Ənənə yox olur, yoxsa dəyişir? – Novruzun müasir taleyi haqqında. – YYSİB sədri, ictimai xadim, yazıçı-kulturoloq Aydın Xan Əbilov


“Gənc nəsil arasında bəzən Novruz adətlərinə maraq zəifləsə də, xaricdə yaşayan azərbaycanlılar Novruz ənənələrini daha fəal şəkildə qoruyur və təbliğ edirlər. Diaspor təşkilatları vasitəsilə Novruz bayramı, onun mətbəxi, rəqsləri və mərasimləri dünya ictimaiyyətinə təqdim olunur”.

Bu sözləri “Yeni Sabah”a eni Yazarlar və Sənətçilər Qurumunun sədri, ictimai və mədəniyyət xadimi kulturoloq Aydın Xan Əbilov deyib.

Kulturoloq qeyd edib ki, Novruz bayramından öncə gələn çərşənbələr qədim dövrlərdə insanlar üçün həm də praktiki əhəmiyyət daşıyıb:

“Novruz bayramı Azərbaycan xalqının əsrlər boyu keçdiyi zəngin sivilizasiya və mədəni inkişaf yolunu özündə əks etdirən, eyni zamanda, müxtəlif dünyagörüşlərini birləşdirən mühüm mərasimlər toplusudur. Babalarımızın və nənələrimizin nəsildən-nəslə ötürdüyü bu ənənələrdə əkinçilik, həyat tərzi, sağlamlıq, qidalanma, şənlənmə, sosiallaşma və qarşılıqlı yardımlaşma kimi sahələr üzrə formalaşmış bilik və təcrübələr cəmlənir.

Bu baxımdan ilaxır çərşənbələr xüsusi əhəmiyyət daşıyır. Qışın sonundan başlayaraq Novruza qədər dörd çərşənbə qeyd olunur və bu mərhələlər mövsümün dəyişməsini ifadə edir.

Bu çərşənbələrlə bağlı etnoqraflar və tarixçilər tərəfindən müxtəlif fikirlər irəli sürülüb. Bununla belə, mövzu hələ də geniş tədqiqata ehtiyac duyur. İlaxır çərşənbələrin 4 olmasının səbəbi onların yel, hava, od və torpaq kimi təbiət ünsürlərini əhatə etməsi ilə izah olunur. Bu ünsürlər vasitəsilə insanlar mövsüm dəyişikliklərini, əkinçilik dövrünün başlanmasını və hətta gələcək ilin hava şəraitini müəyyən etməyə çalışıblar.

İnsanlar bu çərşənbələrdəki hava şəraitinə baxaraq ilin necə keçəcəyini proqnozlaşdırır, hansı bitkilərin əkilməsinin daha səmərəli olacağını müəyyən edirdilər. Taxıl, arpa məhsuldarlığı, suyun bolluğu və ya qıtlığı, heyvandarlığın vəziyyəti kimi məsələlər əvvəlcədən bu müşahidələr əsasında dəyərləndirilirdi. Bu baxımdan ilaxır çərşənbələr zəngin bilik və təcrübə mənbəyi hesab olunur”.

Onun sözlərinə görə, Novruz ənənələri mərasimlərlə yanaşı, qidalanma, sağlamlıq və sosial dəyərləri də əhatə edir:

“Torpaq çərşənbəsi digər çərşənbələrdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Tarixən məhz bu çərşənbə daha geniş şəkildə bayram edilib. Onun süfrəsində adətən ət yeməkləri yer almazdı. Bu da yaz mövsümündə insanların qidalanma prinsipləri, bədənin vitamin və minerallara olan ehtiyacının ödənilməsi ilə bağlı düşüncələri əks etdirirdi. Eyni zamanda, bu çərşənbələr və bayram Azərbaycan mətbəxinin, xüsusilə, şirniyyat mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb.  

Bayramda keçirilən oyunlar və mərasimlər də xüsusi əhəmiyyət daşıyırdı. Kosa və Keçəl tamaşaları, el oyunları, xalq mahnıları və rəqslər insanların bir araya gəlməsinə, sosiallaşmasına və birlik ruhunun möhkəmlənməsinə xidmət edirdi. Rəqslər yalnız əyləncə deyil, eyni zamanda insan sağlamlığı üçün də faydalı hesab olunurdu, qan dövranını yaxşılaşdırır, bədənin aktivliyini artırırdı.

Bayram ənənələri arasında subay qızların fal açması, gənclərin papaqatdı mərasimi də mühüm yer tutur. Papaqatdı yalnız şirniyyat toplamaq üçün deyil, həm də gənclərin bir-birini bəyənməsi üçün yaradılmış simvolik bir vasitə idi.

Xüsusilə İslamdan sonra məhdudlaşan ünsiyyət formalarının fonunda bu kimi adətlər gənclərə müəyyən sosial imkanlar yaradırdı.

