üzünü” göstərmişdi, onu yola gətirməyə çalışanda, adı ölümlə sinonimləşən onkologiya da səxavətini əsirgəməmişdi. Ürəkdən öncə onunla dil tapmalı idik. Ortopedin bıçaq yarası sağalan kimi onkoloq-cərrah işini gördü. Əli yüngül oldu. Ürək əməliyyatının vaxtı çatmamış korona başımıza çıxdı. Ata üçün çox narahatdıq, amma elə oldu ki, xəstəxanada o mənim qulluğumda dururdu. Bu savaşdan çıxıb yenidən Mərkəzi Klinik Xəstəxanaya üz tutduq. Professorun assistenti dilimdən iltizam istədi, “hər şeyə hazır olun”, dedi. “Sona qədər gedəcəyik, Allah kərimdir”, dedim, kağızı imzaladım. Ən qorxduğum şey xəstəxana qapısında həkimdən cavab gözləməkdi. 1980-ci ilin yazında xəstəxana qapısında ciyərim dağlanmışdı, 83-də bir də, 99-da üçüncü dəfə. İndi qaydalar dəyişmişdi, xəstəxanaya buraxmadılar, maşında gözlədim, heç fərqi yoxdur, eyni şeydi. Əməliyyatdan sonra professor ataya ürək-dirək verib demişdi ki, əməliyyat uğurlu olub, xəstəmiz ürəkdən deyil, böyrəkdən öləcəkmiş. Ata azar-bezardan qorxan deyildi, dəhşət zarafatcıl idi, dediyini zarafata saldıq. İki il sonra böyrəklər ” biz də vardıq, amma indi yoxuq” notasını göndərdilər. Gecəyarı oğlumuz bütün xəstəxanaları gəzdi, sovet vaxtı məşhur mehmanxanalardakı kimi, “yer yoxdur” deyib, yola saldılar. Gömrük Xəstəxanası sığortaya bağlanmadığı üçün nisyə girməz kisəyə şərtilə xəstəmizin həyatını qurtarmağa cəhd etdi. İnsafən ölünü də dirildirlər, amma yiyəsi kasıb olmamalıdır. Ata ilk dəfə burada homodializ aparatına qoşuldu. Peşəkar olmaqla yanaşı, insaflı həkimlərə rast gəlmişdik, sənədləri hazırlayıb sığortalı xəstəxanaya keçməyini məsləhət gördülər. Bu vaxt damarları dəyişilmiş ürəyin əzələləri etibarsız çıxdı. Elə Gömrük Xəstəxanasında ürəyə stimulyator qoşulmazsa letal sonluq ola biləcəyini bildirdilər. Bu işə Avrasiya Hospitalı baxırmış, amma
sovetin 1 manatlıq dəmir pulu böyüklüyündə 10000 manatlıq cihazın sığorta haqq-hesabı Kardioligiya İnstitutinda həll olunurmuş. Ayaqüstə güclə duran ata ilə buraya gələndə mən şok keçirdim. Qapıda bir ordu adam vardı. Növbə mədəniyyəti ən başlıca problemimiz olduğundan fikirləşdim ki, mən bu səddi heç zaman yara bilməyəcəyəm. Mənim də ən böyük problemim etikadan kənara çıxmamaq olduğu üçün ağlamaq dərəcəsində idim. Axır ki, dözməyib növbə dışında var-gəl edən mühafizəçiyə yaxınlaşdım, I qrup əlil və müharibə veteranları üçün imtiyazın olub-olmadığlnı soruşdum. “Həkimlərlə danışın”, dedi. Həkimlər “növbəzədələrlə razılaşln”, dedilər. İltimas etdim, hərbi geyimli cavan bir oğlan hamıdan qabaq dilləndi:”Buyurun keçin”. Xalqımızın hərbçiyə sayğısını əyani gördüm. Kimsə etiraz etmədi. Həkim otağında da az adam yox idi, sənədləri həkimə verdim, qollayıb növbəti masaya ötürdü. Bir tıxac da burada vardı. Yerimdə donub qalmışdım. Birdən qapı açıldı və oğlumuz içəri girdi. Bildim ki, xilas olmuşuq. “Mama, sən çıx”, dedi. Az sonra özü də çıxdı. Məsələni həll etmişdi. Evə çatanacan deyindim. Ölüm-dirim mücadiləsi verən xəstələrə bu nə zülümdür verirlər? Bu prosedurlar bir mərkəzə cəmləşdirilə bilməzmi? Cihaz o pula dəyərmiş, xəstəmizin ürəyi saat kimi işləməyə başladı. Biz də dərindən nəfəs aldıq. İki il sığortalı dializ davam etdi. Təbii ki, azərbaycanlı mentalitetimizə zaval dəyməmişdi, xəstəmizə canla-başla xidmət edən personala təşəkkür etməyi borc bilirdik. Atanın imtahanı, bizim sınağımız bitməmişdi. Ayağında qanqrena başladı, bir barmaqla qurtuldu. Sonra katetri dəyişərkən qanına infeksiya saldılar. Ən gərgin ayımızı başa vurhavurda elə evin içində yıxılıb fəqərəsini iki yerdən sındıran xəstəmiz bir daha ayağa qalxa bilmədi. Otağın birini palataya çevirdik, dializ aparatı quraşdırdıq. TƏBİB-in sığorta səxavəti burada bitdi. Onda anladım ki, evdə ölən xəstələr pulsuzluqdan ölürlər. Bütün büdcəmizi səfərbər etdik və atanın yanında xəcalətli qalmadıq. Arada bir-iki addım atmasını saymasaq, sentyabrda uzandığı yataqdan martın sonuncu mülayim saatlarında əbədi yuxuda ikən əllərdə qaldırıldı və yağış başladı. Adını daşıyan nəvəmiz “nənə, dədə üçün Allah da ağlayır” deyəndə həyat gözümdə tarmar oldu…
Bacılarım, qardaşım övladları ilə yanımdaydılar, qürbətdəki balalarım, nəvəm ilk təyyarə ilə özlərini yetirdilər. İlk naləmə qonşularım hay verdi, ardınca oğlumun rəisi, xidmət yoldaşları, dostları gəldilər. Bacım gədər sevdiyim xalası qızı həyat yoıdaşı ilə gəldi nə gəldi… Vaxtilə sıravi ədliyyə işçisi olmuş indi yüksək vəzifəli general dostu bir az ləngidiyi üçün üzrxahlıq etdi. Qohum-əqrəba axışdı…
Bir gün sonra yağış möhlət verdi, atanı babama tapşırdıq, indi yanaşı uyuyurlar.
Dünən üçü idi. Bakını sel aparırdı. Özlüyümdə fikirləşirdim ki, kim gəlməsə, umu-küsü etməyəcəyəm. Amma bilirdim ki, dünya dağılsa da Firuze xanım gələcək. Feride xanım sağ olsun, Firuzə xanıma yoldaşlıq etmişdi. Əlli il əvvəl tanıdığım və bu günədək vəfasını gördüyüm Ofeliya xanım Babayeva mütləq gələcəkdi və gəldi. Bilirdim ki, Reshad müəllim gələcək, gəlməsini istəyirdim, sağ olsun, gəldi. Əlli illik dostum, ailəmizin qoruyucu mələyi Elmira Axundova “Arifə, bilirsən, həmişə yanındayam, bunu unutma”, dedi. Deməsəydi də, bilirdim ki, məndən keçən yeri yoxdur. Elmira dözmədi, mollabacıdan icazə alıb, çıxış elədi. Elmira sadə, xeyirxah insandlr, birgə isti xatirələrimiz var, ailəlikcə sıx ünsiyyətimiz var. Bilirdim Narıngül etibarsız çıxmaz, Xatire gələcək, Məlahətdən bir az incikliyim vardı, amma etibarll insanların cərgəsində olduğunu isbat etdi. Köhnə qonşu, köhnə dost Nazim Əhmədli gözəl xanımı, ağıllı balaları ilə yanımızda idi. Umud qonşum xanımı Khalida və övladları ilə gəlmişdi. Tələbə yoldaşlarım Şövkət, Şəfəq, Bikakhanim, Aybenizin gələcəklərinə əmindim. Komandirimizdən nə əcəb, gəlmədi, mütləq ciddi bir səbəb vardır. Övladlarımın məktəb, tələbə, iş yoldaşları, mingəçevirli qohumlarımız dərdimizə şərik olmağa gəldilər. Azərbaycanın ən gənc generallarından birinin anası, yaxın qohum səhhətindəki nasazlığa baxmayaraq yanımızda idi. Almaniyadan, ABŞ-dən, Türkiyədən, İngiltərədən, Avstraliyadan, Rusiyadan gələn başsağlığı zəngləri, təsəlli sözləri dünyanın əslində kiçik, insan ürəyinin nə qədər geniş olduğunun ifadəsi idi. Sosial şəbəkədə yazan qələm yoldaşlarımın saysız-hesabsız təsəlli sözlərinə nə qədər ehtiyacım varmış, sağ olsunlar, bunu məndən əsirgəmədilər. Yeddi ildə daxili telefonla belə xəstəmin hallnı sormayan etibarsızların saxta başsağlıqlarını qəbul etməyəcəkdim, yaxşı ki, varlıqlarını hiss etdirmədilər və bir daha qarşılaşmamağı Allahdan diləyirəm.
Ömür-gün yoldaşım dünyanın ən xeyirxah insanı idi, çox səxavətli idi, deyirlər ha filankəs son tikəsini bölər, xeyr, İlqar özü yeməz, son tikəsini verərdi. Onun sonsuz fədakarlığından usanırdım arada, əsas ailəndir, deyirdim, pulunun qədrini bil deyirdim, onu dəyişməyə çalışırdım. Hamısı bihudə. Nüvəsində xeyirxahlıq , insanpərvərlik fontan vuran bir insana mənim sözüm kar etməzdi. Hamını sevirdi, özü də istəyirdi ki, hamı onu sevsin. Atası kimi küsəyən idi, tez qırılırdı, həm də çox cəsur idi, mərd idi, qeyrətli idi. Böyüklərdən-kiçiklərdən çox üzr istəyərək bir söz demək istəyirəm, onu tərif etmək üçün yox, gənclərə bir örnək olsun deyə. Həyat yoldaşı barədə mənin ciddi tələblərim vardı, İlqar mənim fantaziyama uymurdu. İzdivaca qəti etiraz edir, “həyatda olmaz”, deyirdim. Amma o geri çəkilmədi. Elçilərinə yox dediklərimə rəğmən, qaçıb başqa qızla evlənmədi, fikrindən dönmədi. Oğlanlar var, qıza “sənsiz yaşaya bilmərəm” deyib, yox cavabı alanda arı kimi başqa gülə qonurlar. Elələrindən nə ailə başçısı olacaq? İlqar köhnə kişilər kimi eşq-məhəbbətdən danışmadı, göydə ulduz vəd etmədi, gözümə görünmədi, sonralar dedi ki, arxanca gəlirdim, ömrümə bir gün də qalsaydı gözləyəcəkdim. Mən də deyirdim ki, sən çaldın.Məni heç vaxt tərifləmədi, istəklərimin birini yerinə yetirdi, onunu başqalarının xeyrinə fəda etdi. Mənə ərk edirdi, Arifə ummaz-küsməz sanırdı. Amma son günlərində “ver əllərini öpüm”, deyirdi. Humay deyir ki, yadındadı, ana (İlqarın anası) da xəstə olanda sənin əlindən öpmək istəyirdi”.
Dünən İlqarın beş yüzəcən qonağı gəlmişdi. Beş gündür insanlar İlqar haqqında xoş sözlər deyirlər, xeyirxah əməllərindən danışırlar, cəsarətindən, bacarığından söz açırlar. Dünən onun anım mərasimi bitəndən sonra da insanlar zalı tərk etmək istəmirdilər. Mollabacı ehsan süfrəsi yığılandan sonra da Qurani-Kərimi bağlamadı, oxuduqca-oxudu. Masalara xidmət edənlər yorulmadan çay gətirir, gecikənlər üçün süfrə bəzəyirdilər. Ürəyimdə deyirdim, “İlqar, kaş görə biləydin, qonaqpərvər idin, qonaq gələndə qanımı içirdin, “cürbəcür yemək bişir, həm də bol olsun”, deyirdin. Məclisin eynən sənin istədiyin kimiydi, sənin həyat tərzinə, kişiliyinə layiq idi. İndiyədək səninlə fəxr etməmişdim. Mələkdir, demişdim dost-tanışa, amma üzünə tərifləməmişdim, sən məndən tərif gözləyirdin, mənsə, insafsız mükəmməlçi bircə dəfə ad günündə ailəmizin votsap qrupuna yazdım ki, sən yaxşı ata, super babasan. Çox sevinmişdin, həmin gün kefin kökəlmişdi. İlqar, sən dünyanın ən vəfalı ömür-gün yoldaşı idin, sən mənə görə özünü oda atar, güllə qabağına verə bilərdin, ehtiyacım olsa, ürəyini çıxarıb verə bilərdin. Mən bunu bilirdim, niyə bildiyimi sənə bildirmədim? Amma son vaxtlarda sən də anlamışdın bildiyimi, birbaşa bildirmirdin, mən bilirdim.
Ömrümün 42 illik kitabı bağlandı. O kitabı tam oxuya, təhlil edə bilmədik. Başımız uşağa-köşəyə qarışdı, özümüzə vaxt ayıra bilmədik. Təqaüdə çıxmağımızı gözləyirdik, deyəsən, o da qismət olmadı. Allah möhlət versə, sənin şəxsiyyətini təhlil edəcəyəm, səni daha dərindən tanımağa çalışacağam. Nüsrət Kəsəmənli bizə bir dilək diləmişdi: bir-birinizə marağınızı heç vaxt itirməyəsiniz. Sən mənim maraq obyektim olaraq qalacaqsan. Məncə, sən cənnətə düşəcəksən, cəhənnəmə düşsən də, sənin olduğun yerdə olmaq istərəm. İnşallah görüşənədək…