Bayramda tonqal qalamaq, onun üzərindən tullanmaq, evləri təmizləmək, müxtəlif oyunlar keçirmək kimi adətlər yeni ilə həm fiziki, həm də mənəvi cəhətdən təmiz şəkildə daxil olma ideyasını təbliğ edirdi.

Bu ənənələr daha çox kənd yerlərində qorunub saxlanılsa da, sonralar şəhərlərdə də geniş yayılıb. XX əsrin 60-cı illərindən etibarən Novruz bayramı dövlət səviyyəsində və ümumxalq bayramı kimi qeyd olunmağa başlanıb. Bu isə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayıb.

Novruz həm də musiqi, geyim, zərgərlik, rəqs və mətbəx kimi sahələrin inkişafına təkan verib. Bayram günlərində bu sahələr üzrə yeniliklər nümayiş etdirilib və xalq yaradıcılığı daha da zənginləşib”.

Kulturoloq əlavə edib ki, müasir dövrdə bəzi ənənələr virtuallaşıb:

“Müasir dövrdə bəzi əadətlər qismən virtuallaşsa da, insanlar sosial şəbəkələr vasitəsilə səməni, qoğal, şəkərbura kimi bayram atributlarını paylaşaraq bu dəyərləri yaşatmağa davam edirlər. Gənc nəsil arasında bəzən bu adətlərə maraq zəifləsə də, xaricdə yaşayan azərbaycanlılar Novruz ənənələrini daha fəal şəkildə qoruyur və təbliğ edirlər.

Diaspor təşkilatları vasitəsilə Novruz bayramı, onun mətbəxi, rəqsləri və mərasimləri dünya ictimaiyyətinə təqdim olunur. Bu isə Azərbaycan mədəniyyətinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Əbilov əlavə edib ki, Novruz bayramı yalnız mənəvi dəyər deyil, eyni zamanda iqtisadi imkanlar yaradan mühüm platformadır:

“Gələcəkdə Novruz ənənələrinin daha geniş şəkildə təbliği, onların kreativ yanaşmalarla gənclərə çatdırılması vacibdir. Bayramın karnaval formatında təşkili həm daxili, həm də xarici turizmin inkişafına təkan verə bilər. Bununla yanaşı, xidmət sahələri, o cümlədən otelçilik, nəqliyyat, logistika və qida sənayesi də bu prosesdən faydalana bilər.

Digər xalqlara da bu dəyərləri nümayiş etdiririk və hesab edirəm ki, bunu daha da genişləndirmək mümkündür. Həm daxili, həm də xarici turizmin inkişafı üçün Novruz bayramı ənənələrini karnaval formatında, eyni zamanda kreativ mədəniyyətin bir hissəsi kimi gənc nəslə çatdırmalıyıq. İnsanlarımız bundan həm mənəvi, həm də maddi fayda əldə etməlidir.

Turizm inkişaf etməli, xidmət sahələri genişlənməli, otelçilik, nəqliyyat, logistika və qida sənayesi məhz Novruz bayramı vasitəsilə daha da gücləndirilməlidir. Bu bayram insanlara sevinc, xoşbəxtlik gətirməklə yanaşı, həm də iqtisadi baxımdan gəlir mənbəyinə çevrilməlidir. Eyni zamanda, Azərbaycan həqiqətlərini və milli bayramlarımızı dünyaya tanıtmaqla, dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlını bir araya gətirmək mümkündür.

Bu yolla biz həm soydaşlarımızı birləşdirə, həm də Azərbaycanı dünya xalqlarına daha yaxından tanıda bilərik. Onu da qeyd etmək lazımdır ki, gənc nəsil bu istiqamətdə artıq daha kreativ yanaşmalar nümayiş etdirir. Məktəblilər və tələbələr müxtəlif bölgələrə səfərlər edir, kollektiv şəkildə bayramlaşır, maraqlı təşəbbüslərlə çıxış edirlər.

Bununla yanaşı, gənclər qocalar evlərinə, uşaq evlərinə, internat məktəblərinə gedərək bayram sovqatları aparır, həm şəhərdə, həm də bölgələrdə bayram əhval-ruhiyyəsinin formalaşmasına töhfə verirlər.

Bu gün isə vəziyyət fərqlidir. Artıq biz bu bayramları daha geniş, daha dolğun və daha böyük sevinc hissi ilə qeyd etmək imkanına malikik. Çünki biz qələbə qazanmış bir xalqın nümayəndələriyik və Novruz bayramı da həmin xalqın ruhunu, birliyini və gücünü ifadə edən mühüm simvollardan biridir”.

Əsmətxanım Rzazadə

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

https://yenisabah.az/enene-yox-olur-yoxsa-deyisir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir